“Şərq tərəfdaşlığı” fiaskoya uğrayır

6-05-2015, 15:49           
“Şərq tərəfdaşlığı” fiaskoya uğrayır
Avropa İttifaqının (Aİ) mayın 21-22-də Riqada keçiriləcək “Şərq tərəfdaşlığı” sammitinin yekun bəyannaməsinin layihəsi Moskvanı qıcıqlandırmamaq üçün dəyişdirilib.

Virtualaz.org saytı “Röyter”ə istinadən xəbər verir ki, layihədə təşəbbüsə qoşulan ölkələrdən Azərbaycan, Ermənistan, Gürcüstan, Belarus və Moldova üçün hər hansı ciddi təklif yer almır. Bunun səbəbi Kremli qızışdırmaqdan çəkindirməkdir.

Bəyannamə layihəsində Ukrayna ilə imzalanmış Assosiasiya sazişinin həyata keçirilməsinin təxirə salınmasına dair Rusiyanın tələbinin Avropa İttifaqı tərəfindən müzakirəyə açıq olduğu göstərilir.

Ukrayna hökumətindəki mənbə bildirib ki, Rusiya ötən il imzalanmış Assosiasiya sazişinin qüvvəyə minməsinin ən azı bir il təxirə salınmasını tələb edir. Aİ isə buna qarşı çıxır və razılaşmanın yerinə yetirilməsini özünün yüksək prioriteti hesab edir.

Bununla belə bəyannamədə deyilir ki, Aİ Rusiyanın narazılıqlarını müzakirə etməyə hazırdır.

Bəyannamə layihəsində həmçinin deyilir ki, Aİ Ukrayna və Gürcüstanla viza rejimini ləğv etməyi təxirə salır. Hesab edir ki, bu ölkələr viza rejiminin ləğvi üçün daha çox islahatlar aparmalıdır. Bundan əvvəl Aİ “Şərq tərəfdaşlığı”na qoşulan ölkələrdən ancaq Moldova ilə viza rejimini ləğv edib.

Rusiyanın Aİ-dəki səfiri Vladimir Çijov “EuObserver” portalına açıqlamaslnda rəsmi Moskvanın Ukrayna ilə imzalanmış Assosiasiya sazişinin qüvvəyə minməsinin təxirə salınmasını istədiyini təsdiqləyib.

Səfir bildirib ki, Avropa İttifaqına müraciət edərək Assosiasiya sazişinin ticarətlə bağlı hissəsinin 2017-ci ilədək təxirə salınmasını istəyib.

Məlum olduğu kimi, 2014-cü ilin sentyabrında Aİ ilə Ukrayna arasında Assosiasiya sazişi imzalanıb, lakin Rusiyanın istəyi ilə sazişin qüvvəyə minməsi 2016-cı ilin yanvarına qədər təxirə salınıb.

Səfir Çijov bildirib ki, onun təşəbbüsünə Aİ ölkələrindən dəstək vermək istəyən yoxdur. Rəsmi Brüssel israr edir ki, saziş 2016-cı il, yanvarın 1-də qüvvəyə minsin.

Xatırladaq ki, “Şərq tərəfdaşlığı” təşəbbüsü Ukraynanın indiki aqibətinin əsas baiskarıdır. 2013-cü ilin payızında Viktor Yanukoviç Moskvanın təzyiqləri qarşısında Aİ ilə Assosiasiya sazişinin imzalanmasını təxirə salan qərar qəbul edəndə Qərb onun hakimiyyətinin devrilməsi ilə nəticələnən Avromaydan hərəkatını başlatdı. Rusiya isə bu çevrilişə cavab olaraq Krımı ilhaq etdi, ardınca Donbasda qanlı müharibəyə və Ukraynanın cənub-şərq ərazilərinin xeyli hissəsinin faktiki itirilməsi ilə nəticələnən separatçı hərəkatı başlatdı.

Ukraynanın yeni hakimiyyəti Donbasda qanlı müharibənin getdiyi bir vaxtda Assosiasiya sazişini imzalasa da Rusiyadan ehtiyat edərək onun qüvvəyə minməsini ləngidiblər.

“Şərq tərəfdaşlığı”nın Riqa sammitinə Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna və Moldova prezidentləri dəvət olunub. Belarusa da dəvət göndərilib, ancaq dəvətin konkret kimə ünvanlandığı açıqlanmır.

Sammitin əhəmiyyətsiz toplantıya çevriləcəyi bəribaşdan aydındır. Çünki Brüssel Rusiya prezidenti Vladimir Putini daha da qızışdırmamaq üçün sammitin yekun bəyannaməsini redaktə edib.

Xatırladaq ki, bu günlərdə Rusiya XİN-in rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç “Şərq tərəfdaşlığı” sammitinə qatılmaq istəyən ölkələri hədələyib. Aleksandr Lukaşeviç bildirib ki, Moskva “Şərq tərəfdaşlığı”nın may ayında Riqada keçiriləcək sammitini anti-Rusiya aktı hesab edir və buna “kifayət qədər sərt, prinsipial” reaksiya verəcək.

Diplomat əlavə edib ki, rəsmi Moskva sammitə “olduqca mənfi” yanaşır, bununla belə Rusiya XİN sammitin gedişini izləyəcək.

“Lakin artıq aydındır ki, bizim mövqeyimiz kifayət qədər sərt və prinsipial olacaq. Çünki biz görürük ki, bu tərəfdaşlıq hara gedir və bu proqramın iştirakçılarının, hər şeydən əvvəl Avropa İttifaqının mövqeləri nəzərə alınmaqla kənardan hansı çalarlar kəsb edir”- deyə Lukaşeviç bildirib.

Azərbaycan prezidentinin bu sammitə qatılıb-qatılmayacağı hələ məlum deyil.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.