Firudin Cəlilov doğum günündə bəyanatla çıxış etdi

7-05-2015, 03:16           
Firudin Cəlilov doğum günündə bəyanatla çıxış etdi
Bu gün görkəmli türkoloq alim, filologiya elmləri doktoru, professor Firudin Cəlilovun anadan olmasının 68 ili tamam olur.
Bu münasibətlə professor Moderator.az-a geniş müsahibə verib. Ancaq hələlik həmin müsahibədən bir hissəni oxuculara təqüdim edirik. Daha doğrusu, F. Cəlilov söhbət əsnasında bildirib ki, elə Moderator.az vasitəsilə Birinci Avropa Oyunlarının əhəmiyyəti barədə bəyanatla çıxış etmək niyyətində imiş, ondan müsahibə istəməyimiz yerinə düşüb:

"Ümumiyyətlə, Birinci Avropa oyunları millətimizin və dövlətimizin tarixində çox mühüm bir hadisədir. Bu oyunlarla bağlı xoşagəlməz söhbətlərin və yazıların da şahidiyik. Amma biz bir şeyi bilməliyik ki, bu oyunlar daha çox siyasi mahiyyət daşıyır və ölkəmizin haqq səsinin, ədalətli mövqeyinin tanınması, işğala məruz qalan bir ölkə olmağımız, bütün dinlərə hörmət edən misilsiz tolerant, hətta Avropanı geridə qoyan mədəniyyətə sahib bir xalq olduğumuzu Azərbaycana təşrif buyuran, yaxud bu oyunları ekran arxasından izləyən yüz milyonlarla xaricilərin bilməsi baxımından müqayiəsolunmaz fürsətdir.
Bu gün tikilən idman qurğuları millətə qalır və qarşıdakı onilliklər ərzində də ölkəmizdə çeşidli idman tədbirləri keçirmək üçün artıq oturuşmuş infrastruktura sahib olan bir ölkə statusu alırıq. Təkcə idmançılar deyil, on minlərlə, yüz minlərlə qonaq Azərbaycana gələcək, ölkəmizi yaxından tanıyacaqlar. Adətən Azərbaycan kimi yenicə müstəqillik qazanmış ölkələr və xalqlar dünya miqyasında tanınmaq, səsini eşitdirmək üçün çoxsaylı yollar arayırlar. Bu yollardan ən kəsərlisi də bu cür möhtəşəm idman tədbirlərinə ev sahibliyi etməkdir. Milli maraqların daşıyıcısı olan bir adam kimi təklifim budur ki, biz millət olaraq iqtidarlı-müxalifətli bu oyunların çox yüksək səviyyədə keçirilməsi üçün əlimizdən gələni əsirgəməməliyik. Unutmaq olmaz ki, bu bir ümummilli tədbirdir və onun uğuru da, nöqsanı da hakimiyyətin deyil, Azərbaycan xalqının və dövlətinin adına yazılacaq. Mən fürsətdən istifadə edərək hər kəsə səslənirəm ki, çəkilən bu boyda zəhmətin və xərcin hədər getməməsi üçün ümummilli mənafe naminə siyasi iddialarımızdan imtina edək, bu oyunlar Azərbaycanın tarixinə qızıl hərflərlə yazılsın. Oyunlar başa çatandan sonra hər kəs öz haqlı bildiyi mövqeyin üzərində dayansın və bunun uğrunda mübarizəsini davam etdirsin. Amma indiki məqamda bu mübarizə kəmfürsətlik kimi qəbul edilə bilər. Ona görə də ümid edirəm ki, siyasi ambisiya deyil, humanizm qələbə çalacaq və Azərbaycanın uğurunu həzm edə bilməyən qlobal güclərin əlinə dəstəvüz verməyəcəyik."












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.