Ağsu sakinləri deputatlarını axtara axtara qalıblar
7-05-2015, 15:57
Ağsu rayonundan olan bir qrup seçici bu rayondan olan deputat Ərəstun Cavadovun ötən seçki öncəsi yalançı vədlər verib aradan çıxmasına, beş ilə yaxındır seçiciləri aldatmasına etiraz olaraq rayon İcra Hakimiyyətinə şikayətə gedib.
Bununla bağlı informasiya Editor.az-a rayondakı mənbələrdən daxil olub.
Mənbənin sözlərinə görə, əvvəlcə seçiciləri yaxına buraxmaq istəməyən rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev sayın çoxluğunu və şikayətçilərin təkidli tələblərini görüb, onları qəbul edib.
Görüşdə seçicilər açıq şəkildə bildiriblər ki, onları təmsil edən deputat Ərəstun Cavadov seçildiyi dövrdən bugünədək bir dəfə də olsun seçicilərlə görüş keçirməyib. Seçicilərdən daxil olan heç bir müraciətə cavab verməyib.
Şikayətçilərin tələblərini dinləyən icra başçısı “Elədirsə, ona səs verməyin” deyib, vətəndaşları yola vermək istəsə də, seçicilərin “Hər yerdə deyir ki, siz səs versəniz də, verməsəniz də, mən artıq deputatam” arqumenti qarşısında Ənvər Seyidəliyev özündən çıxıb. O, “Siz səs verməsəniz, Ərəstun seçilməyəcək” deyərək, seçiciləri sakitləşdirməyə çalışıb.
Bundan sonra icra başçısının deputata zəng etdiyi, biznesmen-deputatın seçiciləri dediyi sözü ona da deməsi mübahisəyə səbəb olub.
Sonda icra başçısı “Ya seçicilərlə görüş, ya da səndən şikayət edəcəm” deyərək, dəstəyi asıb.
Editor.az məsələyə Ağsu rayon İcra Hakimiyyətindən münasibət öyrənmək istəsə də, İcra Hakimiyyətinin web-saytında yerləşdirilən (+994 20) 226 50 94 telefona cavab verən olmayıb.