İran "Təbrizin sehrli nağılları"ndan niyə qorxur?

29-07-2022, 09:56           
İran "Təbrizin sehrli nağılları"ndan niyə qorxur?
İsrailin Azərbaycandakı səfiri Corc Dikin reklamını etdiyi "Təbrizin sehrli nağılları" kitabını oxuyuram. Kitab orta əsrlərdə Təbriz miniatür məktəbindən bəhs edir.
İran rəsmilərinin bu kitabı daş-qalaqla qarşılamalarının səbəbini anlaya bilmirəm. Sadəcə adındakı Təbriz sözündənmi qaynaqlanır bu etiraz?
Kitabı oxuduqca İran rəsmilərinin etirazı mənə Rəcəb Tayib Ərdoğanın Bakıda keçirilən Zəfər paradında Araz çayı ilə bağlı səsləndirdiyi bayatının o tayda yaratdığı əks-sədanı xatırlatdı. Bir bayatını görə az qala İranı parçalamaq cəhdi kimi qiymətləndirən rəsmi Tehran nə qədər ki Araz, Təbriz sözlərindən dəhşətli dərəcədə qıcıqlanırsa, onun böyümə şansı yoxdur. İran öz mənasız Türk düşmənçiliyi siyasətindən vaz keçməli və Türk mədəniyyət dairəsinə geri qayıtmalıdır. Unutmamalıdır ki, 1000 ilə yaxın bu mədəniyyət dairəsinə liderliyi məhz bu dövlətin ərazilərində yaşayan Azərbaycan Türkləri etmiş və İran özünün ən möhtəşəm tarixini məhz həmin dövlətlərin dövründə yaşamışdır. Türk mədəniyyət sahəsi bu gün də İranın qarşısında ən mükəmməl böyümə formatı olaraq dayanır və istəsə də, istəməsə də bir gün bu qatara qoşulacaq.
İran öz dargörüşlü siyasəti ilə bu qatarın lokomotivi olmaq şansını qaçırıb. Bu israrlı mövqeyini davam etdirdikcə, ilk vaqonlardan biri olmaq şansını da itirəcək və qatarın ən son vaqonuna çevrilmək durumunda qalacaq. Halbuki, 1000 il boyu Türk dünyası qatarının lokomotivi İran olmuşdu, yerləşdiyi geosiyasi məkan və əhalisinin milli-etnik tərkibi baxımından bu potensialını indi də qoruyur, heç vaxt da itirməyəcək. Sadəcə, molla əmmaməsi qoyan fars rejimi ölkənin bu yüksək potensialına təhlükə mənbəyi kimi baxır, hətta adi bir mədəniyyət tarixindən bəhs edən kitabdan belə, ehtiyatlanır.
Heydər Oğuz
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.