4 çıxarılma, 26 istefa- Müsavatın son durumu
13-05-2015, 12:35
Son günlər Müsavat Partiyasından istefa verənlərin sayı çoxalıb. “Qafqazinfo” xəbər verir ki, bu addımı atanlar prosesin başlanmasına səbəb kimi Vurğun Əyyubun partiya sıralarından çıxarılmasını əsas gətirirlər.
Belə ki, mayın 4-də partiyanın Binəqədi təşkilatının özəyinin keçirdiyi toplantıda Vurğun Əyyub partiyadan çıxarılıb. V. Əyyubun partiya sıralarından çıxarılmasına etiraz olaraq tanınmış müsavatçılar Adil Qeybulla, Boran Əziz partiyadan istefa verdiklərini açıqladılar. Ötən həftə isə partiyanın Suraxanı və Nizami rayon təşkilatının üzvləri partiyanın qərargahı qarşısında etiraz aksiyası keçirdi. Bundan sonra Partiya Divanının verdiyi qərarla Suraxanı rayon təşkilatının sədri Rövşən Dəmirli, üzvlər Rahib Mirələmov və Əli Qasımlı partiyadan xaric edildi.
Müsavatın Nizami rayon təşkilatının sabiq sədri, partiya başqanının sabiq müşaviri Nizaməddin Quliyev, Müsavat Partiyası Məclisinin sabiq üzvü, tanınmış vəkil Mirismayıl Hadi da partiyadan istefa verənlər sırasındadır.
Bu gün isə partiyanın Nizami rayon təşkilatının 22 nəfər üzvü “Report” informasiya agentliyinə göndərdikləri bəyanatlarında partiyadan istefa verdiyini açıqlayıblar.