Prezident İlham Əliyev və xanımı Bakıda dənizkənarı yolun açılışında iştirak ediblər
15-05-2015, 21:31
Mayın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakının Nobel qardaşları prospektinə paralel inşa olunmuş dənizkənarı yeni yolun açılışında iştirak ediblər.
“Azvirt” Məhdud Məsuliyyətli Cəmiyyətin sədri Kamil Əliyev dövlətimizin başçısına yeni avtomobil yolu, buradakı yol qovşaqları, mühəndis qurğuları və yeraltı piyada keçidləri barədə məlumat verdi. Qeyd edildi ki, 8 zolaqlı yol ən müasir tələblər səviyyəsində və yüksək keyfiyyətlə inşa edilib. Yolun hərəkət zolaqlarının eni 3,75 metrdir. Yeni yol Ağ Şəhər bulvarının yaxınlığında yerləşir. Burada istirahət edən insanların təhlükəsizliyi üçün yolun tikintisi zamanı hər birinin eni 8 metr olmaqla 3 piyada keçidi də inşa olunub.
Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.
Yeni yolun Ağ Şəhər yaşayış massivi yaxınlığında yerləşməsi keçmişdə “Qara şəhər” adlanan ərazinin dövlətimizin başçısının tapşırığına əsasən tamamilə abadlaşdırılması və yeni görkəm alması istiqamətində görülən mühüm işlərin davamlı olduğunu nümayiş etdirir. Bu yolun inşası təkcə sosial məna daşımır, bunu həm də Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsinə töhfə kimi də qiymətləndirmək olar. Bütün bunlarla yanaşı, yeni yol həm də paytaxtın yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində görülən işlərin tərkib hissəsidir.