İlham Əliyev sözünü dedi: "Avropa Oyunları və başqa böyük tədbirlər bu cür faciə qarşısında heçə bərabərdir. "
21-05-2015, 20:41
Prezident İlham Əliyevin rəhbərliyi ilə Bakıda baş verən yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının ilk iclası yerli və xarici mətbuatın diqqət mərkəzindədir.
Dövlət başçısının çıxışından irəli gələn nəticə ondan ibarət idi ki, bir çox məmurlar hamını, hətta onları bu vəzifələrə təyin edən prezidentin özünü də yalan danışırlar:
"Məsələlər və günahsız insanların ölümündə əli olan bütün qurumlar, bütün insanlar cəzalandırılacaq, cəza da çox ciddi olacaq. İlkin versiya ondan ibarətdir ki, keyfiyyətsiz materiallardan istifadə olunub. Ancaq bu materiallardan neçə ildir ki, Bakıda istifadə edilir. Mənə verilən bəzi məlumatlara görə, ilkin mərhələdə istifadə olunan materiallar sanki yüksək keyfiyyətə malik idi, amma sonrakı mərhələdə artıq bu materialların tərkibində təhlükəli maddələr aşkarlanıb. Əgər belədirsə, onda bu barədə də rəsmi rəy bildirilməlidir".
Ən maraqlı məqamlardan biri də o idi ki, hind filmlərinin mənfi qəhərmanını xatırladan baş nazirin müavini Abid Şərifov digər binalardakı ölüm maşınını xatırladan üzlüklərin beynəlxalq yarışmaya qədər sökülməsinin mümkün olmadığını bəyan etdi.
İlham Əliyev bunun Avropa Oyunları ilə heç bir əlaqəsi olmadığını söylədi: "Üzlükləri söküb, bərpa etməmək də olar. Avropa Oyunları və başqa böyük tədbirlər bu cür faciə qarşısında heçə bərabərdir. Bu cür üzlüklərlə üzlənən binalardan dərhal nümunələr götürülməlidir. Əgər orada təhlükə varsa, oda davamlı deyilsə, dərhal sökülməlidir. Bunu maksimum 1-2 həftəyə etmək olar".
Prinsipcə, məmurlar ordusu ikinci zərbənu almış oldu. 6 milyard manatın mənimsənilməsnə görə həyata keçirilən həbslərdən sonra məsuliyyətsiz məmurların işdən azad ediləcəkləri günün uzaqda olmaması mesajını cəmiyyətə ünvanlanmış oldu.
Ehtimal etmək olar ki, istər 6 milyard manatın mənimsənilməsi, istərsədə yanan binaya görə bir sıra məmurlar öz postları ilə vidalaşmalı olacaqlar.
O da istisna deyil ki, həbslər dalğası davam edəcək. Görünən budur ki, Avropa Oyunlarından sonra kadr dəyişiiklikləri geniş miqyaslı hal alacaq. İcra hakimiyyətləri başçıları, nazirlər, komitə sədrləri oyundan kənar vəziyyətə salınacaqlar. Son hadisələr göstərdi ki, mövcud komanda da ciddi dəyişikliklər etmədən qarşıdan gələn parlament seçkilərində iştirak etmək çətinləşir. Hakim komandanı yalnız prezidentin şəxsi nüfuzu xilas edir. Məmurlar isə artıq yükə çevriliblər və onlardan xilas olmağın vaxtı çoxdan çatıb.
Baş verənlər istər idarəetmənin, istər siyasi müstəvinin, istərsə də siyasi təhlil mərkəzlərinin bütün qüsurlarını daha qabarıq şəkildə üzə çıxartdı. Görünən bir həqiqət var - xalq bəzi məmurların harınlığından artıq bezib.
Məmurlar ölkənin bütün istirahət zonalarını və paytaxtın ən bahalı yerlərini əhalidən “su qiymətinə” satın alır və əraziləri çəpərləyirlər. Bakı və rayonlar get-gedə yerli sakinlərin üzünə qapadılır. Azərbaycan bütövlükdə oliqarx-məmurların kef oylağına, yerli sakinlərin isə həbsxanasına çevrilməkdədir. Bütün bunlar acınacaqlı sonluqla başa çata bilər. Əhalisi get-gedə boşalan rayonlar məmurlar üçün dəbdəbəli həyata, əhali üçün isə əzaba dönür.
Aydın olan odur ki, məmur oliqarxlar sabitliyin pozulmasında katalizator rolu oynamaqda davam edir. Elə dövlət başçısı da çıxışında bunun anonsunu verirdi.
Yeganə yol – başlanan islahatların daha da dərinləşdirilməsidir. Bəzi məmur-oliqarxlarla islahatlara getmək isə imkansız kimi görünür. Təcili tədbirlər planı həyata keçirilməli və son dərəcə radikal kadr islahatlarına başlamaq lazımdır. Yanan bina ağır bir siqnal oldu.
Avropa.info