Pənah Hüseyn “İbrahimbəyov-2" ssenarisindən danışdı

27-05-2017, 09:19           
Pənah Hüseyn “İbrahimbəyov-2" ssenarisindən danışdı
AXP sədri: “Azərbaycanda indiki situasiya 2013-cü ildəkindən əhəmiyyətli şəkildə fərqlənir”

Azərbaycanda 2018-ci ildə keçiriləcəyi gözlənilən prezident seçkiləri ilə bağlı indidən müxtəlif iddialar səslənməkdədir. Bunlardan biri də Rusiyanın bu seçkilərə təsir etməkdə maraqlı olması ilə bağlıdır. Son günlər bəzi siyasətçilər və ekspertlər bildirirlər ki, Moskva 2018-ci il seçkilərində Azərbaycan daxilində rusiyapərəstlərdən ibarət çox ciddi problem yaradan güc formalaşdıra bilər və qüvvə 2013-cü ildəki “İbrahimbəyov ssenarisi”ndən güclü olacaq.


Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn isə hesab edir ki, Rusiyadan müəyyən təzyiq xarakterli addımlar olsa da, Kremlin Azərbaycanda hakimiyyəti dəyişmək istəyində olması, bunun üçün hansısa ssenari hazırlaya biləcəyi barədə iddialar ona inandırıcı görünmür. Onun sözlərinə görə, Azərbaycanda iqtidarda hansı siyasi qüvvənin olmasından asılı olmayaraq daim Rusiya öz maraqlarını təmin etmək üçün addımlar atıb və atır. Bundan sonra da belə olacaq: “Moskva Cənubi Qafqazda, o cümlədən Azərbaycanda öz təsir imkanlarını qoruyub saxlamağa, genişləndirməyə həmişə çalışır. Bu, məsələnin ümumi tərəfi, amma hazırda Azərbaycan hakimiyyəti xeyli dərəcədə Rusiyaya yaxındır, Rusiyanın maraqları burada təmin olunur, hakimiyyət Rusiyanın maraqları əleyhinə kurs həyata keçirmir. Hakimiyyətin daxilində kifayət qədər güclü rusiyameylli siyasi kurs mövcuddur. Bütün bunları nəzərə alsaq, güman eləmirəm ki, Kreml Azərbaycanda indiki iqtidarın dəyişməsində birmənalı şəkildə maraqlı olsun. Rusiya Azərbaycanda hazırkı hakimiyyətin dəyişməsində maraqlı deyil. Şübhəsiz ki, Azərbaycanda hansı siyasi qüvvənin, kimin hakimiyyətdə olmasından asılı olmayaraq Moskvadan təzyiq mühiti həmişə saxlanılıb və saxlanılacaq. İndi də təzyiqlər var. Amma bu təzyiqlər və ola biləcək hansısa təzyiqlər hakimiyyətin dəyişməsi üçün deyil. Ona görə də mən kimlərinsə Rusiyanın 2018-ci ildə Azərbaycan iqtidarını dəyişməyə çalışacağı barədə irəli sürdüyü fikirləri qondarma, əsassız hesab edirəm”.


Pənah Hüseyn qeyd etdi ki, ölkəmizin siyasi kursu dəyişərsə, iqtidar daxilində geosiyasi kursun dəyişilməsi müşahidə olunarsa, nəzəri baxımdan yanaşılsa, Rusiyanın ciddi təzyiq üçün hansısa ssenarini hazırlayıb işə salması mümkündür. Lakin bu gün hansısa kurs dəyişikliyi ortada yoxdur: “Azərbaycanda indiki situasiya 2013-cü ildəkindən əhəmiyyətli şəkildə fərqlənir. O dövrdə ”ərəb baharı" prosesi davam edirdi. Postsovet məkanında narıncı inqilabların olacağından ehtiyat edilirdi. Ona görə də müəyyən ssenarilərin olduğu müşahidə edilirdi. Lakin indi belə bir əsas yoxdur ki, Rusiya seçkilərlə bağlı 2013-cü ildəki kimi hansısa ssenarini işə salsın. Azərbaycan iqtidarı Rusiyanın maraqlarına qarşı addımlar atmır. Azərbaycan iqtidarı daxilində siyasi kurs məsələsində antoqonist qüvvələrin olduğu qənaətində deyiləm. Məsələlər iqtidarın özü tərəfindən xeyli dərəcədə idarə olunur, balanslaşdırılır. Vəziyyətdən asılı olaraq bu və ya digər qüvvənin önə çıxması kimi məsələlər ara-sıra müşahidə olunur, lakin bu, hakimiyyətin ümumi kursunu dəyişmir".


P.Hüseyn onu da dedi ki, 2018-ci il seçkilərinin taleyüklü məsələ olduğu qənaətində deyil: “Ölkədə seçki ilə iqtidar dəyişikliyi mümkünsüz vəziyyətə gəlib çatıb. Ona görə də təəssüf ki, əvvəl-axır ciddi siyasi sarsıntılar, inqilabi proseslər olacaq. Bunun konkret nə vaxt, necə və hansı qüvvələr tərəfindən olacağını isə indi söyləmək çətindir”.


“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev moderator.az-a bildirib ki, Rusiya həmişə ölkəmizdəki seçkilərə təsir etməyə çalışıb. Lakin Mehman Əliyev hesab edir ki, ABŞ-ın bu məsələdə ölkəmizə təsir etmək imkanı Rusiyadan daha çoxdur: “2013-cü ilin yayında Vladimir Putin Bakıya gəlmişdi. Onun səfəri hərbi komponentlə müşahidə olunurdu. Rusiyanın hərbi gəmiləri Bakı sahillərində dayanmışdı. Lakin Azərbaycandakı seçkilərdə əsas rolu ABŞ oynayır. Rusiya isə ABŞ-ın bu məsələdə vasitəçisidir”.musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.