Putinin Azərbaycan prezidentinə yazdığı məktubdakı ilginc məqamlar

27-05-2017, 09:21           
Putinin Azərbaycan prezidentinə yazdığı məktubdakı ilginc məqamlar
Siyasi təhlilçilərin “son məktub”la bağlı mövqeləri fərqlidir; “Rusiyanın davranışlarında situasiyaya uyğun qabarma və çəkilmələr hər zaman olub”


Son zamanlar Rusiya-Azərbaycan münasibətlərində soyuq küləklərin əsməsinin fonunda Rusiya prezidenti Vladimir Putinin Azərbaycan prezidenti İlham Əliyevə 28 may-Respublika günü münasibətilə ünvanlandığı təbrik məktubu daha çox diqqət cəlb etdi.


Putin təbrik məktubunda həmçinin qeyd edib ki, Rusiya-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq ruhunda dinamik inkişaf edir: “Bütün səviyyələrdə məzmunlu siyasi dialoq, müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq tənzimlənib. Əminəm ki, birgə səylərimizlə ikitərəfli əməkdaşlıq əlaqələri kompleksini bundan sonra da inkişaf etdirəcəyik. Bu, regional sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi məcrasında ölkələrimizin dost xalqlarının köklü mənafelərinə uyğun olaraq cərəyan edir...”


Göründüyü kimi, Rusiya dövlət başçısı burada heç nə olmamış kimi davranıb. Sanki Rusiya XİN rəhbərliyinin son zamanlar sərgilədiyi anti-Azərbaycan mövqeyindən xəbərsizdir. Düzdür, adətən dövlət bayramları ilə bağlı təbriklər protokola uyğun olaraq yazılır. Lakin bir sıra hallarda biz korrektələrin də şahidi oluruq. V.Putinin məktubunda isə həm Azərbaycan prezidenti, həm xalqı, həm də müstəqil dövlətimizlə bağlı sayğı özünü qabarıq göstərir. Bir məqam xüsusilə diqqət çəkir. “Sizin ölkəniz dünya arenasında haqlı olaraq nüfuz qazanıb, beynəlxalq gündəlikdəki aktual məsələlərin həllində mühüm rol oynayır”. Bununla Putin problemləri arxivə göndərib Bakı ilə normal münasibətləri davam etdirməkdə qərarlı görünür, ölkəmizin önəmini etiraf edir, ya başqa səbəb var?


Politoloq Arzu Nağıyev bildirdi ki, Putinin Azərbaycan haqqında dediyi bu fikirlər həm protokola uyğundur, həm də ciddi məna kəsb edir: “Məlum məsələdir ki, Azərbaycan və Rusiya arasında böyük həcmli müqavilələr mövcuddur və müxtəlif istiqamətdə əməkdaşlıq edirik. Əsas məqamlardan biri Azərbaycanın bir sıra Rusiyanın maraq dairəsində olan dövlətlərlə çox mühüm əlaqələri var və Rusiya üçün vasitəçi rolunda çıxış edə biləcək Azərbaycan böyük əhəmiyyətə malikdir”. Ekspert qeyd etdi ki, digər tərəfdən, Azərbaycan bu gün karbohidrat ixracatçısı kimi Avropanın və dünyanın enerji təhlükəsizliyinə iştirak edən dövlətdir: “Bununla yanaşı, böyük beynəlxalq tədbirlərə çox məharətlə ev sahibliyi edən və tam şəkildə təhlükəsizliyini təmin edən dövlət kimi Azərbaycan Rusiya üçün mühüm əhəmiyyətli dövlətdir. Ən əsası isə biz həmsərhəd dövlət və qonşuyuq, Rusiyada müsəlman inanclı 11 federasiya subyekti var. Bir sözlə, cənab Putin bunları tam şəkildə nəzərə alaraq bu sözləri deyir. Təbii ki, Rusiya Azərbaycanla münasibətləri müsbət məcraya yönəltməlidir, çünki hazırda dünyada gedən proseslərə baxanda bu Rusiya üçün çox böyük önəm kəsb edir”.


“Vladimir Putin Azərbaycan prezidentinə məktubunda, sadəcə, protokol ifadələrdən istifadə edib. Bu ifadələri məktublarında bütün prezidentlər istifadə edirlər”. “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bunu “Yeni Müsavat”a açıqlamasında bildirdi. Siyasi şərhçi dedi ki, bir məktubla iki ölkə arasındakı münasibətlərin istiləşəcəyini düşünmür: “Sözə yox, əmələ diqqət yetirməliyik. Əməldə isə bunları görürük: Azərbaycanın dünyadakı ən böyük diaspor təşkilatı yox olmaq üzrədir, Rusiya Ermənistanın hərbi gücünü artırır, Moskvada Dağlıq Qarabağ separatçılarının bayraqları qaldırılır və s”.


Politoloq Elçin Mirzəbəyli isə dedi ki, Azərbaycanın dünya arenasında nüfuz qazanması danılmaz həqiqətdir: “Əhalisinin sayına və ərazisinə görə böyük olmayan bir ölkənin beynəlxalq gündəlikdəki məsələlərin həllində mühüm rol oynaması bir çox hallarda bunu etiraf edənlərin özündə də qıcıq yaradır. Putinin məktubunda yer alan fikirlər həm etirafdır, həm protokol, həm də reallıq. Adətən heç bir dövlət münasibətlər kritik həddə çatmadan protokoldan kənara çıxmır. Bu baxımdan, Rusiya prezidentinin təbrik məktubunda iki ölkə arasındakı münasibətləri dəqiq ifadə edə biləcək hər hansı bir fikir olduğunu düşünmürəm”. Bununla belə, E.Mirzəbəyli zənn edir ki, münasibətlərdəki gərginliyin arxa plana keçməsi, yaxud müəyyən zaman kəsiyində diqqətdən kənarda saxlanılması mümkündür: “Rusiyanın davranışlarında situasiyaya uyğun qabarma və çəkilmələr hər zaman olub və bundan sonra da olacaq. İndi Azərbaycanda da, regionda da vəziyyət əvvəlki kimi deyil. İndi Rusiyanın Azərbaycana qarşı hər hansı bir kiçik qarşıdurma yaratmaq cəhdləri belə ölkəmizdə ciddi ictimai etirazlarla qarşılanır. Düşünürəm ki, Moskva son nəbz yoxlamasından özü üçün nəticə çıxarıb. Azərbaycanda ”beşinci kolon"un dayaqları çox zəifdir. Rusiya ilə bağlı hər hansı pozitiv fikir belə son zamanlar nifrətlə qarşılanır. Bu isə çox ciddi amildir. Azərbaycanın ictimai rəyi bölgənin barometridir".musavat.com/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.