"Çalışırıq ki, daha çox məhkuma şamil olunan əfv fərmanı imzalansın"
18-09-2015, 10:56
Hər bayram öncəsi cəmiyyətdə məhkumların əfv edilə biləcəyi ilə bağlı ümidlər artır. Bu sərəncamı isə ən çox gözləyənlər təbii ki, məhkum ailələridir. Qurban bayramının yaxınlaşması əfv olacağı ilə bağlı ümidləri yenidən artırıb.
Konstitusiyaya görə əfv sərəncamını imzalamaq prezidentin müstəsna hüququdur. Lakin Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası adlı qurum da fəaliyyət göstərir. Məhz bu qurum məhkumların siyahılarını hazırlayaraq, ölkə başçısına təqdim edir. Onların hazırladıqları siyahı tövsiyə xarakteri daşıyır. Komissiyanın sədri Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevdir.
Bəs Əfv Komissiyası necə fəaliyyət göstərir?
Əfv Məsələləri Komissiyasının fəaliyyəti barədə adıçəkilən komissiyanın üzvü, deputat Məlahət İbrahimqızı danışıb.
O bildirib ki, bayramlardan asılı olmayaraq, komissiya daim fəaliyyət göstərir: “Bizə müntəzəm olaraq müraciətlər daxil olur. Bu dövlət komissiyasının özünün xüsusi əsasnaməsi var. Əsasnaməyə uyğun olaraq, komissiya üzvləri öz işlərini qururlar. Bizə məhkumların qohumları, ailə üzvləri tərəfindən müntəzəm şəkildə ərizələr daxil olur. Daha sonra məhkumluqla bağlı sənədləri toplayırıq və araşdırmalara başlayırıq. Məhkumun cəzaçəkmə müəssisəsində olduğu dövrdə özünü necə aparması, törətdiyi cinayət əməlindən peşmançılığı və digər bu kimi faktlar toplanılır. Eyni zamanda əsasnamənin prinsiplərinə uyğun olaraq, məhkum ona verilən cəzanın müəyyən bir hissəsini çəkməlidir. Yüngül cəza ilə ağır cəza verilənə eyni cür yanaşılmır. Sonda verilən hökmün surətini əldə edirik. Tam material hazırlandıqdan sonra Prezident Administrasiyasında əfv məsələlərini tənzimləyən dövlət sektorunda məhkumlarla bağlı müraciətlər bir daha təhlil olunur. Eyni zamanda məhkumun özünün ərizəsi də tələb edilir. Əgər məhkum törətdiyi əməlin peşmançılığını keçirib əfv olunmasını istəmirsə, onun məsələsinə baxılmır. Hər bir insan kiməsə toxunan zaman belə, ondan üzr istəyir. Məsələyə bu aspektdən yanaşdıqda, cəza törədən məhkum peşmanlığını ifadə edən və əfv olunmağını bildirən ərizə də yazmalıdır”.
M. İbrahimqızı bildirib ki, insanlarda elə təəssürat yaranıb ki, sanki komissiya bayramdan-bayrama işləyir: “Ancaq bu belə deyil. Bizim fəaliyyətimiz daimidir və iclaslarımız da müntəzəm olaraq keçirilir. Sadəcə olaraq, misal üçün, üç məhkumun ərizəsinə görə iclas keçirmirik. Komissiyanın üzvləri tanınmış adamlardır, güc strukturlarının əməkdaşlarıdır. Müəyyən sayda ərizə toplandıqdan sonra iclasın vaxtı müəyyən olunur və keçirilir. İlin demək olar ki, hər ayı ölkəmizdə bir əlamətdar hadisə olur. Bayramlarımız çoxdur. Mətbuatda elə formalaşıb ki, guya komissiya ancaq bayramlarda işləyir. Məsələn, bu ay Qurban bayramıdır, gələn ay müstəqillik günü gəlir. Vətəndaşlara deyə bilmərik ki, bizə ancaq bayramlarda müraciət edin. Onlar istədikləri vaxt müraciət edirlər. Biz də həmin gün müraciətə baxırıq. Bu çox həssas məsələdir. Məhkumu gözləyən onlarla yaxını, qohumu var. Bütün bunları nəzərə alırıq. Həm də dövlətimizin qanununa uyğun olaraq, vətəndaşların müraciətinə baxılmalıdır.
Müraciət alındıqdan sonra onu bizə ünvanlayana cavab da göndəririk. Bir məqam da var ki, məhkum əfv olunan zaman, onun zərər verdiyi qarşı tərəf də buna razı olsun. Ən vacib tərəf də elə budur ki, zərərçəkmiş cinayətkarın əfv olunmasına etiraz etməsin. Bu çox önəmli məqamdır. Hətta qarşı tərəf yazılı qaydada öz razılığını bildirməlidir və bu, notariat kontorları tərəfindən təsdiqlənməlidir. Biz hər il maksimum dərəcədə çalışırıq ki, daha çox məhkuma şamil olunan əfv fərmanı imzalansın. Möhtərəm prezidentimiz də hər zaman çalışır ki, insanlara humanist yanaşsın. Konkret deyə bilmərəm ki, bugünlərdə əfv fərmanı imzalanacaq. Çünki bu bizim səlahiyyətimizə daxil deyil”.
İnsan Haqları üzrə İşçi Qrupunun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu isə bildirib ki, onlar da məhkumların siyahısını hazırlayıblar:
“Biz də məhkumların siyahısını hazırlayıb, Əfv Məsələləri Komissiyasına göndərmişik. Ümid edirik ki, prezident Qurban bayramı ərəfəsində əfv sərəncamı imzalayar və bizim siyahıdakı məhkumların da adı orada olar”.(musavat.com)