Parlamentdə iki Rüstəmxanlı ola bilər...
18-09-2015, 11:04
Noyabrın 1-də keçiriləcək parlament seçkilərində mandat uğrunda yarışacaq namizədlərin sənəd qəbuluna cəmi 14 gün qalıb. Hakim Yeni Azərbaycan Partiyası deputatlığa namizədlərinin siyahısını açıqlayandan sonra bitərəflər və müxalifət təmsilçiləri dairələrini dəqiqləşdirməyə başladı.
Seçkidə iştiraka qərar verən bütün müxalifət partiyalarının sədrləri namizəd olacağı dairəni açıqlayıb. Ən böyük müəmma Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı ilə bağlıdır. VHP sədrinin həyat yoldaşı, “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlıya güzəştə gedəcəyi barədə məlumatlar dolaşsa da, əldə etdiyimiz məlumata görə, Sabir Rüstəmxanlı artıq namizədliyini verib. 72 saylı Yardımlı-Masallı Seçki Dairəsindən qəzetimizə bildirdilər ki, partiya sədrinin sənədləri artıq DSK-ya təqdim olunub. DSK-dan o da deyildi ki, S.Rüstəmxanlının sənədləri təqdim olunsa da, namizədliyi hələ təsdiq edilməyib.
Yada salaq ki, S.Rüstəmxanlı namizəd olub-olmayacağı ilə bağlı həyat yoldaşı Tənzilə Rüstəmxanlı ilə razılaşandan sonra qərar verəcəyini açıqlamışdı:
“Mən deputatlığa namizədliyimi irəli sürməyi düşünürəm. Azərbaycanda belə bir ənənə yaranıb ki, guya ər-arvad, yəni, bir evdən iki nəfər Milli Məclisə seçilə bilməz. Buna görə də, yəqin ki, Tənzilə Rüstəmxanlı həmişə olduğu kimi sonuncu qərarında da mənə güzəştə gedəcək. Keçən dəfə də buna bənzər bir şey olmuşdu, sonda Tənzilə xanım mənə güzəştə getdi. Düşünürəm ki, bu dəfə də eyni vəziyyətdir”.
Əldə etdiyimiz daha bir məlumata görə, “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı da bu gün sənədlərini 42 saylı Sumqayıt ikinci seçki dairəsinə təqdim edib.
Özü isə faktı təsdiqləməsə də, 42 saylı seçki dairəsindən namizədliyini irəli sürə biləcəyini söyləyib. O əlavə edib ki, təmsil olunduğu Vətəndaş və İnkişaf Partiyasında (VHP) onun bu dairədən namizəd olmasını istəyənlər var.
42 saylı Sumqayıt ikinci seçki dairəsinin onun üçün özəlliyinə gəlincə T.Rüstəmxanlı deyib ki, qohumları bu dairədə yaşayır.
Qeyd edək ki, 42 saylı Sumqayıt ikinci seçki dairəsindən hazırki deputat bitərəf deputatı, tarixçi-alim Musa Qasımlıdır. Çox maraqlıdır ki, M.Qasımlı dairəsini dəyişdirərək namizədliyini Sabir Rüstəmxanlının deputat olduğu 72 saylı Yardımlı-Masallı Seçki Dairəsindən verəcəyini bildirib.
Əldə etdiyimiz xəbərə görə, M.Qasımlı 72 saylı dairədən namizədliyini verdiyi üçün S.Rüstəmxanlı risk edib yenidən həmin dairədən namizədliyini vermək istəməyib. Mənbə onu da bildirib ki, VHP sədri sənədlərini DSK-ya göndərsə də, hələ də tərəddüd edir.(teleqraf.com)