Dövlət qurumlarına kommunal təyinatlı texnikalar satan sirli şirkət
Bu gün, 00:08

Naxçıvan Şəhər İcra Hakimiyyəti 1 470 274,1 manat dəyərində 7 ədəd kommunal təyinatlı texnika almağı planlaşdırır.
Qaynarinfo-nun məlumatına görə, qurum bununla əlaqədar elan etdiyi tenderə yekun vurub. Tenderin qalibi "Az-Tex-İmport” MMC seçilib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarından aydın olur ki, "Az-Tex-İmport" MMC 19 iyul 2017-ci ildə qeydiyyata alınıb. 10 manatlıq nizamnamə kapitalı ilə təsis edilən şirkət daha sonra bu məbləği 226 010 manata çatdırıb. Hüqüqi ünvanı Bakı şəhəri Xətai rayonu, Telnov küçəsi, ev 2347/48 mənzil 290-da yerləşən "Az-Tex-İmport” MMC-nin qanuni təmsilçisi İbadullayev İlkin Sahib oğludur. Açıq mənbələrdə İlkin İbadullayev haqqında heç bir məlumata rast gəlinmir.
"Az-Tex-İmport” MMC isə Sumqayıt Texnologiyalar Parkının rezident şirkəti tanınır. Şirkət haqqında məlumatlar məhdud olduğundan onun maddi-texniki bazasının hansı səviyyədə olduğu məlum deyil.
"Az-Tex-İmport” şirkəti dövlət satınalmalarında fəal iştirak edir. Şirkət bundan əvvəl Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin keçirdiyi tenderin qalibi seçilib. "İveco Daily 35S 15/E4 V/P" markalı təcili yardım avtomaşınların cari təmiri üçün tələb olunan ehtiyat hissələrinin və mühərrik yağının satın alınması ilə bağlı keçirilən həmin tender üzrə satınalma müqaviləsinin maliyyə dəyəri 584 820,94 manat olub.