Növbəti illərdə artım üçün "yer edirlər"... Sabit tarifin məqsədi: Yüzminlərlə boş qalmış evə xərac yüklənir

Bu gün, 16:14           
Növbəti illərdə artım üçün "yer edirlər"...
Azərbaycanda qaz və elektriklə bağlı sabit tariflərə bir az da aydınlıq gətirilib. Energetika nazirinin müavini Orxan Zeynallı hər bir abonentə 1 manatdan artıq xərc düşməyəcəyini bildirib. Xəbərə reaksiyalar cəmiyyətdə narazılıq olduğunu göstərir. Çünki insanlar kommunal yükün artmasını istəmirlər, buna hazır deyillər.
Bizimyol.info xəbər verir ki, nazir müavini ümumi xərclərin cəmi 2 faiz artacağını dilə gətirib. O, səbəblər barədə geniş danışmayıb. Amma Milli Məclisin iclasında müzakirə olunan “Qaz təchizatı haqqında” yeni qanun layihəsində yer alan müddəalar məsələ haqqında daha çox söz açır. Buradan məlum olur ki, 2027-ci il yanvarın 1-dən qaz təchizatı sektorunda tənzimlənən qiymətlər tətbiq ediləcək. Yəni qiymətlərin tez-tez artırılmasına indidən zəmin yaradılır.

Yeni qanun layihəsində qazın saxlanma, qazpaylayıcı şəbəkəyə qoşulma xidmətlərindən danışılır. O məsələyə diqqət yönəldilir ki, əslində, tənzimləyici qurum bir çox işləri həyata keçirir, bu da müftə ola bilməz.

Abşeron yarımadasında ölkə əhalisinin az qala yarıdan çoxu məskunlaşsa da, mənzil və evlərin yalnız 30 faizi bu əraziyə düşür. Paytaxtda və bura yaxın yerlərdə kirayə mənzillərin ümidinə qalan böyük insan ordusu var. Onların nəzərəçarpan hissəsi bölgələrdəki evini qoyaraq Bakıya, ümumilikdə Abşeron yarımadasına iş üçün gəlib. İndi həmin evlərdə qaz və elektriklə bağlı xidmətlərdən istifadə etmədən də ödəniş həyata keçirmək lazım gələcək.

Orxan Zeynallının açıqlamasında “hər abonent üzrə aylıq xərc” ifadəsi çox vacibdir. Çünki ölkə mediasında hər vətəndaş üçün 1 manata qədər ödəniş barədə yazı çoxdur. Hər vətəndaşa görə ödəniş ədalətli olmaz, həm də hesablamamıza görə, bu halda hər abonentin qaz və elektrikə görə ümumi illik xərci 70 manatı aşar. Bakıda kirayə qalaraq həyat mübarizəsi aparan ailələr üçün bölgədəki evinə bu qədər xərc yüklənməsi çox ağır görünə bilər. Hər abonentə görə minimum xərc isə 20-23 manat olacaq.

Eyni zamanda, bir neçə mənzili olanlar da dəyişiklikdən əziyyət çəkəcək. Bu addımın məqsədi də yüzminlərlə boş qalmış mənzilə, dolayısıyla ev sahibinə xərac yükləməkdir.

Ümumilikdə daha bir qərar əhalinin daha çox xərcə düşməsinə hesablanıb. Yenə bizi təəccübləndirmədilər.

Aytən, Bizimyol.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.