Dövlət hesabına təyin olunan vəkillə bağlı qalmaqal... "Vəkilim mənim mövqeyimə əks mövqe bildirir"

Bu gün, 07:04           
Dövlət hesabına təyin olunan vəkillə bağlı qalmaqal... "Vəkilim mənim mövqeyimə əks mövqe bildirir"
İşgəncələr Əleyhinə Araşdırma Mərkəzinin sədri Fikrət Cəfərli ona dövlət hesabına təyin edilmiş vəkildən narazı qalıb.
Bizimyol.info xəbər verir ki, Fikrət Cəfərli vəkil Qəmərcan Xasayzadənin məhkəmədə onun mövqeyini müdafiə etmək əvəzinə, zidd mövqedən çıxış etdiyini əsas gətirərək, ona etirazını bildirib. Daha sonra vəkil kimi, onun xidmətindən imtina etdiyini deyib.

Qeyd edək ki, Fikrət Cəfərli Vəkillər Kollegiyasının İntizam Komissiyasının üzvü Elvin Əliyev tərəfindən məhkəməyə verilib. Elvin Əliyev xüsusi ittiham qaydasında qaldırdığı iddiada Fikrət Cəfərlinin Cinayət Məcəlləsinin 147.1 (böhtan) maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasını istəyir. Buna səbəb isə İşgəncələr Əleyhinə Araşdırma Mərkəzinin “Facebook” səhifəsində vaxtilə Elvin Əliyevin müvəkkilini olmuş Elvin Allahverdiyevin onunla bağlı şikayətinin yayımlanmasıdır. Hazırda məhbus həyatı yaşayan Elvin Allahverdiyev Prezident də daxil olmaqla, müxtəlif qurumlara ünvanladığı şikayət məktublarında yazıb ki, vəkili onun ailə üzvlərini aldadıb, 10500 manat pullarını alıb. Onlara söz verib ki, məhkəmədə ona 1 il 6 ay cəza veriləcək. Lakin vədinə əməl etməyib. Ailəsi verilən pulu geri istəyəndə isə Elvin Əliyev onları hədələyib.

Vəkil Elvin Əliyev Fikrət Cəfərliyə qarşı şikayətində göstərib ki, onun rəhbərlik etdiyi təşkilatın Facebook səhifəsində bu məlumatın yayılması ilə ona böhtan atılıb, işgüzar nüfuzuna zərbə vurub. Bu səbəbdən də Fikrət Cəfərlinin cəzalandırılmasını istəyir.

Binəqədi Rayon Məhkəməsində keçirilən hazırlıq iclasında Fikrət Cəfərli bu iddianın icraata götürülməsinə etiraz edib. O bildirib ki, ilkin mənbə özü deyil. Şikayətçi Elvin Allahverdiyevin ərizəsi var. Ərizəni əvvəl başqa jurnalist yayıb: “Məhz mənim məhkəməyə verilməyim göstərir ki, ortada qərəz və sifariş var. Məsələ konkret mənim özümlə bağlıdır, sadəcə, bəhanə olaraq, bundan istifadə edirlər”.

Fikrət Cəfərli Bizimyol.info xəbər portalına bildirib ki, məhkəmənin hazırlıq iclasında o, iddianın icraata götürülməsinə etiraz etsə də, ona dövlət hesabına təyin edilmiş vəkil Qəmərcan Xasayzadə fərqli mövqe nümayiş etdirib. Vəkil bildirib ki, bu məsələni məhkəmənin mülahizəsinə buraxır: “Halbuki, nə olursa olsun, vəkil öz mövqeyini müvəkkilinin mövqeyi ilə uzlaşdırmalıdır. Mən deyirəm ki, iddia icraata götürülməsin, vəkilim deyir ki, hakim istəyirsə, götürsün, istəmirsə, götürməsin. Əlbəttə, qərarı hakim bilir, aydın məsələdir. Amma vəkil bunu deməməlidir. Deyirsə, mənə belə vəkil lazım deyil. Mən həm də belə hallara görə Vəkillər Kollegiyasının fəaliyyətini tənqid edirəm. Çünki bir çox hallarda dövlət hesabına təyin olunan vəkillər faktiki vətəndaşın hüquqlarının müdafiəsilə məşğul olmurlar, əksinə, ziyan vururlar”.

Fikrət Cəfərli hesab edir ki, bu məhkəmə işi Vəkillər Kollegiyasının rəhbərliyini mütəmadi tənqid etdiyinə görə ona qarşı qərəzin nəticəsidir: “Yoxsa şikayətçi, o fikri səsləndirən, yayan adamlar qala-qala məni niyə məhkəməyə versin? Deməli, məqsəd başqadır”.

Bizimyol.info Fikrət Cəfərlinin səsləndirdiyi ittihamlar – onun müvəkkilinin mövqeyinə zidd çıxış etməsi barədə deyilənlərə münasibət öyrənmək üçün vəkil Qəmərcan Xasayzadə ilə əlaqə saxlayıb. Vəkil bildirib ki, səslənən ittihamlara cavab vermək istəmir: “Cavab vermək istəmirəm. Xahiş edirəm, məni narahat etməyin...”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.