Sahədə 20 qəpiyədir, Bakıda ən ucuz yerdə 1 manat 60 qəpiyə -

Dünən, 17:59           
Sahədə 20 qəpiyədir, Bakıda ən ucuz yerdə 1 manat 60 qəpiyə -
“Pomidorun kiloqramını bizdən 25, hətta 20 qəpiyə almaq istəyirlər. Mən məhsulumu bu qiymətə satanda, qazanacım nə olacaq? Biçilən dəyər qoyduğum xərci belə ödəmir. Sizcə bu nə qədər doğrudur? Bakıda 1 manat 60 qəpikdən artıq bir qiymətə satılan məhsul niyə məndən 20-25 qəpiyə alınmalıdır? Dedikləri qiymətlə razılaşmayanda da, məhsul qapıda qalır".

Bəli, pomidor əkini ilə məşğul olan Anar Abbasov deyir bunları...

Onun bu etirazı əslində haqlı sual yaradlr - sahədən 20 qəpiyə alınan pomidor niyə dükan və marketlərdə, şəhər bazarında 8 dəfə baha satılır? Daşınma xərci bahadır? Nəzərə alsaq ki, yanacağın dəyəri bu il cəmi 7,1% bahalaşıb, qiymətin şişməsinə hansı amilin təsir göstərdiyi sual olaraq qalır.

Məsələ ilə bağlı Teleqraf-a danışan kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov bildirdi ki, bazarda rəqabət mühiti genişləndirilməlidir:

“Biz uzun müddətdir ki, bu məsələni qaldırırıq. Birincisi, bazardakı monopoliya vəziyyəti götürülməlidir. Ölkədə cəmi bir topdansatış bazarı var. Belə olmaz. Azərbaycan elə də kiçik ölkə deyil. On milyon nəfərlik əhalimiz var. Bircə topdansatış bazarı olması o deməkdir ki, rəqabət mühiti yoxdur. Elə etmək lazımdır ki, geniş rəqabət mühiti olsun".

Mütəxəssis qeyd etdi ki, rəqabət mühiti olanda tədarükçülər fermerlərdən məhsulu normal qiymətə alırlar:

"Bu halda fermer üçün də seçim olacaq. Tutaq ki, tədarükçü fermerdən məhsulu 25 qəpiyə almağı təklif edir, fermer isə bundan imtina edərək məhsulunu özünə sərf edən qiymətə, məsələn, 50 qəpiyə satır. Yəni, belə bir mühit olmalıdır. Lakin bazar təkdir və öz şərtlərini diktə edir. Fermerlər isə Bakı şəhərinə öz məhsulunu çıxara bilmirlər.

Bir çox halda mən özüm şahidi olmuşam ki, kəndlilər məhsullarını Bakıda yaşayışın çox olduğu ərazilərdə satmaq üçün gətiriblər, lakin onlara satış qadağan olunub. Onlardan pul alıb, problemlər yaradıblar. Bu işlərə son qoyulmalıdır. Elə bir vaxt gələcək ki, kəndlilər istehsaldan imtina edəcəklər və biz görəcəyik ki, artıq bazarda məhsul çatışmazlığı var. Fermerlər onsuz da, pomidorları minbir əzabla yetişdirir”.

Vahid Məhərrəmov qeyd etdi ki, əkinçilikdə vəziyyət pisləşib:

“Bitkilərdə zərərvericiləri çoxalıb. Xəstəliklər daha çox yayılıb. İstehsalçılar indi artıq zərərvericilərə, xəstəliklərə qarşı mübarizə aparmalıdır. Su problemi də mövcuddur. Fermerlər daim gübrə axtarışında olurlar. Keyfiyyətli gübrə tapmaq mümkünsüzləşib. Keyfiyyətli pestisid tapmaq da çox çətinləşib. Mən hələ digər problemləri demirəm.

Əgər fermerlər istehsaldan imtina etsə ölkədə çox ciddi problemlər yaranacaq. Qış aylarında pomidoru 6, 7 manata, bəzən hətta daha yüksək qiymətə alırdıq. Fermerlərə imkan yaratmaq lazımdır. Rusiya bizim promidorun idxalına məhdudiyyət qoyub. Yerli məhsul bazara çıxmalıdır, lakin bu o demək deyil ki, onlar dəyər-dəyməzə satılmalıdır.

Bakı böyük şəhərdir, 5 milyona yaxın əhali var. Azərbaycanın mərkəzində, Bakının özündə yerli məhsulların satışı təşkil edilməlidir. Bunun üçün imkan yaratmaq lazımdır. Bu məsələlərə biganə yanaşıldığı üçün ümumilikdə bütün ölkə əhalisi – həm istehsalçı, həm də istehlakçı əziyyət çəkir”.

Qeyd edək ki, Azərbaycan regionda əsas pomidor istehsalçısıdır. 2024-cü ildə ölkədə 14 852,3 hektar ərazidə pomidor yetişdirilib. Ümumilikdə istehsal həcmi 328131 ton təşkil edib. Pomidor sahələri əsasən Quba-Xaçmaz (3747,6 ha), Lənkəran-Astara (2197,8 ha), Mil-Muğan (1530,5 ha), Mərkəzi Aran (1478 ha) və Şirvan-Salyan (1414,5 ha) iqtisadi rayonlarında yerləşir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci il iyul ayının 1-nə ölkədə ümumi sahəsi 1,6 min hektar olan 3000 vahid istixana fəaliyyət göstərir. Yanvar-iyun aylarında ölkədə yetişdirilən əsas məhsullardan olan pomidor istehsalı 126,0 min ton olub.

Başqa tərəfdən, Azərbaycan həm də bu məhsulun ixracatçısıdır. Əsas bazar isə Rusiyadır. 2025-ci ilin yanvar-may aylarında xaricə 113,8 milyon dollar dəyərində pomidor satılıb. İldən-ilə ixracın həcmi və dəyəri artır. Lakin bundan qazananlar sahədə məhsulu yetişdirib, gübrəsini, suyunu verən təsərrüfatçılar olmurlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru