Qızılın qiyməti KƏLLƏ-ÇARXDA: - Bahalaşma nə vaxta qədər DAVAM EDƏCƏK?
Bu gün, 17:08

Dünya bazarında sürətlə bahalanşan qızılın qiyməti yenidən artıb. Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 15,3 dollar artaraq 3 374,4 dollar təşkil edib.
Azərbaycan Zərgərlər Assosiasiyasının (AZA) İdarə Heyətinin sədrinin müavini Rövşən Əmircanov Yenicag.az-a açıqlamasında bahalaşmanın qızıl bazarına təsirlərini şərh edib, eyni zamanda bu yüksəlişi şərtləndirən əsas səbəbləri sadalayıb:
“Qızılın qiymət artımı təsadüfi deyil. Bu qiymətli metal qlobal ticarət gərginliyinə qarşı qoruyucu aktiv kimi bahalaşır. Xüsusilə dünya ticarətindəki təzyiqlər və ABŞ iqtisadiyyatı ilə bağlı qeyri-müəyyənlik fonunda qızılın dəyəri artmaqda davam edir. İdxal rüsumları və qeyri-sabit makroiqtisadi göstəricilər bu prosesi daha da sürətləndirir. Qızıl ənənəvi olaraq etibarlı aktiv sayılır və bazarda risk artdıqca, ona olan tələbat yüksəlir. Sarı metalın tarif gərginliyi şəraitində ən çox üstünlük verilən aktiv olduğu bir daha təsdiqlənir”.
Ekspert yaxın zamanlarda qiymətlərdə enmənin gözlənilmədiyini də proqnozlaşdırıb:
“Hazırkı şəraitdə qiymətlərdə ciddi enmə gözlənilmir, çünki bazarda risklər yüksək olaraq qalır və investorlar qızılı etibarlı investisiya aləti kimi qiymətləndirirlər. Bu dinamika fonunda bu metalın bir unsiya üçün 3.500 ABŞ dolları həddinə doğru irəliləməsi tamamilə real görünür. Artım tempi nisbətən zəifləsə də, təhlükəsizlik axtarışı və yüksək tələb qiymətləri dəstəkləməkdə davam edir”.