Əmanətçilər pullarını “Rabitəbank”dan çıxarır - Rövnəq Abdullayevin kürəkəninin bankı bağlanır?

Bu gün, 09:44           
Əmanətçilər pullarını “Rabitəbank”dan çıxarır -
Hüquqi şəxslər tərəfindən “Rabitəbank” ASC-yə yerləşdirilən depozitlərin həcmi azalıb.

XALQ xəbər verir ki, 2024-cü ilin ilk yarısı ilə müqayisədə 2025-ci ilin ilk yarısında hüquqi şəxslərin “Rabitəbank”dakı depozitləri 11,7% və ya 25,3 milyon manat azalıb.

Hüquqi şəxslərin depozitləri ilə yanaşı, “Rabitəbank”ın xalis mənfəəti də kəskin azalıb. Belə ki, ötən ilin ilk yarısının yekununda 10,6 milyon manat xalis mənfəəti olan bank, bu ilin ilk yarısında 6,8 milyon manat xalis mənfəət əldə edib.

Qeyd edək ki, “Rabitəbank”ın problemli kreditlərində də artım müşahidə olunub. Ötən ilin ikinci rübünün yekununda bankın ümumi kredit portfelində vaxtında qaytarılmayan kreditlərin – problemli kreditlərin xüsusi çəkisi 3,6% (27,3 milyon manat) təşkil etdiyi halda, bu ilin ikinci rübündə bu göstərici 4%-ə (36 milyon manat) yüksəlib. Bu göstərici ölkə üzrə qeydə alınan orta göstəricidən dəfələrlə yüksəkdir. Mərkəzi Bankın 2025-ci ilin iyun ayının əvvəlinə olan məlumatına əsasən, bank sektorunda vaxtı keçmiş kreditlərin ümumi kredit portfelindəki payı 1,7% təşkil edib.

Məlumat üçün bildirək ki, “Rabitəbank” ASC-nin səhmlərinin 40,6%-i Rauf Əliyevə, 34,64%-i Validə Abbasovaya, 14,44%-i Zakir Nuriyevə, 9,11%-i Dilarə Nuriyevaya, 1,07%-i Aslan Xasıyevə, 0,14%-i isə digər səhmdarlara məxsusdur.

Xatırladaq ki, bankın əsas səhmdarı olan Rauf Əliyev Dövlət Neft Şirkətinin (SOCAR) sabiq prezidenti, hazırda iqtisadiyyat nazirinin müavini olan Rövnəq Abdullayevin kürəkənidir. Abdullayevin kürəkəni eyni zamanda “Mega Sığorta” ASC-nin əsas səhmdarlarından biridir (19%).

Yeniavaz.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru