Sahibkarlara şad xəbər

15-07-2015, 09:04           

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu(SKMF) tərəfindən ümumilikdə 27 541 sahibkara dövlətin güzəştli krediti verilib. SKMF-nın məlumatına görə, sahibkarlara verilən dövlətin güzəştli kreditlərinin məbləği isə 1 milyard 593 milyon 025 min 350 manatdır.

Qeyd edək ki, Nazirlər Kabinetinin dünən keçirilən iclasında prezident İlham Əliyev bildirmişdi ki, sahibkarlığın inkişafı Azərbaycanda daim diqqət mərkəzində olmalıdır:

“Bildiyiniz kimi, biz güzəştlər edirik, fermerlərə subsidiyalar, güzəştli şərtlərlə yanacaq və gübrə verilir. Təkrar əkin üçün indi yeni şərait yaradılır. Digər məsələlər öz həllini tapır”.

Prezident həmçinin faiz dərəcələrinin aşağı düşməsi ilə əlaqədar təkliflərin olduğunu da qeyd edib:

“Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə güzəştli şərtlərlə kreditlər verilir. İndi təkliflər var ki, faiz dərəcələrini bir az da aşağı salaq. Mən bunu dəstəkləyirəm ki, fermerlər, iş adamları daha da rahat işləsinlər, daha da böyük gəlir əldə etsinlər. Yəni, dövlət çalışır ki, bu məsələ daim diqqət mərkəzində qalsın. Məhz bunun nəticəsində bu gün Azərbaycanda çox güclü sahibkarlar sinfi yaranıb”-deyə, dövlət başçısı əlavə etmişdi.

Onu da əlavə edək ki, müvəkkil kredit təşkilatlarının Fondun kreditlərinə tətbiq etdiyi illik faiz dərəcəsinin ən yüksək həddi kredit məbləğinin 6 (altı) %-dən, kütləvi informasiya vasitələrinin inkişafı üzrə layihələrin maliyyələşdirilməsi üzrə isə kredit məbləğinin 4(dörd) %-dən artıq olmamalıdır.

Məlumat üçün bildirək ki, Fondun güzəştli kredit vəsaitlərinin hədləri isə kiçik həcmli kreditlər: 5.000 manatdan 50.000 manatadək; orta həcmli kreditlər: 50.001 manatdan 500.000 manatadək; böyük həcmli kreditlər: 500.001 manatdan 10.000.000 manatadəkdir. (oxu.az)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.