Dünyanın ən amansız ordusu Ermənistana girə bilər
Bu gün, 16:49
Ötən gün ABŞ və Ermənistan arasında imzalanan strateji tərəfdaşlıq haqqında sazişə əsasan İrəvanın “İslam Dövləti”ni (İŞİD – red.) məğlub etmək üçün qlobal koalisiyaya qoşulmasına qərar verilib.
Bu qərarın fonunda İŞİD terror təşkilatı Ermənistana necə cavab verəcək? Sözügedən qruplaşmanın Ermənistanın, həmçinin regiona sızmaq gücü varmı?
Globalinfo.az-a danışan politoloq Aytən Qurbanova deyib ki, Bayden administrasiyası fəaliyyətinin son günlərində Ermənistan və ABŞ arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində addımlar atdı:
“Xüsusilə də ötən gün Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Entoni Blinken arasında imzalanmış strateji tərəfdaşlıq haqqında sənədin bu prosesin inkişaf dinamikasının kifayət qədər yüksəldiyinin bariz nümunəsidir.
Verilən bəyanatlara nəzər yetirdikdə Ermənistanın ABŞ rəhbərliyindəki -anti-İŞİD koalisiyasına qoşulduğu görünür. Deməli, Ermənistan artıq bir çox istiqamətdə ABŞ-ın rəhbərlik etdiyi antiterror əməliyyatlarında fəal iştirak edə bilər. Belə olan halda ilk düşündürücü sual İŞİD-in buna reaksiyasının hansı istiqamətdə olacağıdır”.
Politoloq qeyd edib ki, Ermənistanın İŞİD-lə mübarizədə yer alması İrəvanı sözügedən terror qruplaşmasının hədəfinə gətirə bilər:
“Fikrimcə, İŞİD-in bundan istifadə edib Cənubi Qafqazda, xüsusən Ermənistanda fəallaşması mümkündür. Hətta Ermənistanla İranın sərhədyanı dövlətlər olduğunu nəzərə aldıqda, bu ehtimal daha təhlükəli xarakter alır. Ona görə də Ermənistanın ABŞ-la strateji əməkdaşlığının regional təhlükəsizlik üçün təhdidlər formalaşdıracağı ilə bağlı ehtimallar istisna edilmir”.