Qətər İsrail və HƏMAS-ın atəşkəs razılaşmasına ən yaxın nöqtədə olduğunu bildirir
Bu gün, 16:14
Qətər çərşənbə axşamı bildirib ki, Qəzza zolağında İsraillə HƏMAS arasında atəşkəslə bağlı danışıqlar “yekun mərhələdədir” və iki tərəf indiyədək razılığa “ən yaxın nöqtədə”dir.
Həftəlik brifinqdə çıxış edən Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari davam edən danışıqları müsbət və məhsuldar adlandırıb, eyni zamanda razılaşma elan olunana qədər həddən artıq həyəcana qarşı xəbərdarlıq edib.
Qətər, Misir və Birləşmiş Ştatlar döyüşləri dayandırmaq üçün bir neçə aydır səy göstərirlər, çərşənbə axşamı Dohada aparılan danışıqlar razılaşmanın yekun detallarına diqqət yetirilib.
ABŞ prezidenti Co Bayden bazar ertəsi bildirib ki, razılaşma “nəhayət nəticə əldə etmək” astanasındadır.
Dövlət Departamentində xarici siyasətdə əldə etdiyi nailiyyətləri vurğulamaq üçün çıxış edən Bayden deyib ki, bu razılaşma “girovları azad edəcək, döyüşləri dayandıracaq, İsrailin təhlükəsizliyini təmin edəcək və bizə HƏMAS-ın başlatdığı bu müharibədə dəhşətli əziyyətlər çəkən fələstinlilərə humanitar yardımı əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək.”
Atəşkəs təklifinin əsas parametrləri prosesin bir neçə mərhələdən ibarət olduğunu göstərir.
HƏMAS militantların 2023-cü ilin oktyabrında İsrailə hücumundan sonra ələ keçirdiyi girovları azad edəcək, İsrail hakimiyyəti isə fələstinli məhbusları azad edəcək.
İsrail qoşunları Qəzzadan mərhələli şəkildə geri çəkiləcək və münaqişə nəticəsində didərgin düşmüş bəzi fələstinlilərə geri qayıtmağa icazə veriləcək, və fələstinli mülki şəxslərə yardım artırılacaq.
Birləşmiş Ştatlar, Misir və Qətərin başçılığı ilə aylardır davam edən danışıqlar döyüşlərə son qoya bilməyib, ancaq son həftələrdə ABŞ-da hakimiyyət dəyişməyə hazırlaşdığı bir vaxtda bu səylər daha da güclənib.
ABŞ dövlət katibi Antoni Blinken bazar ertəsi MSNBC-yə bildirib ki, tərəflər razılığa "heç vaxt olmadığı qədər yaxındırlar" və “top HƏMAS-ın meydanındadır”.
Baydenin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bazar ertəsi deyib ki, Bayden administrasiyasının rəsmiləri yeni seçilən prezident Donald Trampın Yaxın Şərq üzrə müşavirlərini danışıqlar barədə məlumatlandırır. Trampın Yaxın Şərq üzrə nümayəndəsi Stiv Vitkof danışıqların son raundunda iştirak edib.
İsrailin Qəzzada HƏMAS-a hücumu, militant qrupun 7 oktyabr 2023-cü ildə HƏMAS İsrailə hücum edərək, İsrailin məlumatlarına görə, 1200 nəfəri öldürüb və 250-dən çox insanı girov götürməsindən sonra başlayıb.
Fələstinli səhiyyə rəsmilərinin bildirdiyinə görə, o vaxtdan bəri Qəzzada 46.500-dən çox insan öldürülüb, onların əksəriyyəti qadın və uşaqlardır. Ancaq İsrail ölənlər arasında minlərlə HƏMAS döyüşçüsünün olduğunu bildirir.
Aralıq dənizi sahilində yerləşən Qəzza zolağının böyük bir hissəsi döyüşlər zamanı xarabalığa çevrilib və orada humanitar böhran yaranıb. Ərazinin 2,3 milyon əhalisinin çoxu dəfələrlə didərgin düşüb.