Mənşəyi bəlli olmayan dondurmalar Bakı mağazalarında - REPORTAJ
16-07-2015, 23:34
Hafta.az-a daxil olan məlumata görə son günlər dondurmadan zəhərlənmə halları bir xeyli artıb. Biz də məsələ ilə bağlı araşdırma aparmağa çalışdıq.
Yolumuzu paytaxtımızda yerləşən bir sıra marketlərdən saldıq. Satıcılardan bu məhsulları hardan gətirdiklərini soruşduq. Məlum oldu ki, onlar heç özləri də bilmirlər ki, satdıqları dondurma hansı şəraitdə istehsal olunur. Satıcı Əminə Babayeva Hafta.az – a açıqlamasında bildirdi ki, dondurmalar mağazaya müxtəlif şirkətlər tərəfindən gətirilir:
“Mənşəyini və necə hazırlandığını deyə bilmərəm. Mən sadəcə satıcıyam. Mağazamızın müdiriyyəti bir sıra dondurma şirkətləri ilə müqavilə bağlayıb. Hər növ qiymətdə və növdə dondurmalarımız var. Bütün bunlar müqavilə əsasında gətirilir. Sadəcə üstündə yazılan hazırlanma qaydasına inanıb nəsə demək olar”.
Satıcı Əminə xanım başda olmaqla digər satıcıların da bircə bildikləri bu idi ki, hər gün maşınlar bu məhsulu şəhərin müxtəlif hissələrində yerləşən marketlərə paylayır.
Marketlərdə araşdırma apararkən bir daha şahidi olduq ki, hətta soyuducuda istifadə müddəti bitmiş dondurmalar da var. Market işçilərinə dondurma ilə bağlı sualı verdiyimizdə xeyli təşvişə düşdülər. Bizdən sənəd tələb etdilər. Belə məlum oldu ki, bu marketlərdəki məhsulların keyfiyyəti aşağıdır və nəzarətsiz qalıb.
Məsələ ilə bağlı ətraflı məlumat almaq üçün Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynova müraciət etdik. O, Hafta.az-a açıqlamasında bir sıra məqamlara aydınlıq gətirdi:
“Hər həftə dondurmalarla bağlı istehlakçılardan bizə 3-4 telefon zəngi gəlir. Azad İstehlakçılar Birliyi yalnız bir dondurma istehsalçısına-“İceland”şirkətinə qida təhlükəsizlik nişanını şamil edib. Ona görə də əhaliyə müəyyən məsləhətlər vermək olar ki yaxşı dondurmaları necə seçsinlər”.
Eyyub Hüseynov vətəndaşlara müraciətlə keyfiyyətsiz dondurmanı ayırd etmənin bir sıra yolları oldunu və dondurma alarkən bu nüanslara diqqət etməyi tövsiyyə etdi:
“Dondurma süd məhsuludur. Ona dilini vurduqda qaymaq dadı verməlidir. Dondurmanın yağlılığını qaldırmaq üçün onun tərkibinə yalnız kərə yağı qarışdırılmalıdır. Əgər dondurmanı dadarkən acı dad verirsə deməli bu məhsulun tərkibinə bitki yağları, marqarin yağları qarışdırılıb”.
Müsahibimiz dondurma istehsalçılarının saxtakarlıqlarından da söz açdı:
“Təəssüflər olsun ki, Azərbaycanda dondurmaların 80%-i təzə inək südündən hazırlandığı bildirilsə də əslində quru süddən hazırlanır. Quru südün tərkibində olan baytarlıq dərmanlarının, antibiotiklərin qalıqları demək olar ki, tədqiq olunmur. Dondurmalar uzaq ölkələrdən gətirilərkən xüsusən onların yararlılıq müddəti böyük olur.Onların tərkibinə kimyəvi maddələr vururlar. Lakin bunlar paketin üzərində qeyd olunmur”.
O, həmçinin dondurmanın saxlanma şəraiti barədə məlumat verdi. Birlik sədrinin sözlərinə görə, vətəndaşlar ilk növbədə dondurma alanda onun etiketinə, icmal vəziyyətinə baxmalıdırlar:
“Əgər əzilibsə və əyilibsə bu o deməkdir ki, donu açılıb və sonradan müəyyən temperatur altında yenidən dondurulub. Belə dondurmalar kiflənmiş hesab olunur və sağlamlığa zərərlidir. Dondurmaların saxlanma şəraiti aşağı temperaturda olmalıdır. Bu məhsulu anbarlarda mənfi 18 dərəcə temperaturda 10 aya qədər saxlamaq olar. Ancaq satış şəbəkələrində 2-3 aydan saxlanması mümkün olsa da, biz bəzən 4-5 ay saxlanmış dondurmalara rast gəlirik. Ümumiyyətlə, yararlılıq müddətini yarılamış dondurmadan imtina etmək lazımdır. Gün ərzində 2 dəfədən artıq dondurma yemək sağlamlığa zərərlidir. Bədən temperatura aşağı düşə və xəstələnməyə səbəb ola bilər”.
Eyyub Hseynovun sözlərinə görə, dondurma satışı ilə məşğul olan mağazalara İqtisadiyyat və Sənaye Nazirliyi nəzarət edir. Birlik sədri iddia edir ki, bu sahəyə ictimai nəzarət də güclüdür. O, xüsusi vurğulayıb ki, Kütləvi İnformasiya Vasitələri, İctimai Təşkilatlar bu məsələni daim diqqətdə saxlayırlar:
“Mağaza işçiləri sizə keyfiyyət sertifikatı təqdim etməyə və cavab verməyə borcludurlar. Onlar sizin hüquqlarınızı pozublar. Çünki “İstehlakçıların Hüquqlarının Müdafiəsi Haqqında” qanunda satıcılar cavabdehliyi vurğulanır”.
Bəs paytaxtımızda dondurmalar hansı qiymətə satılır? Bu məhsulun qiyməti tərkibində olan aromalara görə dəyişir. Amma kəmiyyət heç də keyfiyyət fərqi demək deyil. Bəzən qablaşdırmasına görə yüksək qiymətə satılan dondurmalar keyfiyyətsiz və dadsız olur. Hal-hazırda ölkəmizdə dondurmaların orta statistik qiyməti 20 qəpiklə 10 manat arasında dəyişir.
Bəzilərimiz üçün 10 manat baha sayıla bilər, lakin xarici ölkələrdə satılan dondurmaların qiymətini biləndən sonra yəqin ki bir çoxları təəccüblənəcək.
Hafta.az “The Telegraph” qəzetinə istinadən bildirir ki, Dubayda yerləşən “Black Diamond” dondurma kafesi dünyanın ən bahalı dondurmasını hazırlayıb. Dondurmanın içinə Madaqaskar vanili, İran zəfəranı və İtaliyadan gətirilmiş trufeldən əlavə 23 karatlıq yeməli qızıl da qatılıb. “Versace” markasının dizayn etdiyi dondurma qabı isə müştərilərə hədiyyə verilib.
Qeyd edək ki, bir qram yeyilə bilən qızılın qiyməti 33 000 dollarla 110 000 dollar arasında dəyişir. Qızıl bəzi yeməklərdə dekorasiya vasitəsi olaraq istifadə edilir.