"Efirdə sənəti, jurnalistikanı bilənlər deyil, yaraşığına görə vəzifə tutanlar görünür" - ETİRAZ
29-12-2021, 11:58
!["Efirdə sənəti, jurnalistikanı bilənlər deyil, yaraşığına görə vəzifə tutanlar görünür" - ETİRAZ](/uploads/posts/2021-12/1640760499_1.jpg)
Bu gün efirdə görünən və şou verilişlərin bəzi aparıcıları efir vasitəsi ilə “İnstagram”da yayılan xəbələrə istinad edərək onu ciddi media kimi təqdim edirlər.
Bəs görəsən, bu, aparıcının qeyri-peşəkarlığından irəli gəlir, yoxsa ciddi mediaya nabələdliyindən? DİA.AZ xəbər verir ki, mövzu ilə bağlı aparıcı-jurnalist Ülviyyə Alovlu fikilərini Moderator.az-la bölüşüb:
“Çox təəssüflər olsun ki, şou aparıcılarımız jurnalistikadan aparıcılığa gəlməyiblər. Hansı ki, aparıcılıq jurnalistikanın növbəti bir pilləsi olmalıdır. Jurnalist olmaq bir sənətdir, aparıcılq isə sadəcə bir vəzifədir. Aparıcının jurnalist olmamağı nəticədə belə bir mənzərəyə gətirib çıxarır. Onun jurnalistikadan anlayışı yoxdur. Bu səbəbdəndir ki, “İnstagram” səhifələri ilə ciddi jurnalist işini, araşdırmasını qarışdırırlar. "İnstagram" da mediadır, amma "sarı media" kimi faəliyyət göstərir. Onlar əslində media da sayılmamalıdır. Onunla ciddi medianı ayıra bilməyən aparıcılar ancaq ikrah hissi doğura bilər.
Aparıcıların bu hərəkəti bir daha sübut edir ki, aparıcının normal redaktoru yoxdur. Yaxşı verilişin yaxşı komandası olmalıdır ki, gələn qonağa maraqlı suallar ünvanlaya bilsin. Bununla bağlı problem varsa, deməli, aparıcı həm savad, həm də informasiya cəhətdən kasaddır. Etiraf etmək lazımdır ki, son zamanlar efirdə sənətini, jurnalistikanı bilənlər deyil, yaraşığına görə vəzifə tutanlar görünür. Nəticə də göz qabağındadır”.