İlhamə Quliyevanın mirası hansı qohumları arasında razılaşdırılıb?
14-06-2016, 09:46
Xalq artisti İlhamə Quliyevanın qalmaqallı miras məsələsi bu günlərdə yenidən gündəmə gəldi. Bu dəfə mirasın qohumları arasında razışladırılması xəbəri ilə. Belə ki, müğənninin vəkili Habil Vəliyev modern.az saytına açıqlama verərək bildirmişdi ki, miras məsələsində Orxan Nadirovdan başqa vərəsəlik iddiasında olan digər qohumlar, o cümlədən İ.Quliyevanın bacısı Gülbahar Quliyeva ilə birgə razılığa gəliblər. Lakin vəkilin bu açıqlamasını müğənninin bacısı Gülbahar Quliyeva təkzib etdi: "Bizim nə Orxanla söhbətimiz olub, nə də onun vəkilini tanımırıq... Orxan Nadirovun vəkili yalandan, özündən şayiələr buraxmasın!"
Bəs görəsən miras razılaşması hansı qohumlar arasında olub?
"İlhamə Quliyevanın qohumları təkcə Gülbahar xanım və başqalarında ibarət deyil ki? Onun çox qohumları var. Onların da əksər hissəsi Orxan Nadirovun yanındadır". Milli.Az xəbər verir ki, bu sözləri Orxan Nadirovun vəkili Habil Vəliyev "Yeni Müsavat" açıqlamasında bildirib. Vəkil razılaşan qohumların adlarını çəkmək istəmədi:
"Mən ad çəkə bilmərəm. Görürsünüz, ad çəkilən kimi problem yaranır. Mən gördüyümü deyirəm. Görürəm ki, bunlar bir yerdədirlər, hamısı da Orxanın yanındadırlar. Çünki axı Orxan onların yaxın qohumudur, kənar deyil. Kimsə mənim əleyhimə bir cümlə işlədərsə o məhkəmə müstəvisində bizə cavab verməli olar".
Vəkil bundan öncə verdiyi açıqlamasını təkzib edib: "O ki, qaldı Gülbahar xanımın bizim haqqımızda nəsə deməyə... o, bizim haqqımızda heç nə deyə bilməz! Çünki biz onun adını çəkməmişik. İlhamə xanımın bacıları var, xalası qızları var və yaxud kimlərsə var. Nəsil böyük nəsildir, hamısı da bir-birinə yaxın qohum hesab edilirlər. O mənada razılaşıblar ki, bir çoxları var ki, Orxanı övladı kimi qəbul edirlər".
Vəkil tezliklə Orxan Nadirovun vərəsəlik məsələsinin də həll olunacağını deyib:
"Bəzən məlumat yayırlar ki, guya "nümayəndəsi Orxan Nadirovdan imtina edib" və sairə... Yaxın günlərdə O. Nadirovun vərəsəlik məsələsi ilə bağlı mətbuata məlumat veriləcək".
Mərhum müğənninin vəkili Elmira Məmmədova isə hələ ki, bu məsələyə açıqlama vermək istəmədiyini dedi. Vəkil qeyd etdi ki, bəzi məsələləri yerində araşdırdıqdan sonra mətbuata açıqlama verəcək.
Qeyd edək ki, 2016-cı il fevral ayının 25-də dünyasını dəyişən xalq artisti İlhamə Quliyevanın mirasına həbs qoyulub. Orxan Nadirov İlhamə Quliyevanın övladlığa götürdüyü və rəsmiləşdirmədiyi övladı olduğundan miras ətrafında qalmaqal yaşanıb. İlhamə Quliyevanın qohumu Əli Mirəliyev "Yeni Müsavat"a açıqlamasında bildirmişdi ki, müğənni Orxan Nadirovu rəsmi olaraq oğulluğa götürmədiyindən mirasının hamısı dövlətə qalacaq. Onun bu açıqlamasından sonra tərəflər arasında yaranan ciddi narazılıq bu gün də səngimək bilmir.