Ölümcül xəstə olan Selin Diondan mühüm AÇIQLAMA – FOTO
31-01-2024, 15:44
İki ildən artıqdır ki, dünyaca məşhur kanadalı müğənni Selin Dion sağalmaz xəstəlik - əzələ sərtliyi sindromu ilə mübarizə aparır. 55 yaşlı sənətçinin vəziyyəti ilə bağlı yayılan xəbərlər olduqca mübahisəlidir.
Bizim.Media xəbər verir ki, bacısı Klodette müğənninin sağalacağına ümidini itirmədiyini desə də, sosial mediada xəstəliyin onu əlil arabasına sürüklədiyini və ümumiyyətlə, ulduzun artıq əzələlərini idarə edə bilmədiyi məlumatlar yayılıb.
Selin sosial şəbəkə hesabında sonuncu paylaşımı ilə diqqətləri üzərinə cəmləyib. Müğənni bildirib ki, həyatı filmə çevriləcək:
“Son bir neçə il mənim üçün çətin oldu - vəziyyətimi başa düşmək və onunla necə yaşamağı öyrənmək, onu idarə etmək və məni müəyyən etməyə imkan verməmək. İfaçılıq karyerama yenidən başlamağın yolu uzandıqca, fanatları görmək üçün nə qədər darıxdığımı anladım. Yoxluğumda qərara gəldim ki, həyatımın bu hissəsini sənədləşdirmək, bu az tanınan xəstəlik haqqında maarifləndirməyə çalışmaq və eyni diaqnozu olan başqalarına kömək etmək istəyirəm”.
Qeyd edək ki, S.Dion bir müddət əvvəl xəstəlik səbəbindən yeriməyin çətinləşdiyini, həmçinin səs tellərini tam istifadə edə bilmədiyini etiraf edib. Nəticədə Dion Avropada 2023-cü ilə planlaşdırılan konsertlərini ləğv edib. İfaçı xəstəliyin inkişafını dayandırmaq üçün müalicə aldığını açıqlamışdı.