ANS ASAN-laşdırılır iddiasına cavab gəldi
10-08-2016, 10:11
Anar Hüseynov: “Bu məlumat həqiqəti əks etdirmir”; Mahir Məmmədli: “Biz hələ ANS-in işçiləriyik, hər gün işə gedir, işdən evə gəlirik”
Bu günlərdə xəbər yayıldı ki, lisenziyasına xitam verilən ANS telekanalının bazasında artıq yeni televiziya kanalı fəaliyyət göstərəcək. Məlumata görə, uzun müddətdir müzakirə edilən və açılmasına qərar verilən ASAN TV ANS TV-nin texniki bazası üstündə qurulacaq.
Qeyd olunur ki, ANS bir daha açılmayacaq və onun bütün texnikası satın alınaraq, ASAN TV-nin binasında quraşdırılacaq. Həmçinin ASAN TV-nin ANS-in yaradıcı personalını tam heyətlə işə dəvət edəcəyi də gözlənilir. İddia edilir ki, hakimiyyət 500-dən artıq jurnalistin ANS-in bağlanması ilə işsiz qalmasında maraqlı deyil və bu peşəkar heyəti tam tərkibdə yeni kanalda işlə təmin etməyi hədəfləyir. ANS-in vitse-prezidenti Mirşahin Ağayevə isə ASAN TV-də yüksək vəzifə veriləcək.
Səslənən iddialarla bağlı Mirşahin Ağayevin fikirlərini öyrənmək üçün onunla telefon əlaqəsi saxlamaq istədik. Lakin zənglərimizə cavab vermədi.
Qeyd edək ki, yeni ASAN TV-nin fəaliyyətə başlayacağı ilə əlaqədar hələ bir neçə gün bundan əvvəl mətbuatda məlumatlar yer almışdı. Televiziyanın təsisçisi qismində isə “ASAN Xidmət”in olduğu bildirilirdi. Deyilənlərə aydınlıq gətirmək üçün “ASAN Xidmət” mərkəzinə müraciət etdik. Qurumun ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Anar Hüseynov “Yeni Müsavat”a yayılan məlumatların həqiqəti əks etdirmədiyini, ASAN TV ilə bağlı nə rəsmi, nə də qeyri-rəsmi formada hər hansı məlumat açıqlanmadığını dedi.
Qeyd edək ki, yeni ASAN TV-nin fəaliyyətə başlayacağı ilə bağlı məlumatlar təkzib edilsə də avqustun 7-dən facebook sosial şəbəkəsində adıçəkilən televiziyanın səhifəsi yaradılıb. Profili yeni televiziyanın loqosunu əks etdirən səhifə artıq 500-dən çox sosial şəbəkə istifadəçisi tərəfindən bəyənilib, izlənilir. Lakin səhifədə nə adıçəkilən televiziya, nə də ki, digər məsələlər ilə bağlı suallar cavablandırılmır.
Maraqlıdır, yeni ASAN TV layihəsi baş tutarsa, ANS əməkdaşları yeni televiziya ilə işləməyə razılaşacaqlarmı?
ANS-in lisenziyasının ləğv olunmasında adı hallanan, bugünlərdə vətənə qayıdan televiziyanın ABŞ-dakı müxbiri Qənirə Ataşova suallarımızı cavablandırmaqdan yayındı. O, hazırda xəstəxanada, vəziyyəti ağır olan atasının yanında olduğunu, bu səbəbdən də heç bir suala cavab vermək imkanı olmadığını bildirdi.
ANS-in xəbərlər xidmətinin şef-redaktoru Mahir Məmmədli isə ANS-in bazasında hansısa televiziyanın yaradılacağı ilə bağlı danışmağın tez olduğunu vurğuladı: “Əvvəla, ANS-in lisenziyasına xitam verilməsi ilə bağlı Apelyasiya Məhkəməsinin qəbul etdiyi qərar hələ qüvvəyə minməyib. ANS Ali Məhkəməyə şikayət edib və son qərarı Ali Məhkəmə deyəcək. Ona görə də indidən ANS-in bazasında hansısa televiziyanın yaradılacağı ilə bağlı danışmaq tezdir. İkincisi də ”ASAN -Xidmət" son bir həftə ərzində yayılan məlumatları bir neçə dəfə təkzib etdi. Hesab edirəm ki, biz hələ ANS-in işçiləriyik, hər gün işə gedir, işdən evə gəlirik... İnanırıq ki, ANS televiziyası hazırkı formatda fəaliyyətini davam etdirəcək. Ona görə də ANS-in yerinə başqa televiziyanın fəaliyyət göstərəcəyini söyləməyə lüzum yoxdur".
Qeyd edək ki, lisenziyasına xitam verildiyi üçün ANS-in əməkdaşları 23 iyuldan qeyri-müəyyən müddətə məzuniyyətə, istirahətə buraxıldığından digər əməkdaşlarla əlaqə saxlamaq imkanımız olmadı.
Xatırladaq ki, iyulun 29-da Bakı Apelyasiya Məhkəməsində ANS-in lisenziyasına xitam verilməsi ilə bağlı qərar qəbul olunub.
ANS rəhbərliyi bu qərarı ədalətli qərar hesab etmədiyini bildirib və Ali Məhkəməyə müraciət edib. Televiziyanın bağlanmasına 15 iyul Türkiyə olayları zamanı televiziyanın ABŞ-dakı müxbiri Qənirə Ataşovanın Fətullah Gülənlə etdiyi müsahibənin səbəb olduğu bildirilir.
//musavat.com/