"Əməliyyat olunmasam, ölə bilərəm" - Müşviq
12-08-2016, 13:05
“Gizlənpaç” filminin çəkilişləri başa çatıb.
Axşam.az-ın məlumatına görə, ekran işində baş rollardan birini canlandıran aktyor Müşviq Şahverdiyev çəkiliş prosesindən söz açıb.
O bildirib ki, filmin montaj işlərinə başlanılıb:
“Çəkilişlərimiz 15 gündür başa çatıb. Artıq komandamız istirahətdədir. Çəkiliş zamanı müəyyən çətinliklərlə üzləşsək də, nəticə ürəyimizcə oldu. Bir ara çəkiliş zamanı halım pisləşdi, xəstəxanaya apardılar. Bütün rejimim pozulmuşdu, sağlamlığımda problem yaranmışdı. Ən böyük təhlükə isə bağırsaqlarımda yaranıb. Həkim dedi ki, əməliyyat olunmasam, daha pis olacaq. Bir sözlə, ölə bilərəm. Bu işlərimi yoluna qoyduqdan sonra əməliyyat olunacağam.
Kinoya gəldikdə isə bu işimizdən çox əminəm. Tamaşaçılarımızdan bizə dəstək olmağı istəyirəm”.
M.Şahverdiyev yeni ekran işini türk filmi “Celal ile Ceren”lə müqayisə edib:
“Hətta onu keçəcək film gəlir. "Gizlənpaç"a rəqib görmürəm. Hətta "My name is İntiqam"dan belə daha əla film üzə çıxaracağıq. Noyabrda Nizami Kino Mərkəzində qala gecəmiz olacaq. Xatırladım ki, "Gizlənpaç" Azərbarbaycanda ilk romantik-komediya filmidir”.
Aktyor filmlərini noyabr və martda təqdim edən həmkarlarından söz açıb:
“Başa düşmürəm ki, niyə hamı noyabr və martda kinolarını çıxarır? Heç kimdən qorxmuram və heç kimin filmindən çəkinmirəm. Digər aylarda da filmlərinizi təqdim edə bilərsiniz. Bu cür etməklə bir-birimizin ayağının altını qazırıq, özümüz-özümüzə əngəl yaradırıq, satışımıza mane oluruq. Bütün filmlər eyni vaxtda çıxanda, tamaşaçı da çaşır, seçim edə bilmir. Onları da nəzərə almaq lazımdır".