Nadirin varlığı, xalq artistinin qızının erməni sevgisi, türklərin "loxladığı" azərbaycanlılar - HƏFTƏBECƏR
15-08-2016, 10:40
Xumar Qədimova, daha doğrusu isə rəhmətlik Mikayıl Mirzə demişkən, bir azca da dözün, yay "açarları" payıza təhvil verir. Sonra siz də dağdan-bağdan gələrsiz, yeni-yeni, həm də çox maraqlı söhbətlərimiz olacaq. İndilik isə bir şit xəbəri olduğu kimi diqqətinizə çatdırıram. İstirahətdə olan Nadir Qafarzadə yazır:
"Bütün Azərbaycana salamlar! Məni sevənləri Allah saxlasın, sevməyənlər onsuz da savadsız və zövqsüz, cahillərdir! Onların sevgisi də özləri kimi keyfiyyətsizdir! Çünki mənim varlığım onları narahat edir! Mən Allahın mübarək və seçilmiş bəndəsiyəm! Nə xoş mənə! Səhifəmə girib, təhqir və söyüş yazanlar, yazdıqlarınız özünüzə, ananıza, bacınıza və bütün nəslinizə!"
Bu, nə ilkdir, nə də son. Bundan sonra da belə statusların yazılacağı şübhəsizdir. Çünki nə bu yazı Nadiri tərbiyələndirmə gücündədir, nə də Nadirin özünün elə bir gücü yoxdur ki, təhqir etməkdən çəkinsin. Fikrimcə, məsələnin bircə çıxış yolu var. Belələrini məclislərinizə çağırmırsınız, əvvəlki illərdə sizdən qazandıqlarını yeyirlər, içirlər, doyurlar. Sonra pul qurtarır, nəsə almağa da pul olmur, barmaqlarını sorurlar. Yeri gəlmişkən, belələri heç də az olmayıb. Çünki xalq qaldırdığını oradan elə bir yerə çırpır ki, gerisini yazmıram. Çünki mənim oxucularım çox arifdirlər, işarə bəs edir.
Xalq artisti Ramiz Novruzun qızı, stilist Şəfəq Novruzova neçənci dəfədir ki, erməni söhbətiylə gündəmə gəlir. Stilist bu dəfə erməni həmkarı Georgi Kotla səmimi fotosunu paylaşıb və yazıb:
"Allaha sizi yaratdığı üçün minnətdaram. Yaxşı ki, varsınız. Sağ olun ki, Allah tərəfindən sizə verilən istedadı bizimlə bölüşürsüz. Sizi çox sevirəm və hörmət edirəm. Mənim əziz ustam".
Adətən belə məqamları "sözün bitdiyi yer" adlandırırlar. Amma məncə, bu dəfə sözü Ramiz Novruz deməlidir. Düzdür, Şəfəq uşaq deyil, amma hər halda onun bu addımının belə ictimailəşməsinin əsas səbəblərindən biri atasının bu ölkənin xalq artisti fəxri adını daşımasıdır.
Müğənni Nura Suri, mənə görə, heç vaxt güclü, hətta ortabab müğənni də deyil. Amma Azərbaycanın ən intellektual 3-4 sənətçisindən biridir. Maraq üçün, Şri-Lankada çayın bir kilosunun qiymətini soruşsan, bəlkə, onu da biləcək. Bəlkə də, bir az mübaliğəli oldu, amma intellektual olduğu reallıqdır. Elə realist olduğu da reallıqdır. Bodrumda istirahətdə olan sənətçinin yazdıqlarından:
"Bodrumda "wi-fi" ciddi problemdir! Super otellərdə belə "wi-fi" yaxşı işləmir. Bizimkilərə də "lox" kimi baxırlar. Özlərinə 1 manata olan malı bizimkilərə 100-ə satırlar. Havası, suyu, otelləri qəşəng olmasa, heç vaxt buraya gəlmərəm. Biz isə onlara qonaq deyib, hər şeyin ən yaxşısını qabaqlarına qoyuruq. Halbuki, burada turizm azərbaycanlıların pulu ilə inkişaf edib".
Buna görə Nuranı düşmən elan edən, iki qardaş ölkənin münasibətlərinə xələl gətirdiyini düşünüb məzəmmətləyənlər olacaq. Amma elə birinci o adamların özünü məzəmmətləmək lazımdır. Bəli, qardaşıq, müttəfiqik. Qardaş qardaşın evinə gedəndə "fransuzki" qalstuk əvəzinə "ərəbski" qalstuk itələmək lazımdır?
Sən demə, əməkdar artist Tünzalə Ağayeva nurçubaş Fətullah Gülənin sözlərinə yazılmış mahnı oxuyubmuş. Ay Tünzalə xanım, mən heç sizin bu istedadınızı bilmirdim, tova!
Müğənni Günel Zeynalova (Azəri Günel) qətliam günlərimizdə Türkiyə kanallarında oxuyub-oynasa da, hərdən təəssübkeşliyi də var. Həmyerlimiz deyib ki, yalnız bir dəfə ailə quracağam, çünki Azərbaycanda bir dəfə evlənirlər, eyni yastığa baş qoyub, orada da qocalırlar. Sağ ol, ay Günel. Bilirəm, onsuz da türklər bu yazını oxumurlar, ona görə açıq yazıram. Başlarına yazı qəhət deyil ki, mənim yazımı oxusunlar. Amma son illər Azərbaycanda bir dəfə ailə qurana sanki pis baxırlar. Kənardan belə təəssürat yaranır ki, birinci dəfə "məşq edib" ikinci dəfə uzunmüddətli ərə gedirlər. Təbii ki, istisnalar həmişə var.
Milli.Az