Xalq artistindən həmkarına yeni ittihamlar
28-08-2016, 21:05
Flora Kərimova: “Zeynəb Xanlarova, sən necə Əziz Əliyevin evində yaşamağa razı olmuşdun?”
Bu günlərdə xalq artisti Flora Kərimovanın həmkarı Zeynəb Xanlarova haqqında səsləndirdiyi qalmaqallı fikirlər gündəmin ən çox müzakirə edilən mövzularından birinə çevrilib. Bir-birinin ardınca bir neçə mətbuat orqanına açıqlama verən Flora Kərimova Zeynəb Xanlarovanı nə sənətkar, nə də siyasətçi kimi tanımadığnı deyib, həmçinin həmkarı barəsində bəzi ağır ittihamlar səsləndirib. Xalq artistinin bu cür mövqeyi mətbuatda, ictimaiyyətdə geniş müzakirələrə səbəb olub, birmənalı qarşılanmayıb. Bir neçə sənətçi, o cümlədən, müğənni Faiq Ağayev qalmaqala müdaxilə edərək xalq artisti Flora Kərimovaya öz iradlarını bildirib.
Bəs görəsən Azərbaycanın musiqi mədəniyyətinə öz möhürünü vurmuş iki böyük sənətkarının arasında bu cür qalmaqalın yaranmasına səbəb nədir? Xalq artisti Flora Kərimovanın həmkarı haqqında ağır ittihamlar səsləndirməsinə nə vadar edib?
Məsələ ilə bağlı Flora Kərimova “Yeni Müsavat”a geniş açıqlama verib.
Xalq artisti qalmaqalın hansı səbəbdən yaranmasına bu cür aydınlıq gətirdi: “Mənim kiməsə müsahibə vermək fikrim yox idi. Qalmaqallı müsahibəni dərc edən saytın əməkdaşları bir ay mənə zəng edib xahiş etdikdən sonra, axırda onları bağda qəbul etdim. Onlardan xahiş etdim ki, yazını mən oxumamış dərc olunmağa verməyin. Çünki orda Heydər Əliyevə, iqtidara yaltaqlıq edib, sonra ona olan sədaqətsizlikdən söz getmişdi. Heydər Əliyev elə bir insandır ki, istəmirdim onun adı belə cılız olaylarda səslənsin. Bu haqda saytın özü də düşünməli idi ki, onun adı belə cılız olaylarda səslənməsin. Onların nəfisləri və reytinq dalınca qaçmaq maraqları onun adından, hörmətindən üstün gəldi. Mən məhz bunu düşünüb dedim ki, oxunmamış yazını dərc etməyin, ancaq onlar düşünmək marağında deyildilər. Mən bunu məhz Heydər Əliyevin ruhuna hörmətsizlik kimi qəbul etdim. Çoxlar da belə düşündü.
Müsahibə zamanı sədaqətsizlikdən söhbət açıldı. İlhamə Quliyeva və Zeynəb Xanlarova, mənim üçün məhz bu iki ad nankorluqda parlaq nümunə idi. Onların nəyi varsa hamısı Heydər Əliyevin sayəsində, onun zəhməti sayəsində olub. İndi deyirlər ki, Zeynəb Türkiyədə olanda onu əl üstə qarşıladılar. Türkiyədə onu heç kim tanımırdı. Bu məhz Azərbaycan və Heydər Əliyevə olan hörmət idi.
O vaxt, seçkilər zamanı Zeynəb Xanlarova demişdi ki, Ayaz Mütəllibova səs verməyən ermənidir. Bunu da bütün qəzetlər yazmışdı. Ayaz Mütəllibov da Heydər Əliyevin qayınatası, Əziz Əliyevin evini ona vermişdi. Görün ondan necə qisas çıxmışdı. Bu, borclu olduğun bir insana, Heydər Əliyevə xəyanət deyildimi? Zeynəbi nə məcbur edirdi, bu təklifə razılıq versin? Çünki yenə də özünü düşündü. Ayaz Mütəllibov prezident idi deyə, yenə də özünü düşündü? Nə tez yaxşılıqları yadından çıxartdı? Düşünürdü ki, Heydər Əliyev Moskvadan bir daha geri qayıtmayacaq?
O evə getməsinə razılıq verməsi artıq Heydər Əliyevə xəyanət idi. Evin ucunu-bucağını təmir edib yaşadı, o vaxta qədər ki, o evin sahibləri yenidən qayıtdı geri. Onda onu evdən çıxardıb dedilər ki, bura sənin yerin deyil. Sən Zeynəb, bunu necə edə bildin? Yəni o qədər başa düşmədin ki, o qədər binalar ola-ola niyə həmin evi sənə verdilər? Acıq vermək üçün. Bəs vicdan hardadır?
Faiq Ağayev yazır ki, Flora Kərimova 2006-cı ildə də demişdi, Zeynəbin çörəyi dizi üstündədir. Bu belədir də. Ona yaxşılıq edən adamın evinə yerləşir. Sən düşünmürdün ki, o evdə Mütəllibovun təbliğatını aparmaqla o insanın ruhunu incidə bilərsən? Elə 2006-cı ildə də məhz bu etibarsızlığa görə mən demişdim ki, Zeynəb, sən çörəyi dizi üstündə insansan.
Ermənistan Azərbaycanın torpaqlarını işğal etmişdi. Bəs sən necə şəhidlərin ruhundan utanmadan Ermənistan xalq artisti adını daşıyırdın? Hamı gözləyirdi ki, işğaldan sonra sən bu addan imtina edəcəksən. Etmədin, heç bu haqda səsini də çıxartmadın. Utanmadın, xəcalət çəkmədin?!
Zamanında Heydər Əliyev Milli Məclisdə təklənəndə onun müdafiəsinə sən səsini qaldırmalı idin. Harada idin, səsin çıxmadı? Mən bunu Zeynəb Xanlarovaya deyil, onun üçün boğazını yırtanlara deyirəm, ona görə məni hədəf seçən insanların yaddaşını təzələyirəm.
Əgər onun sənətindən danışırıqsa, yada salıram ki, nadir hallarda hökumət konsertlərində onun ifaları “xoruz”suz keçməyib. O sənətdə iki nəfərə borcludur, mahnılara görə Ələkbər Tağıyevə, kariyerası və rifahı üçün Heydər Əliyevə. Və ikisinə də xəyanət etdi”.
Xalq artisti bəstəkar Oqtay Rəcəbovun onun haqqında səsləndirdiyi fikirlərə də aydınlıq gətirdi: “Saytlar başlıq yazır ki, Oqtay Rəcəbov deyir ki, Flora Kərimovanın dilini kəsmək lazımdır. Ayıb deyil? Hamı başlığı oxuyur, yazının içərisinə baxmırlar ki, nə var, nə yox. Bu yalandır. Halbuki, o deyib ki, onların arasına girənin dilini kəsmək lazımdır. Oqtayın dediklərini başqa cür qeyd edirlər. İnsanlar da başlayır başlığa cavab verməyə”.
Flora Kərimova bəzi mətbuat orqanlarına giley və iradlarını da bildirdi: “Qarnı vicdanından qabağa olan bəzi media işçilərindən soruşuram, bu yollarla qazandığınız boğazınızdan necə keçir? İkiüzlülük, reytinq xətrinə qazanc əldə edib, böhtan yazaraq ailəni dolandırmaq yeganə yoldur?!”