Azərbaycanlı aktyor Ceki Çanın komandasında - FOTO

30-06-2024, 11:15           
Azərbaycanlı aktyor Ceki Çanın komandasında - FOTO
Kaskadyor Sain Fərhad Fərmanlı tanınmış sənətkarın mərkəzində öyrəndiklərindən danışıb.
Azərbaycanlı aktyor və döyüş səhnələrinin rejissoru Sain Fərhad Fərmanlı Çində dünya şöhrətli sənətkar Ceki Çanın rəhbərlik etdiyi mərkəzdə - Jackie Chan Stunt Team Action Film Training Center-də təlim keçib.
Sainin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, o, bir müddət əvvəl Ceki Çanla görüşüb, ona fəaliyyəti barədə danışıb və onun xahişi ilə videolarını məşhur sənətkara göndərib.
Fərmanlı onunla yenidən görüşmək istəyib, lakin bu, mümkün olmayıb. Buna baxmayaraq, azərbaycanlı aktyor Ceki Çan Mərkəzində döyüş filmləri üçün kaskadyorlar qrupunda xüsusi təlim keçib.
Sainin dediyinə görə, onu orada çox isti qarşıladılar, mərkəzə ekskursiya etdilər, lakin işçilər hər şeyi gizli saxladıqları üçün heç nə çəkməyə icazə verilmədi. Mərkəzə yalnız Ceki Çanın komandasının nümayəndələri və onun dəvət etdiyi şəxslər gələ bilər.
“Mənim duyğularımı və təəssüratımı sözlərlə ifadə etmək mümkün deyil! Döyüş sənətinin və rejissorluğun incəliklərini öyrədirdilər. Təlimlər doğru yolu seçdiyimi təsdiqlədi. Mən Jackie Chan Stunt Team Action Film Təlim Mərkəzinin rəhbəri He Cuna və K-Star Training Academy-nin rəhbəri Filip Sahaquna hər şeyə görə minnətdaram”, - Sain qeyd edib.
Təlim başa çatdıqdan sonra aktyora mərkəz tərəfindən sertifikat təqdim olunub.
O, yeni biliklərini komandası ilə bölüşmək niyyətindədir ki, Azərbaycan filmlərində çəkilişlər zamanı tətbiq etsinlər.
Sain həmçinin yaxın vaxtlarda Ceki Çanın filmlərində rol alacağına da inanır.
“Aktyorun komandası ilə əməkdaşlıqla bağlı da danışıqlar aparılıb. Onları Azərbaycana dəvət etməyi planlaşdırıram. Biz çox isti və dostluq münasibətləri qurmuşuq”, - Sain qeyd edib.
Hazırda o, baş prodüseri, ideya müəllifi və baş rol ifaçısı Emil Qasımovla birlikdə “Qaytan” adlı tammetrajlı döyüş-dram filmi üzərində işləyir. Film əsasən xarici tamaşaçılar üçün nəzərdə tutulub.
Qeyd edək ki, Sain bir sıra Hollivud filmlərində və digər xarici ekran əsərlərində rol alıb.
Hələ 2017-ci ildə o, Kaliforniyada (ABŞ) kaskadyorlar akademiyası tərəfindən təşkil edilən Hollywood Advanced Stunt Kursunda kaskadyorluq təlimini fərqlənmə diplomu ilə başa vurub, həmçinin Universal Studios-da təcrübə keçib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.