Döyülən müğənninin vəkili: “Erməni Vüqarı şantaj edirdi”

28-10-2016, 00:28           
Döyülən müğənninin vəkili: “Erməni Vüqarı şantaj edirdi”
Ötən il toy məclisində oxumaq adı ilə aldadılaraq Rusiyaya dəvət edilən və Moskvada döyülən müğənni Vüqar Muradovun hadisədən sonra polis bölməsində çəkilən görüntüləri yayılıb. Bu gün mətbuatda yayılan video görüntülərdə müğənni yaşlı bir kişi ilə söhbəti edir, sonda işə kişi erməni olduğunu açıqlayır. V.Muradovun erməni ilə ünsiyyətdə olması isə birmənalı qarşılanmayıb və sosial şəbəkələrdə müzakirə olunub.

İfaçı hazırda Avstraliyada olduğu üçün onunla əlaqə saxlamaq mümkün olmasa da, həmin gün Muradovla ilk olaraq danışan hüquqşünası Ruslan Əhmədoğlu hadisəni musavat.com saytına belə şərh edib: “Həmin hadisədən sonra Vüqar ilk olaraq, mənimlə əlaqə saxladı. O ərəfədə mətbuatada hadisə ilə bağlı açıqlamaları Vüqarın vəkili olaraq mən verirdim. Vüqar mənimlə danışanda onu xilas etmiş şəxs var idi. Mən Vüqara dedim ki, yanındakı şəxslə məni danışdırsın. Çünki istəyirdim ki, hadisə ilə bağlı səfirliyə müraciət edək. Həmin kişi ilə danışanda rus olmadığını anladım. Hansı millətdən olduğunu soruşdum, gürcü olduğunu dedi. Ondan xahiş etdim ki, Vüqarı ya səfirliyə, ya polisə çatdırsın. Mənə özünü gürcü kimi qələmə verən şəxs Vüqara kömək edəcəyini dedi. Bildirdi ki, o ərazinin prokuroru da onunla eyni millətdəndir. Vüqar bölmədə olan zaman onunla əlaqə saxlaya bilmirdim. Mən də həmin şəxslə əlaqə saxladım. Mənə söylədi ki, artıq bölmədən çıxıb və Vüqarı polislə əlaqələndirib. O zaman əlavə etdi ki, gürcü deyil, ermənidir. Başladı artıq sözlər danışmağa. “Azərbaycanlı öz həmvətənini necə vəhşiliklə belə hala salıb, amma erməni onu xilas edib”-, deyə istehza da etdi. Vüqar bilməyib ki, o şəxs onu videoya çəkir. Sonra kişi özü də videoya daxil olur, deyir ki, ermənidir. O zaman Vüqar ondan uzaqlaşır. Videoya baxanlar bunun şahidi olacaqlar. Həmin erməni sonra dəfələrlə Vüqara zəng edib pul istədi. Bildirdi ki, pul verməsə, video görüntüləri yayacaq. Mən də Vüqara məsləhət gördüm ki, o adamla ünsiyyətdə olmasın. Çünki etdikləri şantajdır. Bu videonun Vüqara xeyri oldu. Çünki deyirdilər ki, o vəhşi kimi döyülüb. Amma elə olmadığı artıq məlum oldu”.

Qeyd edək ki, ifaçı musavat.com saytına müsahibəsi zamanı hadisənin qisas məqsədi ilə törədildiyini demişdi: “Yaşadığım ərazidə bir oğlan mənə sataşırdı, həyatıma mane olurdu. Bir gün çəkib kənara məsələni aydınlaşdırdım. Mənə dedi ki, məndən xoşu gəlmir, o məhəllədə qalmağımı istəmir. Söhbət uzandı, söyüş söydüyü üçün o insanı möhkəm döydüm. Kişi arasında dava da, yumruq-təpik də olar. Biz kişilər kobud məxluqlarıq. Əzizlərimə söydüyü üçün onu döydüm, peşman deyiləm. Həm də bir il idi ki, o insanın əlindən yığmışdım, maşınımı cızırdı, həyatımı burnumdan gətirirdi. Həmin hadisədən sonra axşam dostlarım, oğlanın qohumları, məhəllənin ağsaqqalları bir araya yığışıb yenidən məsələni həll etdik, söhbət bitdi. O oğlan məndən acıqlı qaldı, Bakı şəhərində məni döydürməkdən qorxdu. Ona görə də Moskvada küçə adamlarına məni döydürdü, qisas aldı. O işi görənlərin çoxu tutulub. Sifarişçi Bakıda yaşadığı üçün o tam cəzasını almayıb, amma nə zamansa qisas günü var. O, 9 milyonun içərisində məni aşağıladı. Düzdür, döyülmək alçalmaq deyil. Amma 1 nəfərin üzərinə 8-9 nəfərin gəlməyi və bəzi savadsız jurnalistlərin yanlış informasiya yayması mənə böyük zərbə oldu. Yalan yazan jurnalistlərə haqqımı halal eləmirəm. İnsanlar onu bilsin ki, məni heç kim soyundurub döyməyib. Məni döyüb pulumu, telefonumu aparmışdılar. Azərbaycanın yaxşı oğlanları mənə Moskvada kömək etdilər. Heç kim yiyəsiz deyil”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.