Mətanət Əsədova keçmiş "Nida"çını həbs etdirdi

2-11-2016, 14:06           
Mətanət Əsədova keçmiş "Nida"çını həbs etdirdi
Müğənni Mətanət Əsədova internetdə onu təhqir edən keçmiş “Nida”çı, hazırda YAP üzvü olan Elsevər Mürsəllinin həbsinə nail olub.

Musavat.com-un məlumatına görə, müğənninin vəkili Ceyhun Yusifov deyib ki, ilyarım əvvəl Elsevər Mürsəlli Mətanət Əsədovanın ünvanına təhqiredici ifadələr işlədib. Buna görə müğənni Mətanət Əsədova Elsevər Mürsəlli barəsində Xaçmaz rayon Məhkəməsinə şikayət ərizəsi təqdim edib.

Bundan sonra E.Mürsəlli barəsində Cinayət Məcəlləsinin 148-ci ( təhqir) maddəsi ilə cinayət işi başlanıb. Rayon məhkəməsi E.Mürsəllinin müğənnini təhqir etməsini təsdiqləyərək, onu 6 ay şərti cəzaya məhkum etmişdi.

Lakin müğənni məhkəmənin qərarı ilə razılaşmayıb və Sumqayıt Apelyasiya Məhkəməsinə müraciət edib. Müğənninin şikayəti üzrə noyabrın 2-də keçirilən iclasda qərar verilib.

Hakim Hüseyn Nəbiyev M.Əsədovanın dəlillərini əsaslı sayıb və E.Mürsəllinin 3 ay müddətinə azadlıqdan məhrum edilməsi haqda qərar verib. E.Mürsəlli məhkəmə zalında həbs olunub. Vəkil C.Yusifov verilmiş qərarın əmələ adekvat olduğunu açıqlayıb.

Qeyd edək ki, Elsevər Mürsəlli bir müddət bundan qabaq özünün internet səhifəsində Mətanət Əsədova və onun həbsdə olan bacısı haqqında qeyri-etik ifadələr işlətmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.