Rasim Balayev: 45 il kamera qarşısında olsam da, indi işsizəm

18-11-2016, 20:07           

Xalq artisti Rasim Balayev yeni çəkilən film və seriallarda rol almamasının səbəbini açıqlayıb.

Musavat.com xəbər verir ki, tədbirlərin birinə qatılan aktyor jurnalistlərin suallarına cavab verib. O bildirib ki, yeni ekran işləri onu qane etmir:

“Mənə deyirlər ki, Rasim bəy, niyə yeni seriallarda sizi görmürük? Mənə təkliflər çox olur, amma məni qane etmədiyi üçün getmirəm. Gərək o layihə, obraz ürəyimcə olsun.

- Yeni ekran işlərini bəyənib çəkilmirsiniz. Sənətdən kənarda qalmaq sizi incitmir?

- Əlbəttə, çətinlik çəkirəm. İstəyirəm ki, işləyim, çalışım. Amma xoşuma gələn layihə olmur. Həyatımın 44-45 ilini kamera qarşısında keçirmişəm, darıxıram, rol oynamaq istəyirəm. İşsiz qalanda əziyyət çəkirəm. Bekarçılıq məni sıxır, depressiyaya düşürəm.

- Dərdləşdiyiniz sənət dostlarınız var?

- Sənət yoldaşlarımın çoxu dünyasını dəyişib, sağ qalanların bəziləri də mənim kimi işsizlikdən əziyyət çəkir. Fuad Poladovla bir müddət çalışdıq, o zaman dərdləşirdik. Bu məni rahatlandırmır. Artıq özümlə çox danışıram.

- Fuad Poladovun Akademik Milli Teatrından getməsini necə qarşıladınız?

- Çox pis qarşıladım. Fuad teatra lazım idi. O, Azərbaycan teatrının görkəmli aktyorudur, onu incitmək olmaz. Fuadın böyük iddiası yoxdur. Hər sənətkar şəxsiyyət olmur, Fuad həm də şəxsiyyətdir. Onu incitməsəydilər, getməzdi. Onun havasını saxlamaq lazımdır. Çünki kaprizli insan deyil.

- Sənət insanları niyə küskün olurlar?

- Müəyyən yaş dövrünə çatırsan. Sonra görürsən ki, ədalətsizlik var və qəlbin dözmür. Cavanlıqda başın işə qarışır, adını qorumaq üçün nəyisə udursan. Müəyyən vaxtdan sonra isə hər şey səni narahat edir.

- Sizcə, ədalətsizliyə qalib gəlmək mümkün deyil?

- İndiyə kimi ədalətsizliyə kim qalib gəlib? Bütün əsrlərdə ədalət uduzub. Xeyirlə şərin mübarizəsi bu günə kimi davam edir. Sonda ədalətsizlik qalib gəlir.

- Bəs niyə filmlərdə daima ədalət qalib gəlir?

- Onu göstərirlər ki, insanlarda inam yaransın, ədalətləri olsunlar. Yoxsa həyatda nadir hallarda ədalət üstünlük təşkil edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.