Direktor teatrı “taxtabiti yuvası” adlandırdı, aləm qarışdı...
3-12-2016, 09:39
“Niyə bir şey olmamış yazırsız ki, ”AzDramada qalmaqal, qalmaqal..." Bu, nə deməkdir?"
Xalq artisti, Akademik Milli Dram Teatrının direktoru Azər Paşa Nemətin teatrla bağlı səsləndirdiyi ifadələr qalmaqala səbəb olub. BakiPost.az-ın yaydığı məlumata görə, teatrın əməkdaşlarından birinin göndərdiyi səs yazısında direktorun teatrı “taxtabiti yuvası” adlandırdığı eşidilir.
A.Nemət teatr əməkdaşlarından biri ilə söhbəti zamanı buraya könüllü gəlmədiyini də deyib: “Azərbaycanda bilirsiniz də, onsuz da qanan, qandıran yoxdur. Ona görə rəhbərlik bilir. Məni cənab prezident bura qoymasaydı, mən bu taxtabiti yuvasında nə gəzirdim?”
Qeyd edək ki, səs yazısı mətbuatda, sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib.
Teatrdan Lent.az-a göndərilən məlumatda bildirilir ki, səs yazısı montaj edilib: “Bu səs yazısının quraşdırılması, yayılması Akademik Milli Dram Teatrına, onun rəhbərliyinə qarşı qərəzdən irəli gəlir. İndi səs oxşatmaq, montaj etmək çətin məsələ deyil. Teatrın direktoru Azər Paşa Nemət kollektivə təqdim olunanda teatrın bütün kollektivinin ona əziz, doğma olduğunu deyib və əlavə edib ki, kollektivə hər zaman hörmət edib, bundan sonra da bu hörmət davam edəcək. Hazırda teatrımızda yeni səhnə əsərləri üzərində iş aparılır, premyeralara hazırlaşırıq. Kollektivin yaradıcı əhval-ruhiyyədə olduğu belə bir vaxtda bu cür səs yazısının quraşdırılması, montajı yaradıcı atmosferə xələl gətirməkdən başqa bir şey deyil və buna təəssüf edirik”.
Bəs, son vaxtlarda qalmaqalları cənginə alan, “taxtabiti yuvası” adlandırılan teatrda nələr baş verir? Azər Paşa Nemətin teatra bu cür münasibəti nədən irəli gələ bilər?
Məsələyə aydınlıq gətirmək üçün xalq artisti Azər Paşa Nemətin şəxsi mövqeyini öyrənməyə çalışsaq da cəhdimiz boşa çıxdı.
Teatrın əməkdaşı, xalq artisti Ramiz Məlik isə olayla bağlı mövqeyini bu cür bildirdi: “Mən inanmıram ki, Azər müəllim belə bir şey desin. Həmin səs yazısı ilə də tanış deyiləm. Buna görə də heç nə deyə bilmirəm. Niyə bir şey olmamış yazırsız ki, "AzDramada qalmaqal, qalmaqal..." Bu, nə deməkdir?"
Xalq artisti Bəsti Cəfərova isə bu haqda danışmaq istəmədiyini bildirdi.
Teatrşünas, professor Məryəm Əlizadə də xalq artistinin teatr haqqında təhqiredici fikirlər söylədiyinə inanmadığını dedi: “İnanmıram ki, Azər Paşa müəllim "AzDrama"nı belə adlandırsın. Çünki Azər Paşa müəllim oradakı sənətkarların hər birinə çox hörmətlə yanaşır. Özü də çox peşəkar rejissorumuzdur. O, nəinki Azərbaycanda, həmçinin keçmiş SSRİ məkanında tanınmış rejissordur. Özü də sənətkar ailəsində anadan olub. Qətiyyən ondan belə şey gözləmək olmaz. Həyatda belə kəlmə işlətməz, bunu bilirəm.
Mətbuat xidmətinin olayla bağlı açıqlamasını oxudum, ordan da dedilər ki, bu səs yazısı montajdır... Bu söhbətlərə son qoymaq lazımdır, bais mövqeyində dayanıb işləmək, sənətlə məşğul olmaq lazımdır".
Xatırladaq ki, xalq artisti Azər Paşa Nemət bu ilin yanvarından Akademik Milli Dram Teatrının rəhbəri təyin olunub. Onun təyinatı ilə teatrda baş verən qalmaqalların səngiyəcəyi gözlənilsə də son aylarda qalmaqallar yenidən vüsət almağa başlayıb. Ən böyük qalmaqal isə görkəmli aktyor Fuad Poladovun teatrdan getməsi ilə bağlı oldu. Xalq artisti haqsızlıqla teatrdan çıxarılan aktyor Hikmət Rəhimova dəstək məqsədilə teatrı tərk etmişdi.
Daha sonra isə teatrın əməkdaşı Elşad Əliyev xəbərdarlıq edilmədən işdən çıxarıldığı üçün teatrı məhkəməyə verdiyini bildirdi. Daha bir qalmaqal isə xalq artisti Zemfira Nərimanovanın adı ilə bağlı oldu.
Aktrisa publika.az saytına açıqlama verərək bildirmişdi ki, Azər Paşa Nemət teatra rəhbər təyin olunandan tamaşalarda ona rol vermir: “Mən bir neçə dəfə ondan soruşmuşam, cavab verib ki, gözlə. Nə vaxta qədər gözləməliyəm. Mən də bəzi aktrisalar kimi onun otağından çıxmamalıyam? Gedib ağız açmalıyam ki, mənə rol ver? Soruşmalıyam ki, niyə məndən xoşun gəlmir? Artıq bezmişəm...”