Rasim Balayev Flora Kərimovaya cavab vermək istəmir: “Sözümün ağasıyam”
20-04-2015, 17:41
“Kimin nə deməsinin mənim üçün önəmi yoxdur. Flora Kərimova istədiyini deyə bilər”. Bunu Modern.az saytına açıqlamasında xalq artisti Rasim Balayev onu xəyanətkar adlandıran müğınni Flora Kərimovaya cavab olaraq bildirib.
Sənətkar əvvəl dediyi sözün üstündə durduğunu vurğulayıb:
“Mən sözümün ağasıyam. Bu əqidənin sahibiyəm. Bəli, cəbhəçilər elə şeylər etdi ki, mən demokratiyaya nifrət etdim. Bu qədər..”.
Qeyd edək ki, Rasim Balayev Əbülfəz Elçibəy hakimiyyətinin ünvanına sərt ittihamla çıxış edib. Məhz cəbhəçilərin yürütdüyü siyasət nəticəsində demokratiyaya nifrət etdiyini bildirib.
R.Balayevin bu fikrinə münasibət bildirən xlaq artisti Flora Kərimova onu xəyanətkar adlandırıb. Müğənni aznews.az-a bildirib ki, Rasim Balayev elə şəxsdir ki, bir vaxtlar Rüstəm İbrahimbəyovun tərəfini tutub, sonra onu qamçılayıb:
“Meydanda yatan bu aktyor səsləndirdiyi fikirləri ilə nə Elçibəyə pislik etdi, nə də demokratiyanı gözdən saldı. Sadəcə o, meydan ideyalarına xəyanət etdi. Elçibəy həyatda öz qiymətini alıb. Onunla razılaşmayanlar da bilir ki, Elçibəy pak insan olub və xalqa xidmət edib. Elçibəyin ünvanına pis söz demək mümkün deyil. Bunları deməklə aktyor görəsən, kimə yarınır? Nə o tərəfdə, nə də bu tərəfdən sınaqdan keçə bilən insan bunu deməklə heç nə qazanmayacaq”.