Fətullahçılar Türkiyənin təkcə bir şəhərindən ABŞ-a 500 milyon dollar transfer ediblər - Şok istintaq sənədi

17-08-2016, 19:05           
Fətullahçılar Türkiyənin təkcə bir şəhərindən ABŞ-a 500 milyon dollar transfer ediblər - Şok istintaq sənədi
Türkiyənin Uşaq vilayəti Baş Prokurorluğunun FETÖ/PDY ilə bağlı hazırladığı istintaq işində təşkilatın son 5 ildə biznesmenlərdən “himmət”, “ianə”, “qurban”, “zəkat” adı altında yığdığı təxminən 500 milyon dolları anonim şirkətlər, ölkə daxili və xaricindəki məktəblər vasitəsilə müxtəlif ölkələrdən ABŞ-a göndərdiyi məlum olub.

Avropa.info xəbər verir ki, prokurorluğun bir il ərzində apardığı istintaq nəticəsində təşkilatın maliyyə strukturu deşifrə edilib.

13 nəfəri həbs olunmaqla 111 şübhəli şəxs haqqında aparılan işlə bağlı istintaq zamanı 2 min 527 səhifəlik dosye hazırlanıb. Dosyedə FETÖ-nün maliyyə strukturu ilə bağlı detallı məlumatlar yer alıb. Ümumilikdə 6 iddiaçı, 60 zərərçəkən, 220 şahid dindirilib. Uşaq vilayətində 1984-cü ildən bu yana təşkilatlanan orqanın maliyyə toplamaq üçün ərsəyə gətirildiyi bildirilir.
Əməliyyat zamanı həbs edilən FETÖ-nün “bürokratiya imamının müavini” Hazim Seslinin “himmət”, “ianə”, “qurban”, “zəkat” adı altında yığılan pulları ABŞ-a ötürməkdə məsul olduğu, anonim şirkətlər vasitəsilə pulu bank sisteminə yatırdığı, BƏƏ, CAR, Tunis, Mərakeş, İordaniya, Almaniya kimi ölkələrdən ABŞ-a pul transfer etdiyi göstərilir.

Təşkilatın sadəcə son 5 ildə Uşaqdan yığıb xaricə ötürdüyü pulun miqdarı 500 milyon dollara yaxındır.
İstintaq işində “iki nömrəli” şübhəli olaraq yer alan və axtarışda olan “İsrail imamı” Harun Tokakın adına “Bank Asya” yolu ilə 105 dəfə milyonlarla lirə məbləğində pul keçirilib. Bu pullar Uşaq vilayətindən xaricə göndərilib.

Beynəlxalq təhsil institutlarının şöbələrinin İstanbulda bir mərkəzdə toplandığı, həbsdə olan biznesmen Hazim Seslinin bu sistemin içində olduğu qeyd edilib. Pul transferlərində əsasən təhsil mərkəzlərindən istifadə olunduğu, təşkilat tərəfindən göstərilən adamlara “Bank Asya” kanalları ilə kredit verilərək, əldə edilən pulun nağd şəkildə çamadanlarla xaricə çıxarıldığı bildirilir.

FETÖ-yə maliyyə dəstəyi vermək istəməyən biznesmenlərə isə fərqli metodlarla təzyiqlər göstərilib. Maliyyə cəzaları ilə yanaşı FETÖ-nün polisdə və məhkəmədə olan təşkilat üzvlərinin biznesmenlərə qarşı əməliyyatlar keçirdiyi, bəzi iş adamlarını iflas etdirdiyi bildirilir.

Təşkilatın Uşaq vilayətində idarəetmə mərkəzi kimi Uşaq Mütəşəkkil Sənaye Regionu İdarəsindən istifadə olunduğu deyilir. İstintaq işində FETÖ lideri Fətullah Gülənin ziyarət edilməsi zamanı çəkilən fotolar, telefon qeydləri, səs yazıları yer alıb. Uşaq vilayətində fəaliyyət göstərən bir çox siyasətçi, idarəçinin FETÖ üzvləri ilə əlaqəli olduğu, KİV nümayəndələrindən təbliğat məqsədilə istifadə etdikləri sənədlərlə sübut edilib.

2015-ci ilin sentyabrında FETÖ-nün maliyyə strukturu ilə bağlı başladılan cinayət işi çərçivəsində 83 nəfər saxlanılıb. Nazım Sesli və Mütəşəkkil Sənaye Regionu idarəsinin sədri Ali Yıldırımla birlikdə 13 nəfərin həbs olunduğu bildirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.