16-18 oktyabr tarixlərində Türkiyənin Tunceli vilayətinin Qutu Dərəsi vadisində keçirilən əməliyyat zamanı öldürülən terrorçulardan biri ilə bağlı maraqlı fakt ortaya çıxıb.
Axar.az xəbər verir ki, PKK sıralarında türk ordusuna qarşı savaşan 21 yaşlı Uğurcan Qoç adlı terrorçu 7 il öncə sabiq prezident Abdullah Güllə görüşübmüş.
5 noyabr 2009-cu ildə Tunceliyə səfər edən Gül əhali ilə görüşü zamanı Qoçu yanına çağırıb, onunla söhbətləşib. Prezidenti qucaqlayan 14 yaşlı yeniyetmə onun əllərini öpməyə çalışıb, “Munzura (Tuncelidə bölgə - red) uzanan əllər qırılsın”, - deyib.
Qeyd edək ki, ikinci kursda liseyi buraxan Uğurcan Qoç bir müddət heç bir iş görməyib, valideynlərindən ayrılıb. 18 yaşı tamam olduqdan sonra məhkəməyə müraciət edərək hərbi xidmətə yollanıb. Hərbi xidmətin bitməsinə 6 ay qalmış isə artıq çəki səbəbindən ordudan tərxis olunub.