Baykal spiker Ocalan isə müavini olacaq

22-06-2015, 11:10           
Baykal spiker Ocalan isə müavini olacaq
Sabah Türkiyə Böyük Millət Məclisi (TBMM) ən uzun iş günlərindən birinə başlayacaq.

ANS PRESS-in məlumatına görə, Dəniz Baykal TBMM-nin ən yaşlı üzvü kimi parlamentin spikeri Cəmil Çiçəkdən vəzifəni təhvil götürəcək. Saat 14.00-də Anıtqəbirə əklil qoyacaq Baykal daha sonra saat 15.00-də TBMM-nin ilk iclasını idarə edəcək.

Sabah keçiriləcək iclasda 550 millət vəkili tək-tək kürsüyə çıxaraq konstitusiyada yazılmış and mətnini türkcə oxuyacaq. Hər bir millət vəkilinin and içməsi ən azı 1 dəqiqə davam edərsə, fasilə verilməsə belə bu mərasimin 10 saatdan çox davam edəcəyi gözlənilir. Millət vəkillərinin əksəriyyətinin oruc tutduqları nəzərə alınarsa iftar fasiləsi ilə birlikdə andiçmə mərasiminin gecənin yarısına qədər davam edəcəyini güman etmək olar.

Uzun iş günü səbəbindən ən gənc 6 millət vəkili müvəqqəti katib statusu ilə Dəniz Baykala yardımçı olacaq və növbə ilə kürsüyə çıxacaq millət vəkillərinin adlarını oxuyacaq. Müvəqqəti spiker Baykala yardımçı olacaq müvəqqəti katiblər bunlardır: HDP-dən Tuba Hezer-1989, AKP-dən Fatma Qayə Gülər-1988, HDP-dən Dilek Öcalan-1987, AKP-dən Əbdürrəhim Boynukalın -1987, HDP-dən Enise Güneyli-1986, AKP-dən Sena Nur Çelik 1986-ci il təvəllüdlü.

Andiçmə mərasimindən sonra TBMM spikerliyinə namizədliyə müraciət prosesi üçün Məclisin fəaliyyətinə 5 gün fasilə veriləcək. Bu müddətdən sonra spikerlik üçün seçkinin ilk turu keçiriləcək.

Millət vəkillərinin andiçmə günü TBMM-dəki otaqlardan istifadə edə bilmələri üçün ötən gün parlamentdə partiya qruplarının nümayəndələrinin müşayiəti ilə püşkatma başlayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.