Qafqaz uğrunda mübarizə və Azərbaycan faktoru

18-09-2019, 07:04           
Qafqaz uğrunda mübarizə və Azərbaycan faktoru
AMEA, Elm Tarixi İnstitutunun

Tarixşünaslıq və Mənbəşünaslıq şöbəsinin müdiri,

tarix üzrə fəlsəfə doktoru, dosent

email: [email protected]

(İkinci məqalə)

Qeyd edək ki, çar Rusiyası Avropanın ona qarşı artan təzyiqlərini Qafqazda və Orta Asiyada işğallar hesabına balanslaşdırmağa çalışırdı. Elə bu məqsədlə də fəal hərbi müdaxilələr I Aleksandrın dövründən etibarən senatda geniş müzakirə olunmağa başladı, Qafqazın və Orta Asiyanın zəngin təbii sərvətləri, coğrafi mövqeyi, əlverişli ticarət yolları üzərində yerləşməsi əsas gətirilərək, Avropanın hücum planlarını elə buradaca neytrallaşdırmaq qərarı qəbul olundu.

Bəhs olunan dövrdə Cənubi Qafqazda siyasi dağınıqlığın hökm sürməsi, Azərbaycanın cənubunda və şimalında mövcud olan xanlıqların bir dövlət halında birləşərək, xarici müdaxiləyə qarşı sipər yarada bilməməsi çar Rusiyasının Qafqaza işğalçılıq yürüşlərini bir qədər də asanlaşdırmışdı. Çar Rusiyasının Qafqaza işğalçılıq yürüşləri “xristian həmrəyliyi” ilə paralel dəstəklənirdi.

“Xristian həmrəyliyi” siyasəti hələ Vyana konqresinin gedişində özünü qabarıq şəkildə göstərmişdi. Bir qədər sonra isə çar Rusiyası da bu siyasəti fəal surətdə müdafiə etməyə başlamışdı. Bu siyasət “Şərq məsələsi”nin bir növ davamı, dövrün siyasi güclərinin əlində olduqca tutarlı bəhanə idi, beləliklə, onlar türk dünyasının nüfuz dairəsində guya əzilən soydaşlarını xilas etmək, müfadiə etmək yolunu seçmişdilər. Əslində isə əsas məqsəd əlverişli coğrafi və strateji mövqeləri olan Qafqaz, Orta Asiya və Qara dənizdən Aralıq dənizinə kimi uzanan ticarət yollarını ələ keçirmək, yeni bazarlar qazanmaq idi.

Çar Rusiyasının bu siyasəti Qafqaza doğru yürüşləri zamanı açıq şəkildə özünü göstərirdi. I Pyotrun dövründə xristian ermənilərin fəal şəkildə himayə olunması indi aktiv fazaya qədəm qoymuşdu.

Ermənilər siyasi təsir aləti kimi

Əvvəlki Səfəvi imperiyasının mirası üzərində yaranmış Azərbaycan xanlıqlarını vahid dövlət şəklində birləşdirmək cəhdlərinin nəticə vermədiyi Qacarlar dövləti də daxili sarsıntılar yaşayırdı. Siyasi pərakəndəliyin hökm sürdüyü Cənubi Qafqaz çar Rusiyası üçün açıq müharibə meydanı oldu.

1804-cü ildən başlanan müharibələr Cənubi Qafqazda Rusiyanın üstünlüyünü ortaya qoydu. Qacarların Rusiya ilə müharibələrdə məğlubiyyəti 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri ilə təsbit olundu. Şərqi Gürcüstandan sonra tarixi Azərbaycan ərazilərinin Arazdan şimaldakı torpaqları çar Rusiyasının nüfuz dairəsinə keçdi. Araz çayından cənubdakı Azərbaycan torpaqları Qacarlar dövlətinin nüfuz dairəsində qaldı. Artıq can verməkdə olan və tarixi ədəbiyyatda “Avropanın xəstə adamı” adlandırılan Osmanlı üçün Qafqaz əlçatan görünmürdü. Çünki o da müharibə meydanlarında məğlub olaraq, Rusiyanın üstünlüyünü Ədirnədə təsdiqləmişdi.

Qafqazda ərazi baxımından üstünlüyünü təmin etmiş çar Rusiyası indi çox ciddi-cəhdlə bölgədə müxtəlif üsullarla “etnik tarazlıq”, “xristian həmrəyliyi” siyasəti yürüdürdü. Bu üsullardan ən geniş yayılmışı isə müqavilə şərtlərinə xrisianlarla bağlı müddəaların daxil edilməsi idi. Əvvəlcə Türkmənçay, sonra isə Ədirnə müqaviləsinin şərtlərinə daxil edilmiş bu müddəalar daha çox xristian ermənilərin himayəsi üzərində quruldu. Hələ tarixən miqrasiya prosesləri nəticəsində Dəclə və Fərat hövzəsində, Kiçik Asiyada Kilikiya bölgəsində toplu halında məskunlaşmış və oradan Anadolu yarımadasının içərilərinə yayılmış ermənilər Qafqaza, tarixi Azərbaycan torpaqlarına, İrəvan və Naxçıvan xanlıqlarının ərazilərinə köçürülməyə başladı. Çar Rusiyasının əsas məqsədi özünə etnik dayaq yaratmaq, gələcəkdə burada baş qaldıra biləcək milli-azadlıq hərəkatlarını yerindəcə boğmaq, bölgənin zəngin təbii sərvətlərini istismar etmək və nəhayət, əlverişli ticarət yolları üzərində nəzarəti itirməmək idi.

Çar məmuru Qriboyedovun layihəsi əsasında hazırlanmış bu planda ermənilərin köçürülməsini təşkil etmək üçün Naxçıvan və İrəvanda köçürmə komitələri yaradıldı. Köçürülənlərə geniş imtiyazlar verildi. Onlar 6 il müddətinə hər cür vergi və mükəlləfiyyətlərdən azad edildi, Qacarlardan alınmış təzminat hesabına onlara xeyli vəsait verildi.

Az sonra Azərbaycan ərazilərində çar Rusiyasının birbaşa göstərişi ilə “erməni vilayəti” yaradıldı, köçürülmələrin miqyası daha da artırıldı. Beləliklə də Avropanı qabaqlayan çar Rusiyası özünə etibarlı dayaq yarada bilmişdi.

“Etnik mozaika” planları

və ya “dağdan gələn bağdakını qovsun” hiyləsi

Qafqazda Avropanı neytrallaşdıran Rusiya indi Orta Asiyada İngiltərənin artan təzyiqləri ilə üz-üzə qalmışdı. Hələ “Ost-Hind” şirkəti vasitəsilə Şərqi Asiyada, Hindistanda geniş müstəmləkəçilik siyasəti aparan Böyük Britaniya Əfqanıstan vasitəsilə Orta Asiyaya daxil olmağa və oradan Xəzər sahilləri vasitəsilə Avropaya uzanan ticarət yollarını qorumağa çalışırdı. Rusiyanın Qafqazda böyük miqyasda qələbələri ingilisləri narahat etmiş və beləliklə, müharibələr qaçılmaz hala gəlmişdi.

Bütün bunlar Orta Asiyada XIX əsrin ikinci yarısında İngiltərə-Rusiya rəqabətini səciyyələndirən başlıca amillərə çevrilmişdi.

Krım müharibəsindəki məğlubiyyətinin acısını çar Rusiyası hələ unutmamış və yeni bir zərbə almamaq naminə, nəyin bahasına olursa olsun, ingilisləri Orta Asiyadan sıxışdırıb çıxarmaq üçün müharibəni ən uyğun yol hesab edirdi. Beləliklə, o zamankı Rusiya hakim dairələrində uzunsürən müzakirələrdən sonra Orta Asiyaya hərbi müdaxilə gündəliyə daxil edildi. 1839-cu ildən fəal hərbi yürüşlərə başlayan çar qoşunları ingilisləri Əfqanıstan sərhədlərinə kimi sıxışdıra bildi. Kokand, Buxara və Xivə xanlıqları işğal edildi. Pamirin işğalı ilə Rusiya Mərkəzi Asiya və Qazaxıstanın işğalını başa çatdırmış oldu.

Bəhs olunan dövrdə “Şərq məsələsi”nin fəal tərəfdarlarından olan İngiltərə Orta Asiyadakı itkilərinin yerini Osmanlının saysız-hesabsız mülkləri hesabına doldura bilmişdi. Berlin konqresində çar Rusiyasının Balkanlar və Osmanlı üzərindəki təsirlərini heçə endirən Böyük Britaniya hökuməti, digər tərəfdən Fransa və Almaniya Anadoludan Aralıq dənizinə və Yaxın Şərqə uzanan yollara nəzarəti ələ keçirmişdilər. Qafqaza yaxınlaşan Avropa dövlətləri çar Rusiyası ilə qonşu olmuşdu.

“Avropanın xəstə adamının cəsədini” sorğu-sualsız bölüşdürməyə çalışan Avropa dövlətləri “Şərq məsələsi”nin həllində sonuncu fazaya daxil olmağa çalışırdı. Bu, nəhəng imperiyanın tərkibində uzun əsrlərdən bəri dost və mehriban qonşuluq şəraitində yaşamış xristianlara geniş hüquqların verilməsi muxtariyyət və ya müstəqillik məsələsi idi. Artıq Balkanlarda bu siyasət öz bəhrəsini vermişdi. Etnik mozaika təsiri bağışlayan Balkanlarda bir neçə yeni dövlət yaradılmış, bəziləri muxtariyyət əldə etmişdi. Bunlar Serbiya, Çernoqoriya, Bolqarıstan idi.

Eyni siyasəti Qafqaz sərhədlərində, Şərqi Anadoluda da həyata keçirmək tələb olunurdu. Az əvvəl Qafqazdakı siyasi təsirlərini gücləndirən çar Rusiyası tarixi Azərbaycan torpaqlarında “erməni vilayəti” yaradaraq, az qala öz üstünlüyünü nümayiş etdirə bilmişdi. Bu ərazilər Şərqi Anadolu ərazilərinə çox yaxın olduğundan və tez-tez Şərqi Anadoluya Rusiya sərhədlərindən kəşfiyyat məlumatları ötürüldüyündən, burada yaşayan digər xristianlar da öz gələcək taleyini həll etməyə çalışırdı. Lakin necə və hansı yolla, kimin himayəsində, müstəqil, yoxsa muxtariyyət formasında? Bax, bu məsələ XIX əsrin sonlarından Qafqazda və Şərqi Anadoluda xarici güclərin rəqabətini yeni müstəviyə keçirən amil oldu.

Əslində, Qafqaz tam olaraq nəzarətə keçmişdi. İndi “Avropanın xəstə adamı”nın, yəni Osmanlının son taleyini həll etmək, xristian amilini bu şəkildə qabartmaqla, türk dünyasına öldürücü zərbə vurmaq və bir daha ayağa qalxa bilməməsini təmin etmək qalırdı. Bu məsələdə də birincilik, liderlik Qərb və Rusiya arasında rəqabətə səbəb olmuşdu.

Bütün XIX əsr boyunca Qafqaza köçürülmələrin sayında ciddi artım müşahidə olunurdu. Əsrin sonlarında ciddi demoqrafik dəyişikliklər göz qarşısında idi. Ermənilərin köçürülməsi keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazisində, çar Rusiyası dövründə İrəvan quberniyasında ciddi demoqrafik dəyişikliyə yol açmışdı. Artıq xristian əhali yerli türkləri, müsəlmanları üstələmiş, bölgə əhalisinin 58%-nə çatmışdı. Demoqrafik dəyişikliklər qısa zamanda yerli əhali ilə toqquşmalara da səbəb olmuşdu. Belə ki, yerli əhalinin münbit əraziləri əllərindən alınmış, daha əlverişsiz ərazilərə köçürülmüş, digər tərəfdən isə, köçürülən ermənilər bütün vergi və mükəlləfiyyətlərdən azad edilmişdir ki, bu da ciddi etnik qarşıdurmalara yol açmışdı. Qeyd olunan bu hal Azərbaycanın digər bölgələrində də müşahidə olunurdu. Xüsusilə Qarabağın yuxarı hissəsi, Bakı quberniyasının bir çox şəhərlərində də eyni vəziyyət hökm sürürdü.

Çar Rusiyasının Qafqazda, xüsusilə Azərbaycanda apardığı bu mənfur siyasəti Azərbaycana köçürülən ermənilərlə yerli türk-müsəlman əhalisi arasında XX əsrin əvvəllərində artıq ciddi toqquşmalara gətirib çıxarmış, soyqırımlara yol açmışdı. Bütün vasitələrlə ermənilərin himayəçisi roluna girişmiş çar məmurları və hakim dairələri 1905-1906-cı illərdə, xüsusilə 1918-1920-ci illərdə tarixi Azərbaycan ərazilərini yerli əhalidən təmizləmək, bu ərazilərdə xristian əhalisini yerləşdirmək siyasətini də unutmadılar.

Bununla əlaqədar Rusiya tarixçisi N.Şavrov yazırdı: “Hazırda (XX əsrin əvvəllərində) Qafqazda yaşayan 1.2 milyon erməninin 1 milyonu bizim tərəfimizdən Qafqaza köçürülmüşdür”.

Qeyd edək ki, çar Rusiyası XX əsrin əvvəllərində daxili və xarici siyasətdəki uğursuzluqlarını, hakimiyyətdəki sarsıntıları bəhs olunan dövrdə etnik qarşıdurmalar yaratmaq yolu ilə aradan qaldırmağa çalışırdı. Xüsusilə rus-yapon müharibəsindən sonra imperiyadakı ciddi təlatümlər mərkəzi hakimiyyəti idarəolunmaz hala gətirmişdi. Daxili çəkişmələr imperiyanın ucqarlarında da hiss olunur, mərkəzdənqaçma meylləri sürətlənirdi.

Lakin çar hakim dairələri, nəyin bahasına olursa olsun Azərbaycanın, Bakının əhəmiyyətini, zəngin təbii sərvətlərini əldən verməmək üçün müxtəlif planlar üzərində çalışırdı.

Bakı neftinin qoxusuna gələnlər


XIX əsrin sonlarından kapitalist istehsal üsulunun genişlənməsi Azərbaycanın, Bakının neft sənayesindən də yan keçməmişdi. Neft sənayesi ilə yanaşı, Azərbaycanın digər bölgələrindən çıxarılan filiz yataqları, əlvan və qara metallurgiya sənayesinin sürətli inkişafı, Xəzərin zəngin balıq ehtiyatı, xüsusilə duz istehsalındakı yeniliklər regionun əhəmiyyətini artırmışdı. Bakı neftinin XIX əsrin sonu – XX əsrin əvvəllərində dünya bazarlarında birinci yerə çıxması isə hadisələrin fövqündə dayanmışdı.

XX əsrin əvvəllərində qlobal güclərin rəqabət meydanında neft amilinin ön plana keçməsi Qafqaza, Azərbaycana marağı yenidən aktuallaşdırmışdı. İndi Qərb dövlətləri, xüsusilə vətəndaş müharibəsindən sonra özünün siyasi sabitliyini təmin etmiş ABŞ bu rəqabətdə öz yerini müəyyən etməyə çalışırdı. Lakin bütün XIX əsrin sonu boyunca ABŞ bu istəyinə nail ola bilməmişdi. XX yüzilliyin əvvəllərində Bakı neft istesalında özünün birinciliyini qoruyub-saxlaya bilmişdi. Qeyd edək ki, neft istehsalında Azərbaycanın dünya birinciliyinə çatmasına bir çox yeniliklər birbaşa təsir edirdi. Xüsusilə Balaxanıda buruqla ilk neft quyusunun qazılması, neft quyularının qazılmasında ilk dəfə buxar mühərriklərindən istifadə edilməsi, neft mədənləri arasında ilk dəmiryolu xətlərinin çəkilməsi Azərbaycanın neft sənayesindəki yeniliklər idi.

1879-cu ildən İsveç kapitalistləri (Nobel qardaşları), 1880-ci illərdən Fransa kapitalistləri, Rotşildlər, 1890-cı illərdən İngilis kapitalistləri, Vişau bu sahədə əsas rəqabət aparan tərəflər idi. Almaniyanın “Simens qardaşları” şirkətinin Gəncə-Qarabağ bölgəsində filiz yataqlarına kapital yatırması isə Azərbaycan bölgələrinin də əhəmiyyətini artırmışdı. Bu dövrdə Cənubi Qafqazda ipək emalı sənayesinin mərkəzinin Azərbaycanın o zamankı Nuxa şəhərində cəmləşməsi və Nuxa şəhərinin “Qafqaz Lionu” adlandırılması da təsadüfi deyil.

Bütün bu amillər Qafqaza, Azərbaycana, Bakıya marağı artırır, Qərbin ən iri neft şirkətləri Bakı neftini ələ keçirməyə çalışırdı. Buna Rusiyada yaranmış qeyri-sabitlik də birbaşa təsir edirdi. Bununla yanaşı, çar hökuməti özünün əlverişli strateji coğrafi mövqelərini itirmək istəmir, müxtəlif planlar hazırlayırdı. Belə planlar sırasında ucqarlarda etnik qarşıdurmaların yaradılması, XX əsrin əvvəllərindən isə seçkili orqanların çağırılması və idarəçiliyə yeni nəfəs gətirilməsi idi. Lakin görülən tədbirlər effektiv nəticə vermədi; çürüməkdə olan monarxiya rejimi ucqarlarda baş qaldırmış milli-azadlıq hərəkatlarının qarşısını ala bilmədi. Dünyanı bölüşdürmək uğrunda qlobal güclər arasında başlanmış mübarizə isə dünya müharibəsinə gətirib çıxardı.

(Davamı var)
antitezis.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.