Azərbaycanın növbəti siyasi uğuru – İƏT-ın Xankəndi toplantısı

Bu gün, 10:24           
Azərbaycanın növbəti siyasi uğuru – İƏT-ın Xankəndi toplantısı
Xankəndi İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşünə evsahibliyini gerçəkləşdirib. Bu, qədim Azərbaycan şəhərində keçirilmiş dünya miqyaslı ilk böyük tədbirdir. Bəli, Xankəndinin Türkiyə, İran, Pakistan, Qırğızıstan, Tacikistan və digər ölkələrin rəhbərlərini, onları müşayiət edən böyük nümayəndə heyətlərini qarşılaması adi hal sayıla bilməz. Qeyri-adilik fonunda diqqət çəkən bir zamanlar yuxu kimi görünən hadisənin gerçəkləşməsidir. Deməli, qürurlanmağa, fəxarət hissi keçirməyə dəyər. Qürur və fəxarət isə gözlərimiz önündə artıq tarixə çevrilmiş keçmişi canlandırır.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibədə şanlı Zəfər qazanmış Azərbaycan işğal altındakı torpaqlarını azad etdi. Hərbi əməliyyatlar gedişində 300-dən çox yaşayış məntəqəsi yağı tapdağından qurtuldu. 2020-ci il noyabrın 8-də Şuşa qələbəsi yaşananda, istər-istəməz gözlər Xankəndiyə dikildi. Lakin Xankəndi zəfəri özünü daha üç il gözlətdi. Ancaq o anın yaşanacağına inam bir gün belə sarsılmadı.
Ölkəmizin rəhbəri bütün sözlərini tutduğu kimi, Xankəndi sözünü də tutdu. Əlbəttə, Xankəndi üzərində tam hakimiyyətimiz bərpa olunmasaydı, 44 günlük müharibədəki Zəfər yarımçıq qalardı. Bunu dövlətimizin başçısı da müxtəlif çıxışlarında bildirib. Ancaq 2023-cü ilin sentyabrınadək bu şəhər Vətən müharibəsindən sonrakı dövrdə bəzən hərbi toqquşmalar məcrasına keçmiş siyasi, diplomatik və psixoloji mübarizəmizin hədəfinə çevrildi.
Ermənistan işğalda saxladığı bölgələrimizi xarabazara çevirdi, bir daşı belə daş üstə qoymadı, talanlar, qarətlər gerçəkləşdirdi. Elə Xankəndi də işğal illərində yeniliklər görmədi. Şəhərdəki tikililər, tam əksəriyyət etibarilə, keçmiş SSRİ dövründə Azərbaycan hakimiyyətinin, azərbaycanlıların mirasıdır.
Prezident İlham Əliyev Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşü zamanı çıxışında bildirdiyi kimi Ermənistan Azərbaycan ərazilərinin təxminən 20 faizini 30 ilə yaxın işğal altında saxlamış, etnik təmizləmə həyata keçirmiş, bir milyondan artıq soydaşımızı öz dədə-baba torpağından didərgin salmışdır.
İşğal dövründə Ermənistan şəhər və kəndlərimizi, mədəni və dini abidələrimizi yer üzündən silmişdir. 67 məsciddən 65-i Ermənistan tərəfindən yerlə-yeksan edilib, qalan ikisi isə ciddi zərər görüb, donuz və inək tövləsi kimi istifadə olunub. Bu, İslam dininə və dünya müsəlmanlarına qarşı hörmətsizlik və təhqir idi. Qəbiristanlıqlar da vandalizmə məruz qalıb, dağıdılıb, qəbir daşları talanaraq Ermənistana aparılıb.
Dövlət qurumlarından ibarət komissiya öz işinə xarici ekspertləri cəlb edərək, beynəlxalq təcrübədən yararlanmaqla işğal nəticəsində Azərbaycana vurulmuş zərəri təxminən 150 milyard ABŞ dolları məbləğində qiymətləndirilib.
Bu gün Azərbaycan Ermənistanın xarabazara çevirdiyi torpaqlarda yeni şəhərlər və kəndlər inşa edir. “Böyük Qayıdış” Proqramı icra edilir. Bu günə qədər 16 şəhər və kəndə keçmiş məcburi köçkünlərin qayıdışını təmin etmişik. Hazırda azad edilmiş ərazilərdə 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır. İşğaldan azad olunmuş bütün bölgələrimizdə olduğu kimi, Xankəndidə də böyük quruculuq və abadlıq işləri gerçəkləşdirilməkdədir. Bu tədbirlər dövlətimizin, xalqımızın doğma torpağa və yurda sahiblənmək əzminin göstəricisidir.
Zirvə toplantısındaki çıxışında ölkə başçısı qeyd edib ki, Azərbaycan ECO-nun işində həmişə fəal iştirak etmişdir.
Ölkəmizin ECO-ya üzv ölkələrlə əlaqələri uğurla inkişaf edir. Keçən il tarixdə ilk dəfə olaraq ECO məkanında COP29 konfransı keçirilmişdir. Bu konfransda 197 ölkə, 70 dövlət və hökumət başçısı iştirak etmiş, 77 min şəxs qeydiyyatdan keçmişdir.
COP29 Konfransinda əldə edilmiş əsas nailiyyətlər inkişaf etməkdə olan ölkələrə maliyyə yardımının 100 milyarddan 300 milyard ABŞ dollarına qədər artırılması, İtki və Zərər Fondunun işlək vəziyyətə gətirilməsi və karbon bazarları barədə razılaşmalardan ibarət olmuşdur.
Tam əminliklə deyə bilərik ki, İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşünün də məhz bu qədim şəhərimizdə təşkili həmin sahiblənmək əzminin və mübarizliyin növbəti təntənəsidir. Təntənə isə ənənə üçün bünövrədir, başlanğıcdır. Dünyaya Azərbaycanın səsinin bəyan edildiyi mərkəzə çevrilmiş Xankəndinin günü-gündən inkişaf edəcəyinə, çiçəklənəcəyinə, bu qədim şəhərimizin qarşıdakı müddətdə də böyük toplantılara evsahibliyini gerçəkləşdirəcəyinə, həmişə hər bir azərbaycanlının, dostlarımızın qürur və fəxarət yeri olacağına əminik.


Altay Əliyev – Şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin fəxri üzvü













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.