ABŞ-ın "Patriot" sistemləri üçün cəmi 25% raketi qalıb - KİV
Bu gün, 00:10

ABŞ-ın "Patriot" zenit-raket kompleksləri üçün nəzərdə tutulmuş raketlərinin cəmi təxminən 25%-i qalıb. Bu raketlər Pentaqonun hərbi planlarının icrası üçün həyati əhəmiyyət daşıyır. Mövcud ehtiyatların bir hissəsi Yaxın Şərqdə istifadə olunub.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian” öz mənbələrinə istinadla yazır.
Jurnalistlərlə danışan mənbələrin bildirdiyinə görə, ABŞ-ın Ukraynaya hərbi yardımını dayandırmasının səbəblərindən biri də məhz "Patriot" sistemləri üçün raket çatışmazlığı ola bilər. Onların sözlərinə görə, hazırda Vaşinqtonun döyüş sursatı ehtiyatları operativ planların yerinə yetirilməsi üçün zəruri olan minimum həddən aşağıdır.
Nəşr qeyd edir ki, Pentaqonun sursat ehtiyatlarını izləyən monitorinq sisteminə əsasən, bir sıra kritik əhəmiyyətli döyüş sursatlarının ehtiyat səviyyəsi artıq bir neçə ildir minimal səviyyənin altındadır. Mənbələrin sözlərinə görə, bu ehtiyatlar xüsusilə ABŞ-ın keçmiş prezidenti Co Baydenin administrasiyası Ukraynaya hərbi yardım göndərməyə başladıqdan sonra sürətlə azalmağa başlayıb.
Məqalədə vurğulanır ki, hazırkı prezident Donald Trampın administrasiyası təxminən fevral ayından etibarən "Patriot" raketlərinin və digər sursatların ehtiyat səviyyəsini yenidən nəzərdən keçirməyə başlayıb. Lakin vəziyyət daha da pisləşib, çünki ABŞ son zamanlar Yaxın Şərqdə bu sistemlərin daha çox yerləşdirilməsinə qərar verib.
Daha əvvəl "Bild” nəşri hərbi analitiklərə istinadla yazmışdı ki, Ukrayna yaxın bir-iki həftə ərzində "Patriot" sistemləri üçün raket ehtiyatını tamamilə tükədə bilər.
Hərbi ekspert Tomas Taynerin fikrincə, əgər Ukrayna "Patriot" üçün raketsiz qalarsa, Rusiya ballistik və qanadlı raketlərinin qarşısını almaq mümkün olmayacaq.