Azərbaycan–Özbəkistan strateji tərəfdaşlığı günü-gündən genişlənir

Bu gün, 11:36           
Azərbaycan–Özbəkistan strateji tərəfdaşlığı günü-gündən genişlənir
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin diplomatik münasibətlərin 30-cu ildönümündə Azərbaycana dövlət səfəri iki ölkə arasında strateji tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Bu səfər təkcə siyasi və diplomatik əhəmiyyət daşımır, eyni zamanda, iqtisadi əməkdaşlığın dərinləşdirilməsi və institusional çərçivədə möhkəmləndirilməsi baxımından ciddi irəliləyişlərə zəmin yaradır.
Azərbaycan və Özbəkistan arasında uzunmüddətli Azad Ticarət Sazişi və MDB çərçivəsində çoxtərəfli azad ticarət rejimindəki fəal iştirak bu iki ölkənin güclü və ardıcıl artan iqtisadi münasibətlərinin əsasını təşkil edir. 2024-cü ildə Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 252 milyon dolları ötərək əvvəlki illə müqayisədə 41 faiz artıb. Azərbaycan Özbəkistana 211,7 milyon dollar dəyərində məhsul ixrac edib (60,8 faiz artım), Özbəkistandan isə 40,3 milyon dollar dəyərində idxal həyata keçirib (16,8 faiz azalma).
Son beş ildə Özbəkistanın Azərbaycana ixracı əhəmiyyətli dərəcədə artaraq 2018-ci ildəki 32 milyon dollardan 2023-cü ildə 147 milyon dollara çatıb ki, bu da illik orta hesabla 35,6 faiz artım deməkdir. Eyni dövrdə Azərbaycanın Özbəkistana ixracı 9,7 milyon dollardan 100 milyon dollara yüksələrək illik orta hesabla 59,5 faiz artım nümayiş etdirib. İqtisadi əməkdaşlığın dərinləşməsi təkcə ticarət artımı ilə məhdudlaşmır – bu prosesə Azərbaycan–Özbəkistan İnvestisiya Fondu kimi birgə investisiya mexanizmləri, avtomobil istehsalı, enerji və aqrosənaye klasterləri üzrə birgə layihələr də əlavə olunur. Bu istiqamətlər üzrə inkişaf iki ölkə arasında çoxşaxəli iqtisadi inteqrasiyanın möhkəmləndiyini göstərir.
2024-cü ildə 13 min 965 nəfər Azərbaycan vətəndaşı Özbəkistana səfər edib, 46 min 391 nəfər Özbəkistan vətəndaşı isə Azərbaycana gəlib ki, bu da xalqlararası əlaqələrin və ikitərəfli münasibətlərin güclənməsini əks etdirir. 2025-ci ilin yalnız birinci rübündə 3 min 95 azərbaycanlı Özbəkistana, 9 min 222 özbək isə Azərbaycana səfər edib. Bu göstəricilər qarşılıqlı mobilliyin və humanitar əlaqələrin müsbət trayektoriyasının qorunduğunu bildirir.
Ticarət dövriyyəsi ilə bağlı qarşıya qoyulan 1 milyard dollarlıq hədəf əlaqələrin davamlı inkişaf etdiyini göstərir. Bu məqsədlə imzalanan 2024–2025-ci illəri əhatə edən Praktiki Fəaliyyət Planı qarşılıqlı iqtisadi fəaliyyətin konkret sahələr üzrə genişləndirilməsinə yönəlib. Eyni zamanda, Ali Dövlətlərarası Şuranın təsisi və strateji tərəfdaşlıq üzrə Yol xəritələri münasibətlərin siyasi-hüquqi çərçivəsini gücləndirərək onları davamlı və proqnozlaşdırılan edir.
Özbəkistanın Füzuli rayonunda məktəb tikintisinə verdiyi dəstək bu əməkdaşlığın yalnız iqtisadi deyil, həm də humanitar və simvolik məzmun daşıdığını göstərir, Qarabağın yenidən qurulmasında regional həmrəyliyi əks etdirir. Azərbaycanın və Özbəkistanın TDT, MDB və BRICS+ kimi platformalarda artan koordinasiyası isə onların regional və qlobal miqyasda ortaq iqtisadi və siyasi gündəmlər formalaşdırmaq niyyətini təsdiqləyir.
Özbəkistan iqtisadiyyatı 2024-cü ildə güclü və çoxşaxəli artım tempini qoruyaraq ÜDM həcmini 115 milyard dollara çatdırıb və bu, əvvəlki illə müqayisədə 6,8 faiz artım deməkdir. Sərmayə fəaliyyətində də nəzərəçarpan canlanma müşahidə olunub. Əsas kapitala yönələn investisiyalar 27,6 faiz artaraq 39 milyard dollara çatıb ki, bu da ölkədə infrastruktur və sənaye sahələrində güclü inkişaf impulsunun davam etdiyini göstərir. Xarici birbaşa investisiyaların ümumi həcmi 11,9 milyard dollara çatıb və bu məbləğin 2,3 milyard dolları Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərdən daxil olub. Bu tendensiyalar Özbəkistanın xarici investorlar üçün cəlbediciliyinin artdığını, regional əməkdaşlığın isə real iqtisadi nəticələr verdiyini nümayiş etdirir.
Beləliklə, bu səfər yalnız diplomatik mərasim deyil, iqtisadi reallıqlar üzərində qurulmuş, institusional dayanıqlığa əsaslanan və strateji baxışla irəliləyən bir tərəfdaşlıq modelinin əsasını qoyur. Azərbaycan və Özbəkistan arasında formalaşan bu yeni format Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında inteqrasiya və qarşılıqlı asılılığın dərinləşməsi baxımından regional geoiqtisadi strukturun yenidən qurulmasına töhfə verə bilər.


Tufan Məmmədov – iqtisadçı ekspert













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.