Müxalifət onu ümumi lider səviyyəsinə qaldırmaqdan çəkinir - ÇÜNKİ...
Bu gün, 17:36

Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvilinin Tbilisi meri vəzifəsinə namizədliyinin irəli sürülməsi təklif edilib.
Bu təşəbbüslə müxalif “Güclü Gürcüstan” koalisiyasının liderlərindən biri Aleko Elisaşvili “TV Pirveli” kanalının efirində çıxış edib.
A.Elisaşvilinin təklifinə əsasən, S.Zurabişvili müxalifətin Tbilisi merliyinə vahid namizədi olmalıdır.
Siyasətçi müxalifəti yerli seçkilərdə altı iri şəhərdə mübarizə aparmağa, digər şəhərlərdə isə seçkiləri boykot etməyə çağırıb. O qeyd edib ki, müxalifət emosiyaları kənara atmalı və mübarizə strategiyası barədə düşünməlidir.
Qeyd edək ki, S.Zurabişvili yerli seçkilərlə bağlı mövqeyini sabah ictimaiyyətə açıqlayacaq.
Xatırladaq ki, Gürcüstanda yerli seçkilər bu ilin oktyabrın 4-nə təyin olunub. Seçicilər 64 şəhər və rayon üzrə mer və sakrebulolara (məşvərətçi orqanlar) deputatlar seçəcəklər.
Politoloq Turab Rzayev Sherg.az-a bildirib ki, Salome Zurabişvili müxalifətin vahid namizədi olmaq istəyir:
"Bu isə əvvəlki cəhdlərində uğursuz oldu, bacarmadı, amma yenə də fəaliyyətini davam etdirir. Düşünür ki, bütün müxalifət onu qəbul edəcək. Yəni, əsas müxalifət partiyaları bu istiqamətdə çalışırlar. Aydındır ki, qarşıdan gələn seçkilərdə ona baş nazir mövqeyi verilməyəcək. Prezident postunu isə artıq faktiki olaraq itirib. Hakimiyyət müxalifətə keçməsə, o bu postu geri ala bilməyəcək. Ona görə də indi hansısa rəhbər vəzifəyə iddia edir ki, bu da müəyyən mənada başadüşüləndir. Amma məsələ ondadır ki, müxalifət onu qəbul edərmi? Bu, sual altındadır. Çünki müxalifətin öz daxilində fərqli mövqelər var — bəziləri parlamentdə, bəziləri meydanda, bəziləri isə proseslərdən kənardadır. Müxalifət niyə onun şərtlərini qəbul etməlidir? İkinci məsələ isə budur ki, Salome Zurabişvili ilə bağlı ziddiyyətli məqamlar var. Müxalifət onu ümumi lider səviyyəsinə qaldırmaqdan çəkinir. Digər tərəfdən, bəzi partiyalar və onların liderləri şəxsi səbəblərdən onu rəhbər kimi qəbul etmək istəmirlər. Eyni zamanda, Salomenin özü də vəziyyəti başa düşür. Əlavə təhlükə odur ki, o, əvvəlki mövqeyindən uzaqlaşıb, amma bu dəyişiklik onun lehinə də işləyə bilər".
Politoloqun fikrincə seçki ərəfəsində baş verəcək siyasi proseslər nəyisə dəyişə bilər:
"Lakin yenə müxalifət daxilində, heç olmasa, Salomenin ətrafında belə bir vahid birlik yaranacaqmı? Bəziləri düşünür ki, seçkilərə qədər Tiflisdə müxalifətin birliyi formalaşa bilər və bu birlik daha sonra parlament seçkilərinə də təsir edər. Üstəlik, onun Fransadan və xaricdən müəyyən dairələrdən ciddi dəstəyi var. Bu da onun seçki kampaniyasına kömək edə bilər".