Tarixdə iz qoyanlar: Azərbaycanın Ermənistana göndərdiyi ilk DİPLOMAT…

6-06-2020, 11:44           
Tarixdə iz qoyanlar: Azərbaycanın Ermənistana göndərdiyi ilk DİPLOMAT…
Modern.az saytında “Tarixdə iz qoyanlar” rubrikasının növbəti yazısını təqdim edirik.
Rubrikamızda vaxtilə Azərbaycanda məşhur olmuş adlı-sanlı simalar barəsində arxivlərimizdə toz basmış materiallara işıq salınacaq. Tariximizdə iz qoymuş bu şəxslər bəlkə də yaşlı nəslin yadından çıxmayıb, amma orta və gənc nəsil onlar haqqında ya çox az bilir, ya da məlumatlı deyil.
Bu səbəbdən də arxivlərdə qorunan materialların dərc olunması kimlər üçünsə gərəkli sayıla bilər.
Azərbaycan Xalq Cümhuriyyətinin dövlət xadımi və tanınmış diplomatlarından biri də Məmməd Xan Təkinskidir. Tariximizin hər bir səhifəsinə dərin hörmət və ehtiramla yanaşaraq arxiv sənəd və materialları, həmçinin həmin dövrün mətbuatı və digər mənbələr əsasında Məmməd xan Təkinski haqqında hazırladığım bu məqaləni hörmətli oxucularımızın diqqətinə çatdırıram.
Məmməd Xan Təkinski Azərbaycan Xalq Cümhuriyyəti dövründə müxtəlif vəzifələrdə dövlətinə və xalqına layiqincə xidmət etmiş şəxslərdəndir. Məmməd Xan Təkinski Zaqafqaziyada azğın erməni-daşnak qüvvələrinin dinc müsəlman əhalisinə qarşı törətdiikləri zorakılıq və vəhşiliklərin tədqiq edilməsi üçün Cümhuriyyət hökumətinin qərarı ilə 1918-ci il iyulun 15-də yaradılmış Fövqəladə İstintaq Komissiyasının (iyul-dekabr) üzvü olmuşdu.
Məmməd xan Təkinski 1919-cu il yanvarın sonlarında Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Ermənistanda diplomatik nümayəndəsi təyin edilmiş, Naxçıvan mahalında “erməni idarəçiliyi”nə son qoyulması məsələsinin zəruriliyini dəfələrlə Ermənistandakı beynəlxalq missiyaların qarşısında qaldırmış və Cümhuriyyət hökumətininbu işə fəal müdaxilə etməsinə çalışmışdır. M.X. Təkinskinin milli mənafelərin müdafiəsinə yönəlmiş fəal diplomatik mövqeyindən narazı qalmış Ermənistanın daşnak hökuməti onun geri çağrılmasına nail olmuşdur. M.X.Təkinski geri çağırıldıqdan sonra Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 11 oktyabr 1919-cu il tarixli qərarı ilə 1919-cu il oktyabrın 1-dən etibarən Xarici işlər nazirinin müavini vəzifəsinə təyin edilmiş və Azərbaycan sovetləşdirilənədək bu vəzifəni icra ermişdir. Lakin təəssüflər olsun ki, M.X.Təkinskinin Cümhuriyyət dövründəki fəaliyyəti bu günə qədər kifayət qədər tədqiq edilməmişdir.

1918-1920-ci illərdə azğınlaşmış erməni-daşnak qüvvələrinin İrəvan quberniyasının türk-müsəlman əhalisinə qarşı törətdikləri vəhşiliklərin qarşısının alınmasında, eləcə də qaçqınların problemlərinin həllində Məmməd Xan Təkinskinin xidmətləri danınmazdır. Məlum səbəblər ucbatından əvvəlki dövrlərdə nəşr olunmuş kütləvi ensiklopedik nəşrlərdə, həmçinin digər kütləvi nəşrlərdə Məmməd Xan Təkinski haqqında hər hansı bir məlumat dərc edilməmişdir.
Hazırki dövrdə cəmiyyətimizdə Məmməd Xan Təkinski haqqında məlumat çox azdır.
M.X.Təkinskinin Cümhuriyyət dövründə fəaliyyəti haqqında qısa və natamam məlumat yalnız 2005-ci nəşr olunmuş “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nın II cildində dərc edilmişdir. Yeri gəlmişkən qeyd edirik ki, M.X. Təkinskinin diplomatik və xarici işlər nazirinin müavini və müvəqqəti olaraq xarici işlər naziri vəzifəsinin icrası üzrə fəaliyyəti Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən işləyib hazırlanmış «Азербайджанская Демократическая Республика(1918-1920). Внешняя политика. Баку-1998» ; «Азербайджанская Демократичская Республика(1918-1920).Армия.Баку -1998» və «Азербайджанская Демократичская Республика(1918-1920).Законодательные акты.Баку -1998» adlı sənədlər məcmuələrində əks etdirilmişdir. Bu məqaləni hazırlayarkən həmin məcmuələrdə əks edilmiş arxiv sənədlərindən və digər mənbələrdən istifadə edilmişdir. Əlavə olaraq qeyd edirik ki, Azərbaycan Respublikasının Dövlət Arxivlərində Məmməd Xan Təkinskinin şəxsi işi və yaxud onun formulyarsiyahısısaxlanmadığı üçün onu aşkar etmək mümkün olmamışdır.
Tədqiqatçı-alim Ataxan Paşayev “Məmməd xan Təkinski kimdir?” adlı məqaləsində qeyd edir ki, “...Ukraynanın Odessa şəhərində xidməti ezamiyyətdə olarkən Odessa vilayətinin dövlət arxivində də olduq. Oradan digər sənədlərlə yanaşı vaxtilə Novorossiysk Universitetində təhsil almış azərbaycanlı tələbələrin də şəxsi işlərini aşkar edərək surətlərini gətirdik. Həmin işlər arasında Novorossiysk Universitetinin hüquq fakultəsinin tələbəsi olmuş Məmməd Xan Təkinskinin də şəxsi işi var”.
Bunu Məmməd Xan Təkinskiyə aid ilk şəxsi işin olduğunu qeyd edə bilərik. Lakin təəssüflər olsun ki, onun bir surəti Dövlət Arxivlərinə ötürülmədiyindən ondan istifadə etmək mümkün olmamışdır. Tədqiqatçı –alim A.Paşayev “Məmməd Xan Təkinski kimdir?” adlı məqaləsini hazırlayərkən M.X.Təkinskiyə aid bir sıra bioqrafiq məlumatları məhz onun şəxsi işindən əldə etmişdir. Xatırladırıq ki, 1918-1920-ci illərdə Cümhuriyyətin hökumət kabinələrində vaxtılə Avropa və Rusiyanın ən yaxşı Universitetlərində və texniki ali məktəblərində yüksək təhsil almış nazirlər təmsil olunmuşdular. Həmin tarixi şəxsiyyətlərin şəxsi işlərini, həmçinin Azərbaycan tarixinəaid digər qiymətli sənədləri aşkar edərək surətlərini Respublikamızın Dövlət Arxivlərinə ötürülməsinə nail olmaq lazımdır. Əgər buna nail olsaq tariximizin, o cümlədən Cümhuriyyət tarixinin tədqiqat bazasının zənginləşdirilməsi istiqamətində mühüm aqddım atmış olarıq.M.X.Təkinskinin şəxsi işində olan məlumatlara əsasən o, 1879-cu ildə Orta Asiyada Axal-Təki vadisində ruslarla türkmənlər arasında baş vermiş Göytəpə müharibəsi zamanı dünyaya gəlmişdir. M.X.Təkinski valideynlərini həmin müharibə zamanı 1879-1881-ci illərdə itirmişdi.
İki yaşında olarkən onu rus ordusunun polkovniki Ehsan xan Naxçıvanski oğulluğa götürmüş və Məmməd Xan Təkinski adını vermişdir. M.X.Təkinski 1901-ci ildə Tiflis 1-ci kişi gimnaziyasını bitirərək həmin ilin avqustunda Novorossiysk İmperator Universitetinin fizika-riyaziyyat fakültəsinin riyaziyyat bölməsinə qəbul olunmuşdur. 1901-1902-ci tədris ilinin I və II semestrində təhsil haqqı ödənilmədiyinə görə o, 1902-ci ilin martında universitetdən xaric edilmişdir. 1903-cü ildə təhsil haqqının ödəniləcəyinə söz verdikdən sonra M.X.Təkinski Universitetin idarə heyətinin 9 sentyabr 1903-cü il tarixli qərarı ilə hüquq fakultəsinin 1-ci kursuna qəbul edilmişdir. Bir sıra problemlər ucbatından onun buradakı təhsil müddəti 1908-ci ilə qədər uzanmış və nəhayət, 1908-ci ilin iyulunda universitetin hüquq fakültəsinin məzunu olmuşdur. Lakin təəssüflər olsun ki, Novorossiysk İmperator Universitetinin hüquq fakultəsini bitirdikdən sonra Məmməd Xan Təkinskinin 1918-ci ilə qədər olan müddətdə harada işlədiyi haqqında əsaslı bir məlumat yoxdur. Belə guman edilir ki, M.X. Təkinski hüquqşünas kimi Zaqafqaziyada məhkəmə orqanlarında fəaliyyət göstərmişdir. Beləliklə, zaman ötdükcə Məhəmməd Xan Təkinski gələcəyin görkəmli dövlət xadimi kimi yetişirdi.

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin mətbu orqanı olan “Azərbaycan” qəzetinin 31 yanvar 1919-cu il tarixli 22№li buraxılışında M.X.Təkinskinin Azərbaycan Respublikasının Ararat Respublikası nəzdində diplomatik nümayəndəsi təyin olunduğu haqqında məlumat dərc edilmişdir. Azərbaycan Respublikasının diplomatik missiyalarının rəhbərlərinin təyin edilməsi haqqında Xarici İşlər Nazirliyinin 15 aprel 1919-cu il tarixli 2№li əmrində həmçinin qeyd edilirdi ki, M.X. Təkinski 29 yanvar 1919-cu il tarixdən etibarən Ermənistan Respublikasının hökuməti nəzdində Azərbaycan Respublikasının diplomatik nümayəndəsi təyin edilir. Diplomatik nümayəndə təyin olunana qədər isə M.X.Təkinski Xarici işlər naziri vəzifəsini icra etmişdir. M.X. Təkinski Xarici işlər naziri vəzifəsini icra edərkən 1918-ci il dekabrın 9-da Azərbaycanın Gürcüstandakı nümayəndəsi M.Cəfərova diplomatik məlumat göndərərək ondan xahiş edirdi ki, Qazax qəzasının Qaraqoyunlu kəndinin Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu Ermənistanın Gürcüstandakı nümayəndəliyinə bildirsin.
1919-cu il 27 mart tarixli 64№li “Azərbaycan” qəzetində Azərbaycanın Ermənistandakı diplomatik nümayəndəsi M.X.Təkinskinin martın 24-də Ermənistanın xarici işlər nazirinə nota təqdim etdiyi haqqında məlumat dərc edilmişdir. Həmin notada qeyd edilirdi: “Türklər İrəvan quberniyasını tərk etdikdən bir neçə gün sonra erməni zabitlərinin komandanlığı altında erməni silahlı dəstələri Naxçıvan istiqamətində hücuma keçərək Səib, Kataklı, Şalavb, Xaraba Kataklı kəndlərini tar-mar etmiş, dinc müsəlman əhalisini - qocaları, qadın və uşaqları, həmçinin bu kəndlərdə olan qaçqın müsəlmanları doğramışdılar.Lakin Şərurda müqavimətlə qarşılaşan silahlı erməni dəstələri Tarovluya geriyə çəkilmişdilər. Eyni vaxtda digər erməni dəstəsi Cırmanısdən Qaraxaç, Şaqanlı, Kadılı, Yuxarı Qarabağlar, Ağasıbəyli, Dəhnaz, Şişi Dağ kəndlərinə doğru irəliləyərək əvvəlcədən bir neçə yüz qəşəng qadın və qızları kəniz qismində seçdikdən sonra, onlar bu günə qədər də erməni əsgərlərinin əlindədir, bu kəndlərin bütün dinc müsəlman əhalisini doğramışdılar. Müsəlman nümayəndələri erməni əsgərlərinin bütün bu iyrənc hərəkətləri haqqında məlumatı vaxtında Ermənistan Respublikası hökumətinin diqqətinə çatdırmışdır. Mənim hökumətimin tapşırığı ilə Ermənistan Respublikası hökumətinə təklif edirəm ki, aparılmış müsəlman qadın və qızlar erməni əsgərlərinin əlindən dərhal azad etsin vəyuxarıda adları çəkilən kəndlərin müsəlmanlarına vurulmuş ziyanın miqyasını aydınlaşdırmaq üçün ingilis, müsəlman və ermənilərdən ibarət birgə komissiya yaradılsın. Bununla yanaşı ümid etmək istəyirəm ki, Ermənistan Respublikasının hökuməti həqiqətən də Azərbaycan Respublikası ilə dostluq əlaqəsi saxlamaq istəyirsə, tezliklə mənim hökumətimin haqlı tələbinə kömək edəcəkdir. Sizin hökumətin qərarı haqqında mənə məlumat verməyinizi xahiş edirəm”.
1919-cu il aprelin 2-də Azərbaycan Respublikasının Ermənistandakı nümayəndəsi M.X.Təkinski teleqrafla Xarici İşlər Naziri M.Y.Cəfərova məlumat göndərərək bildirmişdi ki, ”o, martın 18-də Eçmiadzinən gedərək katalikosla görüşmüş və katalikos Ermənistanla müsəlmanların dostluğunun vacibliyini buyurmuş və söz vermişdi ki, erməni xalqına müraciət edəcəkdir ki, müsəlmanlarla dostcasına yaşasınlar. Katalikos məni nahara saxladı və məni yola düşənə qədər tərk etmədi. Mazut olmadığına görə Eçmiədzin kilsəsi və katalikosun evi elektrik işığı ilə işıqlandırılmır, ona görə mən katalikosa enerji üçün mazut söz verdim, xahiş edirəm katalikosa ötürmək üçün mənə çəlləklərdə mazut göndərəsiniz. Qaçqınların vəziyyəti ağırdır və onlara dərhal geniş yardım göstərmək lazımdır. Yalnız 200 pud mazut göndərin ki, hökumət mazutdan istifadə edə bilməsin. Mənum mazut çatdıracağım haqqında vədim katalikosa böyük təsir bağışladı...Gəlir mənbəyi olmadığı üçün Ermənistan müstəqil yaşaya bilməz. Hindli əsgərlər Naxçıvana yola düşdülər. Lazım bilirsinizsə Qars hökumətilə əlaqə yaradım. 14 nəfər yuxarı sinif gimnaziya şagirdləri təhsilini davam etdirmək üçün gələcəklər”.
Nazirlər Şurasının sədri F.X.Xoyski tərəfindən aprelin 2-dəhəmin məlumata dair yazılmış dərkənarda qeyd edilirdi: “Bir sistern neft buraxılsın, əlaqə yaradılsın, gimnazistlər qəbul edilsin”.

Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini A.x.Ziyadxanovun ermənilərin müsəlman əhalisi üzərində zorakılıqlar üzrə materialların toplanması haqqında 4 iyun 1919-cu il tarixdə Azərbaycanın Ermənistandakı nümayəndəsi M.X. Təkinskiyə göndərdiyi direktivdə qeyd edilirdi : “Ermənilərin İrəvan quberniyasında, Qarabağda, Araz Respublikasında müsəlman əhalisi üzərində zorakılığını müzakirə etmək üçün ittifaq ölkələrinin də nümayəndələrini cəlb etməklə fövqəladə parlament komissiyasının yaradılması nəzərdə tutulmuşdur. Parlament komissiyanın işini təmin etmək üçün 10 mln.rub. pul vəsaiti ayıracaqdır. Bütün materiallar lazımdır, mümkün qədər tezliklə. İrəvan Milli şurasını da işə cəlb edərək bütün materialları hazırlayın”.Quldur erməni-daşnak silahlı dəstələrinin dinc müsəlman əhalisinə qarşı törətdikləri cinayətləri əks etdirən materialların toplanması üzrə işlər davam etdirilirdi.Azərbaycanın Ermənistandakı diplomatik nümayəndəsi M.X. Təkinskinin erməni qoşunlarının Naxçıvana hücumu ilə bağlı Ermənistan hökumətinə 1919-cu il mayın 3-də təqdim etdiyi notada qeyd edilirdi: “Hökuməti tapşırığı ilə mən Ermənistan Respublikasının qoşunlarının Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan rayonuna yeridilməsinəqarşı qəti etiraz edirəm. Mən ümid etmək istəyirəm ki, Ermənistan Respublikasının hökuməti iki qonşu respublikaların sərhədlərləri haqqında məsələni eyni vaxtda silah gücü və Qafqaz konfransındakı öz nümayəndələri vasitəsilə həll edə bilməyəcəkdir.Qafqaz konfransının məqsədi mübahisəli ərazi məsələlərini sülh yolu ilə həll etməkdir. Xüsusən də Ermənistan Respublikasının hökuməti özünün 4 aprel 1919-cu il tarixli 1075№li notasında qeyd etmişdir ki, ərazi məsələlərinin həlli Qafqaz Konfransının həll etməli olduğu bütün məsələrin ilkin şərti olmalıdır.Xahiş edirəm bu məsələ ilə bağlı hökumətinizin qərarını mənə bildirəsiniz”.

M.X.Tekinskinin fəal diplomatik fəaliyyəti, onun yazışmaları və nota mübadilələri bir daha təsdiq edir ki, Ermənistan özünün soyğunçuluq, beynəlxalq qanun və qaydalara zidd hərəkətindən əl çəkmək istəmir, Azərbaycanın əzəli- tarixi torpaqlarına yiyələnmək kimi cəfəng siyasətini həyata keçirmək istəyir. Azərbaycanın Ermənistandakı diplomatik nümayəndəsi M.X. Təkinskinin Nazirlər Şurasının sədri N.Yusifbəyliyə göndərdiyi 10 may 1919-cu il tarixli şifrələnmiş teleqramda qeyd edilirdi ki, “Yayılan şayiələrə görə əgər Ermənistan Qarabağı Azərbaycanın olduğunu qəbul edərsə, ingilislər Şərur-Naxçıvan rayonunu Ermənistana verir. Bu şayiəni ermənilər yayır; mən düşünürəm ki, ermənilərə Qars kifayətdir və başdan-başa müsəlman əhalisindən ibarət olan Şərur-Naxçıvanı onlara vermək olmaz, buranın əhalisi Ermənistanın digər hissələrində olan müsəlmanların dəhşətli vəziyyətinə düşər. Müsəlmanların dəhşətli vəziyyətdə olması haqqında subutlarım vardır.Bunu Tiflisdəki ittifaq komandanlığına hərtərəfli izah etməli və daim onlarla əlaqədə olmaq lazımdır. Əks təqdirdə bizim diplomatiyamız uduza bilər”.Azərbaycan Respublikası Xarici İşlər naziri əvəzi Ziyadxanovun İrəvan quberniyasının müsəlman əhalisinə qarşı edilmiş zorakılığın araşdırılması üzrə beynəlxalq istintaq komissiyasının təşkilinə rəhbərlik edilməsi haqqında 1919-cu il iyunun 7-də imzaladığı 13№ li əmrdə qeyd edilirdi: “İrəvan quberniyasının dağıdılmış və zorakılığa məruz qalmış kəndləri ilə bağlı beynəlxalq istintaq komissiyasını təşkil etmək üçün dəftərxana direktorundan xahiş edirəm ki, rəhbər rolunu öz üzərinə götürsün və bu işə direktor müavinini, Şepotyevi, Abdulla bəyi və Olenevi cəlb etsin”.


M.X. Təkinski Ermənistan tərəfindən edilən mümkün düşmən hərəkətlərə qarşı müqavimətin göstərilməsi üçün Şərur-Naxçıvan və Ordubadın milli şuralarına köməklik göstərilməsinin vacibliyi haqqında Xarici işlər naziri M.Y.Cəfərova 7 iyun 1919-cu il tarixdə göndərdiyi teleqramda qeyd edir di ki, “Bakını tutacaqlarına ümid bəsləyən ermənilər Könüllülər ordusunun hərəkət etməsinəsevinirlər, baxmayaraq ki, dəvət etdiyim naharda Xatisov məni inandırırdı ki, müstəqilliyin qorunması məsələsində Ermənistan və Azərbaycanın maraqları ümumidir. Könüllülər ordusu ilə münasibətlərimiz ağırlaşarsa, Ermənistan bizə qarşı düşmən mövqe tutacaqdır, ona görə də hərbi təşkilata pul buraxaraq Şərur-Naxçıvan bölgəsində Ermənistana təhlükə yaratmaq lazımdır. Mənim tərəfimdən görülmüş tədbirlər nəticəsində artıq Şərur-Naxçıvan və Ordubad milli sura şəklində birləşmişdir və daim mənimlə əlaqə saxlayırlar”.


İrəvan quberniyası və Qars vilayətində müsəlman əhalisi üzərində ermənilərin zorakılığına aid ətraflı ststistik məlumatların toplanması haqqında Azərbaycan Xarici işlər nazirliyinin Azərbaycanın Ermənistandakı nümayəndəsi M.X. Təkinskiyə göndərdiyi 10 iyun 1919-cu il tarixli 1627 №li təcili diplomatik məlumatda qeyd edilirdi ki, “İrəvan quberniyasında və imkan daxilində Qars vilayətində dağıdılmış müsəlman kəndlərinin nümayəndələri ilə birgə məxfi surətdə adı, familiyası, yaşadığı ünvan göstərilməklə müsəlmanların insan və əmlak itkisi,əsir düşmüş, əsirlikdən qayıtmış və qayıtmamış qadın və kişilər haqqında, oğurlanmış mal-qara, dağıdılmış kəndlər, uşaq bağçaları və s. haqqında statistik məlumatlar toplasın. Yaxşı olardı ki, şahidlərin və yaxud fəlakətə məruz qalmış şəxslərin öz dili ilə ermənilərin müsəlman kəndlərinə mühüm- ciddi hücümları təsvir edilsin. Hökumət qərara almışdır ki, ermənilərin insan itkisilə məşaiət olunan müsəlmanlara vurduqları ziyanın miqyasını müəyyən etmək üçün ingilis, italyan və digərlərindən ibarət beynəlxalq komissiya yaratsın.Bu məsələnin həlli müəyyən vaxt tələb edir, ona gorə üzərinizə qoyulmuş vəzifənin icrasına başlayın”.

Azərbaycan hökumətinin Qarabağdakı fəaliyyətinə müdaxilə etməsinin yolverilməz olduğu haqqında Azərbaycanın Ermənistandakı diplomatik nümayəndəsi M.X.Tekinskininn İrəvandan xarici işlər naziri M.Y. Cəfərova 1919-cu il iyunun 26-da göndərdiyi məlumatda bildirilirdi: “Mən, 1919-cu il iyunun 25-də Ermənistan Respublikasının xarici işlər nazairliyinə aşağıdakı 224№ li notanı təqdim etdim:
“Mənim hökumətimim tapşırığı ilə bildirirəm ki, Azərbaycan Hökumətinin 15 yanvar 1919-cu il tarixli qərarı ilə Sultanov Azərbaycanın ayrılmaz dağlıq hissəsini təşkil edən Zəngəzur, Cəbrayıl və Cavanşir qəzalarının general-qubernator vəzifəsinə təyin edilmiş və aprelin 3-də rəsmi tanınmışdır. Ona görə də Sultanovun qeyd olunan qəzalarda fəaliyyətinə və yaxud azərbaycan qoşunlarının həmin qəzalarda olmasına qarşı Ermənistan Respublikası hökumətinin istənilən etirazı Azərbaycan Respublikasının daxili işlərinə müdaxilə etmək deməkdir. Qarabağın general-qubernatoru Sultanov ciddi tədbirlərlə artıq Şuşa rayonunda nizam-intizam yaratmış vəhəyat normal qaydasına düşmüşdür”.


Xarici İşlər naziri A.x.Ziyatxanovun Ermənistanın xarici işlər nazirinə 1919-cu il iyunun 23-də göndərdiyi notada qeyd edilirdi ki, “ Zaqafqaziya xalqları öz müstəqilliklərini elan etdikdən sonra Azərbaycan və Ermənistanın hüdudlarında acınacaqlı nəticələri olmuş çox qanlı hadisələr baş verdi. Keçən il qarşılıqlı surətdə xırda və iri kəndlərin dağıdılması, erməni və müsəlman əhalisi arasında qarşılıqlı surətdə qətllər,təsərrüfatların məhv edilməsi dayanmamışdır. Bu hadisələrin nəticəsində hər iki respublikanın ərazisində çox böyük sayda qaçqınlar yaranmışdır. Bunun nəticəsində ermənilər və müsəlmanlar arasında arzuolunmaz toqquşmalar meydana gəlmişdir.


Müstəqilliyin elan edilməsinin başlanğıcında yeni yaranmış respublikalar üçün əsas ideal mehriban qonşuluq əlaqələrinin yaradılması olmuşdur. Təəssüflər olsun ki, yuxarıda qeyd olunan səbəblər ucbatındanbu münasibətlər qaydasına düşə bilmir. Bu hadisələri, onun səbəblərini qərəzsiz və ədalətli araşdırılması və bunların gələcəkdə təkrar yaranmasının qarşısının alınması, həmçinin son dərəcə kəskin qaçqın məsələsinin həllli üçün qəti tədbirlərin görülməsi normal münasibətlərin qurulması üçün etibarlı zəmin ola bilər. Qeyd olunanları nəzərə alaraq Azərbaycan hökuməti Ermənistan hökumətinə təklif edir ki, yuxarıda xatırlanan məqsəd üçün Erməni və Azərbaycan nümayəndələrindən ibarətqarışıq hökumət-parlament komissiyası yaradılsın.Əgər Ermənistan respublikasının hökuməti lazım bilirsə, Avropa və Amerikanın mədəni millətlərinin nümayəndələrinin də yuxarıda göstərilən komissiyanın tərkibinə daxil edilməsinə Azərbaycan hökuməti etiraz etmir”.


Azərbaycan hökumətinin bu əhəmiyyətli təklifinə Ermənistan tərəfindən müsbət cavab verilməmişdir. Zaqafqaziya ərazisində yaşayan müsəlmanlar və onların əmlakı üzərində törədilmiş zorakılıqlar, qətllər və talanların təhqiq edilməsi üzrə Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 15 iyun 1918-ci il tarixli qərqrı ilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar gəbul edilmişdir. Bu qərarı yerinə yetirmək üçün Xarici İşlər Naziri əvəzi F.X.Xoyskinin 1918-ci il avqustun 31-də imzaladığı qərarla sədri Ələkbər bəy Xasməmmədov olmaqla tərkibi Gəncə dairə məhkəməsinin üzvləri – İsmayıl bəy Şahmalıyev, Andrey Fomiç Novatski, həmin dairə məhkəməsi prokurorunun müavini Nəsrəddin bəy Səfikürdski, Gəncə köçürmə idarəsindən Nikolay Mixayloviç Mixaylov, həqiqi mülki müşavir V.V.Qubvillo və müəllim Mirzə Cavad Axundzadən ibarət Fövqəladə İstintaq Komissiyası yaradıldı.Yuxarıda göstərilən üzvlərdən başqa komissiyaya Bakı dairə məhkəməsi prokurorunun müavini Aleksandr Yevgenyeviç Kluqe, andlı iclasçı Məmmədxan Təkinski, Gəncə dairə məhkəməsinin xüsusi əməliyyat işləri müstəntiqi Məhyəddin bəy Şahmalıyev, Bakı quberniya dairə məhkəməsinin üzvü Hidayət bəy Sultanov, andlı iclasçılar Aley Aleksandroviç Litovski, Çeslav Boleslavoviç Klossovski, hüquqşünas Abbas Əlibəy Hacı-İrzayev, Bakı dairə məhkəməsinin üzvü B.Yusifbəyov müxtəlif vaxtlarda həmin komissiyaya üzv təyin edilmiş və ya üzvlükdən azad olunmuşlar.


Son iki yüz ilə yaxın bir müddətdə erməni millətçilərinin Azərbaycan xalqına qarşı yürütdükləri təcavüz və soyqırım siyasətinin mahiyyətini təkcə ölkəmizdə deyil, ölkəmizdən kənarda da öyrənilməsi və dünya ictimaiyyətinə çatdırılması üçünbelə komissiyala böyük ehtiyacın olduğunu yaxşı dərk edən erməni –daşnak qüvvələri bundan həmişə boyun qaçırmağa çalışmışdılar. Erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdikləri qırğınlar, talanlar və soyqırım siyasəti ilə bağlı arxiv sənəd və materialları əsasında ortaya çıxarılmış fakt və dəlillərlə cinayətkar erməni millətçilərini ədalət məhkəməsinə cəlb etmək və bu cinayəti dünyaya tanıtmaq mümkün idi və indi də mümkündür.. Lakin təəssüflər olsun ki, bu vaxtadək bu məsələ həyata keçilməmişdir. Millətçi erməni-daşnak qüvvələri və onların havadarlarının xalqımıza qarşı törətdikləri soyqırımından 100 il keçməsinə baxmayaraq hələ də törədilmiş bu cinayətə beynəlxalq aləmdə hüquqi qiymət verilməmişdir.Bəlkə də törədilmiş həmin cinayətlərə beynalxalq aləmdə vaxtındahüquqi qiymət verilsəydi hazırki dövrdə erməni-daşnak quldur qüvvələri və onların havadarlarının Qarabağda təşkil etdikləri qanlı qırğınların qarşısını almaq mümkün olardı. Müasir dövrdə erməni-daşnak quldur dəstələrinin törətdikləri fəlakətlər davam etməkdədir. Xocalı faciəsi Qarabağda elan olunmamış müharibənin qanlı salnaməsinə yazılmış və xalqımızın tarixi yaddaşına həkk olunmuşdur. Erməni-daşnak quldur qüvvələri və onların havadarlarının Qarabağda törətdikləri qanlı qırğınlar,vəhşiliklər bütün Azərbaycan xalqının ağrısı və iztirabıdır.Biz inanırıq ki, gün gələcək qəddar düşmənlər bizim ərazilərimizdən biabırcasına qaçaraq onu tərk etməyə məcbur olacaqlar. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabaq torpağında əmin-amanlıq bərpa olunacaq,insanlar öz doğma yurdlarına qayıdacaq,vətəndaşların normal həyat tərzi bərpa ediləcək və qanlı cinayətlər törətmiş erməni millətçiləri Nyurnberq beynəlxalq məhkəmə prosesi kimi bir beynəlxalq məhkəmə qarşısında törətdikləri dəhşətli qırğınlara,vəhşiliklərə görə cavab verməli olacaqlar.İnanırıq ki ədalət və insanlıq naminə bu mütləq həyata keçiriləcəkdir!

Azərbaycan 1920-ci ilin aprelində XI Qırmızı ordu tərəfindən zəbt edilərək sovetləşdirildikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin dövlət xadimləri və ziyalı təbəqə ağır repressiyalara məruz qaldılar. Baxmayaraq ki, Parlamentin 27 aprel 1920-ci il tarixdə keçirilmiş axşam iclasında hakimiyyətin kommunistlərə təhvil verilməsi haqqında qəbul edilmiş qərarda həmçinin qeyd edilirdi ki, “ Yeni yaradılan müvəqqəti kommunist hökuməti Parlamentin və hökumət üzvlərinin həyatının və əmlakının toxunulmazlığına təminat verir”.

Lakin qəbul edilmiş şərtlərə sonralar əməl olunmadı və digər dövlət xadimləri kimi Məmmədxan Təkinski də 1938-ci ildə represiya qurbanı oldu.



Rafiq Səfərov

Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin

Sənədlərin nəşri və istifadəsi şöbəsinin baş məsləhətçisi












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.