“Yurduma döndükdən sonra ölsəm, vəsiyyət edəcəyəm ki, məni ağlamasınlar“ – Cəbhəyani bölgədən REPORTAJ

22-10-2020, 16:33           
“Yurduma döndükdən sonra ölsəm, vəsiyyət edəcəyəm ki, məni ağlamasınlar“ – Cəbhəyani  bölgədən REPORTAJ
Gücsüz, əlacsız, çarəsiz Ermənistan ordusunun “qüdrəti” mövzusu fiaskoya uğradı. Hər gün azad edilən torpaqlarımız, rayon və kəndlərimiz dediyimiz fikrin sübutudur!

Ağdam bölgəzində - mərmilərin altındadirəniz göstərən, ermənininin inadına canları bahasına inad olaraq geri çəkilməyən, evini-kəndini tərk edib getməyən sadə-dinc əhalidə bu düşüncədədir.

Eynulla və Rəxşəndə Qasımovalar işğalda inləyən Baş Qərvənd kəndinin cəmi 200-250 metrliyində yerləşən Mirəşelli kəndindəndirlər. Eynulla deyir ki, 1990-cı illərdə Ağdamın, eləcə də Qarabağın hər guşəsindən bizim kəndə də pənah gətirənlər oldu. Ev-eşik qurdular, təsərrüfat yaratdılar. Hər bir şeyləri oldu. Amma həmişə doğma yurddan, qoynunda doğulub boya-başa çatdıqları dağlardan danışanda gözləri doldu, boğazlarını qəhər tutdu. Düzünü deyim, onların nələr çəkdiyini tam olaraq anlaya bilmirdim, dolanışıq əla, ev-eşik müasir tipli... Sentyabr ayının 27-də savaş başlayanda erməni simasızları, erməni quldurları topla, tankla kəndimizi atəşə tutdu, Evlər dağıldı, insanlar yaralandı, maddi və mənəvi ziyanlıq oldu. O ərəfədə biz kənddən bir az uzaqlaşdıq. Çox uzağa getmədik. Eləcə Quzanlıya- yaxın bir qohumumun evinə pənah apardım. Hər gün qaldım yolların kənarında , evimə getmək istədim, amma fikrimi bildirdiyim adamların heç biri bunu məsləhət görmədi. Bir sözlə düz 10 gün nə evimdən xəbərim oldu, nə kəndimdə nələr oldu-bitdi bilmədim. Bax, o 10 gündə məcburi köçkünlərin nələr çəkdiyini anladım. 28 il il! Allah necə dözdülər bu illərə! Uzun illərdi kəndimizdə Əliağalı kəndindən köçkün olan bir ailə yaşayır . O gün təsadüfən qarşıma çıxdı. Soruşdum ki, ay Mehman, 28 ildi yurdsuzluğa necə dözdünüz? Cavab verdi ki, bizi yaşadan, ölməyə qoymayan yenə o yurda dönəcəyimizə olan ümidimiz idi. Ordumuza qurban olum, o dərdi bizə yaşamağı imkan vermədi. O, kor ilan kimi gördüyünü çalan erməniləri iti qovan kimi yurdumuzdan qovub çıxarırlar. (gülümsəyir) Allah prezidentimizi də qorusun!

Məxmər Quliyeva 1993-cü ildə Ağdamdan məcburi köçkündür. Deyir ki, köçkünçülüyün ən ağır şərtlərini görmüşəm. Atəşkəsin ilk illərində çöllərdə , çadırlarda, vaqonda çəkmədiyim əziyyət qalmadı . Prezidentin tapşırığı ilə Quzanlıda tikilən kənd tipli köçkün qəsəbəsində evlə təmin olundan sonra rahatlıq nə olduğunu anladım. Allah onun balasını qorusun –saxlasın. Elə o gün, bu gün rahat mənzildə, hər şəraiti olan evdə oturmuşam. O gün Çıraqlı, Əhmədağalı kəndləri ermənilər tərəfindən mərmi atəinə tutulanda, getdim durdum o şosse yolunun kənarında. Düşündüm ki, müvəqqəti çətinliyə hamımız bir yerdə sinə gərsək, problemlərimizdə az olar.
10-a yaxın uşaq, qadın, qocanı gətirdim Prezidentimin mənə verdiyi evə . Əziz qonaqlarım olan bu balaca balalar da-Ramillə Röyal artıq mərmi səslərinə öyrəniblər. Düşən mərmi ilə, atılan mərmiləri də bir-birindən ayırmağı bacarırlar. Uzun sözün qısası, yurdumu da mənə tez bir zamanda bəxş edəcək ordumada, Ali Baş Komandana da qurban olum! Allah Azərbaycan ordusunu qorusun! Vallah, yurduma döndükdən sonra ölsəm, uşaqlarıma vəsiyyət edəcəyəm ki, məni ağlamasınlar“.

Akif və Gülnaz Qasımovlar ailəsinin iki oğul övladı var. Hazırda hər ikisi Rəşid də, Səməd də döyüş nöqtələrindədirlər, ordumuzun tərkibində düşmənə qan uddururlar. Gülnaz xanım oğlanları haqqında ürəklə, fəxrlə danışdı: “Allah Rəşidin, Səmədin simasında bütün ordumuzu qorusun! Canım bütün əsgər balalarıma qurban!

Agdam ərazisində elə gün yoxdur ki, ermənilərin atdığı mərmi atəşindən evlər dağılmasın, insanlar yaralanmasın. Bəli, Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyalarının əsas norma və prinsiplərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir.

İki gün əvvəl səhər saatlarından başlayaraq düşmən tərəfin silahlı birləşmələri tərəfindən Ağdam rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutuldu.

Həmin gün günorta saatlarında isə yrli sakinlər- rayonun Bənövşələr qəsəbəsinə top mərmisi düşməsi nəticəsində 1955-ci il təvəllüdlü Quliyeva Şamama İsa qızı və 1976-cı il təvəllüdlü Quliyeva Maya Məmməd qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Həmçinin, həmin vaxt Bənövşələr qəsəbəsində olan “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (Aztv) cəbhəboyu zonaya ezam olunmuş əməkdaşı 1982-ci il təvəllüdlü Həsənov Anar Bəybala oğlu Ermənistanın mülki əhaliyə qarşı törətdiyi təxribatları dünya ictimaiyyətinə çatdırarkən düşmən tərəfindən atəşə tutulması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.Bundan başqa, rayonun Paşabəyli kəndi ərazisinə top mərmisi düşməsi nəticəsində kənd sakini Məhiyəddinli Çiçək İlyas qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.Bu gün aldığımız məlumata görə, yaralıların vəziyyəti nisbətən yaxşılaşmağa doğrudur.

İnsanlar ruh yüksəkliyilə, sevinclə hər gün bir şad xəbər dinləmək üçün Ali Baş Komandanın bütün çıxışlarını diqqətlə izləyirlər.
Düşmən işğalındakı yüzlərlə kənd Azərbaycan ordusunun qüdrəti ilə azad olundu! Cəbrayıl azad olundu! Füzuli azad olundu! Zəngilan azad olundu!, Daha yeni günlər, yeni xəbərlər eşitmək diləyi ilə

Əntiqə Rəşid
“Ədalət” qəzetinin Qarabağ bölgəsi üzrə xüsusi müxbiri












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.