İSRAİLİN “QUZU DƏRİSİNDƏ QURD” ADLANDIRDIĞI HƏSƏN RUHANİ…- 22 yaşında soyadını dəyişən, 5 dil bilən, 20 dəfə həbsdə olan İran lideri

8-12-2018, 07:55           
İSRAİLİN “QUZU DƏRİSİNDƏ QURD” ADLANDIRDIĞI HƏSƏN RUHANİ…- 22 yaşında soyadını dəyişən, 5 dil bilən, 20 dəfə həbsdə olan İran lideri
İran prezidenti Həsən Ruhani 1948-ci ilin 12 noyabrında ölkənin şimalındakı Simnan əyalətinin Sorxe şəhərində anadan olub. Valideynləri qatı dindar idi və müxalif mövqeləri ilə tanınırdı. Atası ədviyyat məhsulları satan mağazanın sahibi idi. Gələcək prezident ilk vaxtlar atasının soyadını daşıyırdı – Fereydun. Lakin 70-ci ildə soyadını Ruhani (fars dilindən tərcümədə ruhani, inanclı) ilə əvəzlədi.

Ruhani İranın Ali Şiə Seminariyası olan “Qum Havza”da dini təhsil alıb. 1972-ci ildə Tehran universitetində hüquq üzrə ali təhsil alaraq bakalavr dərəcəsinə sahib olub. 1990-cı illərdə təhsilini Böyük Britaniyadakı Kaledon universitetində davam etdirib və 95-ci ildə orada magitstr dərəcəsinə yiyələnib. 99-cu ildə isə elmlər doktoru olub. Ərəb, ingilis, fransız, alman və rus dillərini mükəmməl bilir.

Konstitusiya hüququ sahəsində ixtsaslaşan Ruhaninin diplom işi “İran təcrübəsi əsasında İslam qanunverici hakimiyyəti”, dissertasiyası isə “İran təcürəbəsi əsasında şəriət qanunlarının tətbiqi” mövzusunda olub.

Həsən Ruhani İran İslam inqilabına 15 yaşında qoşulub. Atası inqilabın fəal iştirakçılarından idi. Ruhani bütün ölkəni gəzərək İmam Xomeynini aktiv şəkildə təbliğ edir, Pəhləvi rejiminin əleyhinə çıxışlar edirdi. Bu səbəbdən azı 20 dəfə həbsdə olub. Təqiblərdən yaxa qurtarmaq üçün 1977-ci ildə Xomeyninin ardınca o da İranı tərk etməli olub və bir müddət Parisdə yaşayıb.

1978-ci ildə İranda İslam inqilabı başlayanda Xomeyni Tehrana qayıdıb, onun ardınca Ruhani də gəlib. İnqilabdan dərhal sonra 1979-cu ildə Ruhani İran ordusunun yenidən qurulması ilə məşğul olub.

1980-ci ildə İran Məclisinə seçildi və orada Müdafiə Komitəsinə (1980-1990), həmçinin Xarici siyasət Komitəsinə (1990-2000) rəhbərlik edib. 1992-2000-ci illərdə paralel olaraq Məclis sədrinin müavini postunu tutub. 1980-1983-cü illərdə Teleradioya Nəzarət Şurasının üzvü seçilib, İran-İraq savaşı (1980-1988) zamanı İran Silahlı Qüvvələrinin komandanlığında yüksək postlar tutub.
1982-1988-ci illərdə Ali Müdafiə Şurasının üzvü, 1983-1985-ci illərdə İran-İraq cəbhəsində İran Silahlı Qüvvələrinin komandir müavini, 1986-1991-ci illərdə İran Hərbi Hava Qüvvələrinin komandanı olub.

1989-cu ildə Milli Təhlükəsizlik üzrə Ali Şuranın üzvü olur, 1989-2005-ci illərdə bu Şuraya birinci katib təyin edilir. Prezidentlər Rəfsancaninin və Hatəminin dövründə milli təhlükəsizlik üzrə müşavir vəzifəsində çalışır. 1992-2013-cü illərdə İran Strateji Araşdırmalar Mərkəzinin prezidenti olur. 2000-ci ildə Ekspertlər Şurasına (tərkibindən dövlət başçısını seçən nüfuzlu dövlət orqanı) üzv seçilib.

2003-2005-ci illərdə İranın nüvə proqramına dair danışıqlarda nümayəndə heyətinə rəhbərlik edib.

14 iyun 2013-cü il seçkilərinin birinci turunda 50,68 faiz səs toplayaraq prezident seçilib. İnauqurasiyası ikimərhələli olub. Avqustun 3-də Ruhaninin namizədliyini İranın ali dini lideri Əli Xamenei təsdiqləyib, bir gün sonra isə Ruhani parlament qarşısında and içib.

Hakimiyyətdaxili islahatçı xəttin təmsilçisi sayılan Ruhaninin iqtidara gəlişi ilə İran və ABŞ prezidentləri arasında son 35 ildə ilk dəfə birbaşa təmas quruldu. 2013-cü ilin payızında Ruhani və ABŞ-ın ovaxtkı prezidenti Barak Obama bir-birlərinə mesaj yolladılar, sentyabrın 28-də isə ikilinin telefon söhbəti baş tutdu.

İranın nüvə dosyesi ilə bağlı 14 iyul 2015-ci ildə yekunlaşan danışıqlarda da Tehranı Ruhani təmsil edib. İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planı 2015-ci ilin iyul ayında İran və “altılıq ölkələri” – Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ arasında qəbul edilib. İyulun 20-də plan BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilib.

Obama dövründə əldə edilən razılaşmaya əsasən, İran nüvə silahının əldə edilməsindən imtina etməli, qarşılığında isə sanksiyalar tədricən ləğv olunmalı idi.

Birləşmiş Ştatlar bu ilin mayında nüvə sazişindən çıxdı. Vaşinqton bəyan etdi ki, 12 tələbin icra olunacağı təqdirdə ABŞ İranla yenidən dialoq qura bilər. Bu şərtlərə görə, İran özünün hərbi və nüvə proqramı üzrə apardığı fəaliyyətinin bütün detallarını Beynəlxalq Atom Enerjisi Agentliyinin ixtiyarına verməli, agentlik müfəttişlərinin istənilən vaxtda hərbi və nüvə təsisatlarına baxış keçirməsinə şərait yaratmalıdır.

Uranın zənginləşdirilməsi üzrə fəaliyyətini dayandırmalı, heç vaxt pluton emalı ilə məşğul olmamalı, ağır su təsisatlarını qapatmalıdır.
Nüvə başlıqları daşımağa qadir olan ballistik raketlərin istehsalını dayandırmalı, nüvə silahı istehsalı üzrə apardığı əvvəlki proqramların məzmununu açıqlamalı, terrorizmə, o cümlədən də “Həmas”, “Hizbullah” və “İslam cihadı” kimi terrorçu qruplaşmalara dəstəyinə son qoymalıdır.

İran bölgədə, xüsusən də Yəməndəki şiə yaraqlılarına dəstəyini dayandırmalı, öz hərbi hissələrini Suriyadan çıxarmalı, Əfqanistanda “Taliban”a və digər terrorçu qruplaşmalara dəstəyindən əl çəkməlidir. “Əl-Qaidə” terror təşkilatının rəhbərlərinə və onun komandirlərinə ev sahibliyi etməkdən əl çəkməli, region ölkələrinə, o cümlədən də öz qonşularına qarşı təhdid siyasətinə son qoymalıdır.

İran həmçinin bu ölkədə həbsdə saxladığı bütün Amerika vətəndaşlarını azadlığa buraxmalı, kiberhücumlarını dayandırmalıdır.
Eyni zamanda, ABŞ-ın regiondakı əsas müttəfiqləri olan İsrail, Birləşmiş Ərəb Əmirliyi və Səudiyyə Ərəbistanının ünvanına bütün təhdidləri dayandırmalıdır…

Hələ ki, ABŞ prezidenti Ruhanini yeni nüvə sazişi üçün razı sala bilməyib. İranın düşmən hesab etdiyi İsrail hökuməti prezident Ruhanini “quzu dərisində qurd” adlandırır. Və hesab edir ki, Ruhani bundan sonra da nüvə proqramını sakitcə inkişaf etdirəcək…

Həsən Ruhani İran-İraq savaşında iştirakına görə ikinci dərəcəli Qələbə medalı, Xürrəmşəhrin azad edilməsinə görə birinci dərəcəli Qələbə medalı ilə təltif edilib. Medalları ona ali dini lider Xamenei təqdim edib.

Ruhani fars, ingilis və ərəb dilində 100-dən artıq kitabın, elmi məqalənin müəllifidir. Onların arasında “Strategiya”, “Beynəlxalq əlaqələr”, “Beynəlxalq əlaqələrə İranın baxışı”, “İmam Xomeyninin siyasi düşüncələrinin əsasları”, “İslamda siyasi düşüncə”, “İslamda qanunverici hakimiyyət”, “Milli təhlükəsizlik və nüvə diplomatiyası” da var.

Ruhaninin üç bacısı, bir qardaşı var. Qardaşı Hüseyn Fereydun diplomat və siyasətçidir. İranın əyalətlərindən birində qubernator olub.

Ruhani 1969-cu ildə yaxın qohumu, özündən 6 yaş kiçik olan Sahadə ailə ailə həyatı qurub. Cütlüyün beş övladı olub. Böyük övladı 92-ci ildə özünə qəsd edib. İntiharla bağlı müamma hələ də davam edir. Mətbuatda bu hadisə ilə bağlı bir neçə versiya göstərildi.

Versiyalardan biri belə idi ki, gənc oğlan atasının dini lider Xamenei ilə yaxınlığına etiraz olaraq intihar edib.

İddialara görə, gənc intihardan öncə atasına məktub yazıb. Hadisədən 20 il sonra siyasi şərhçi Əli Rza Nuri tərəfindən Londonda dərc olunan həmin məktubda bildirilirdi: «Mən sizin hakimiyyətə, sizin korrupsiyaya, sizin dininizə və ikiüzlülüyünüzə nifrət edirəm. Belə mühitdə yaşamağa utanıram. Hər gün dostlarıma yalan danışmaq məcburiyyətində qalıram ki, mənim atam bütün bunların bir parçası deyil və o, öz ölkəsini sevir. Halbuki özüm bunun həqiqət olmadığını düşünürəm. Ata, Xameneinin əlini öpdüyünü görmək mənim üçün ağırdır”.

Başqa bir versiyaya görə, 20 yaşlı oğlanı, başına odlu silahla atəş açaraq öldürüblər. Təhqiqatla Ruhani özü şəxsən məşğul olsa da, cinayətkarı tapmaq mümkün olmayıb.

Ruhani həmin vaxt oğlunun addımını mühakimə edərək özünə qəsd etməklə onun böyük günah işlədiyini deyibmiş. Bununla belə, oğlunun Xomeyni məscidinin ərazisində – seçilmiş insanlar üçün nəzərdə tutulan yerdə dəfn olunmasını təmin etmişdi.

1992-ci ildə İran hökuməti rəsmi versiya olaraq intiharın motivinin cavabsız sevgi olduğunu açıqlamışdı. Əli Rza Nuri isə bu versiyanın uydurma olduğunu bəyan etmişdi…

Strateq.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.