Düşmənin sərhəd təxribatlarında 3 məkrli hədəf - Azərbaycanla belə oyunlar keçməyəcək!

28-05-2021, 09:31           
Düşmənin sərhəd təxribatlarında 3 məkrli hədəf -
Ermənistanın seçki ərəfəsində Azərbaycana qarşı təxribatçı addımları sürətlə artır. Müşahidə edilən odur ki, belə təxribatlardan istər baş nazi əvəzi Nikol Paşinyan, istərsə də onun Qarabağ klanı timsalında əsas rəqibi, daha dəqiqi, eks-prezident Robert Köçəryan maksimum yararlanmağa çalışır. Kəlbəcər istiqamətində sərhədimizi pozub ərazimizə minalar düzmək istəyən erməni diversantların bir qisminin (6 hərbçi) ələ keçməsi, yerdə qalanlarının isə (18 nəfər) qaçması olayına öncəliklə bu kontekstdə baxmaq lazım gəlir.

Diqqətçəkicidir ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı açıqlamada erməni kəşfiyyat-diversiya qrupunun saxlanıldığı ərazinin coğrafi koordinatları da göstərilib: 40 dərəcə 09 dəqiqə 06 saniyə şimal enliyi, 45 dərəcə 58 dəqiqə 07 saniyə şərq uzunluğu (N 40°09'06"; E 45°58'07"). Yəni Ermənistanda qaldırılan və yenə də ölkəmizi suçlu çıxarmağa hesablanmış ənənəvi hay-küyə və həyasız ritorikaya rəğmən (guya erməni hərbçiləri öz ərazilərində oğurlanıb), diversiya olayının məhz Azərbaycan ərazisində törədildiyi məxsusi vurğulanıb. Bu da diqqətçəkəndir ki, ələ keçənlər sıravi əsgərlər yox, müqavilə əsasında hərbi xidmətdə olanlar, yəni peşəkarlardır.

*****

Şübhə yox ki, Paşinyan bu qəbildən təxribatlarla seçki ərəfəsində beynəlxalq güclərin dəstəyini qazanıb daha uğurlu mövqe və siyasi xallar qazanmağa, öz növbəsində onun əsas rəqibi Köçəryan isə Paşinyan haqda “erməni xalqına yalnız fəlakətlər vəd edən satqın və fərsiz rəhbər” obrazını gücləndirməyə səy edir. Bu durumda Rusiyanın - Kəlbəcərin bir addımlığında sülhməramlı qüvvələri yerləşən bir dövlətin hansı mövqe sərgiləyəcəyi çox maraqlıdır.

Hərçənd mövqe təxminən bəllidir. Diversant olayından cəmi bir gün öncə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada ənənəvi brifinqdə belə demişdi: “Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələrin Qarabağ münaqişəsi ilə heç bir əlaqəsi yoxdur. İnsidentin əsas səbəbi hələ sovet dövründən qaynaqlanır ki, o da sərhədlərin müəyyənləşdirilməsinin beynəlxalq hüquqi əsasının olmamasıdır. Rusiya Azərbaycanla Ermənistan arasında delimitasiya və demarkasiya prosesində kömək etməyə hazırdır. Rusiya tərəfi sərhəddəki insidentin həllinə qoşulub və gərginliyin azalmasına çalışır. Moskva müntəzəm olaraq Bakı və İrəvanla yüksək səviyyədə danışıqlar aparır, iki ölkə arasında münasibətlərin normallaşması, Cənubi Qafqazda vəziyyətin sabitləşməsi, onun çiçəklənən bölgəyə çevrilməsi üçün aktiv vasitəçilik edir”.

Yəni Moskva ermənilərin “göz yaşlarına inanmır” və İrəvana diplomatik şəkildə anladır ki, cığallıq eləməsin, sovet dövründəki, sovet xəritələri əsasında inzibati sərhədləri dövlət sərhədi kimi tanısın. Əks halda, KTMT də, Rusiya da çoxdan ermənilərin “dudka”sına gedər, Azərbaycanı qınayan bəyanat yayardı. Belə bir şey isə yoxdur və gözlənilmir. Erməni tərəfini ən çox özündən çıxaran da budur.

*****

Əclaf, yekəbaş Qabrelyanov, sən Köçəryanın dövründə aclıq və işgəncədən ölən erməni xalqı ilə tanışsan?" - Paşinyan və Köçəryan tərəfdarları arasında söyüşün biri bir qəpik

O da var ki, Moskva bir tərəfdən, Köçəryan və tərəfdarlarının parlamentdə heç olmasa, yetərli sayda mandat qazanıb Paşinyan fraksiyası üzərində “Domokl qılıncı” rolu oynamasını hədəfləyibsə, digər tərəfdən, Paşinyanın öz reytinqini gücləndirməsini istəmir. Çünki ona etibar eləmir - 10 noyabr kapitulyasiya sənədinin sonadək icra olunmasında onu hələlik ən məqbul erməni rəhbəri saysa da.

Rəsmi İrəvanın neçə vaxtdır apardığı riskli sərhəd oyunlarının, KTMT ilə bağlı hoqqalarının əsas hədəfi isə məhz 44 günlük müharibə nəticəsində oyundankənar vəziyyətdə qalmış xarici gücləri - ilk növbədə də Minsk Qrupu həmsədrləri ABŞ və Fransanı bölgəyə cəlb eləmək, öz hərbi cinayətləri və onların ağır nəticələrinə görə məsuliyyəti onlarla bölüşmək, qısası, “bulanıq suda balıq tutmaq”dır. O sırada söhbət həm də 10 noyabr üçtərəfli sənədinin əhəmiyyətini azaltmaq, onun əsas bəndlərinin icrasını yubatmaq və üstəgəl, artıq tarixin arxivinə verilmiş Dağlıq Qarabağ ixtilafını siyasi gündəmə daşımaqdan edir. Bu isə Azərbaycanla yanaşı, Rusiyanın da maraqlarına cavab vermir.

Lakin yaranmış durum, əlbəttə ki, ən əvvəl bizim öz milli təhlükəsizlik maraqlarımız baxımından önəm kəsb edir və rəsmi Bakının çevik, sərt və adekvat siyasi-diplomatik və hərbi xarakterli cavab tədbirlərini zəruri edir. Şübhə yox ki, bu tədbirlər zərrə qədər gecikməyəcək. Çünki düşmən və onun havadarları hərbi qələbədən sonra Azərbaycanın öz döyüş qabiliyyətini yüksək səviyyədə saxladığına daim əmin olmalıdır. Azərbaycan açıq və sərt şəkildə nümayiş etdirməlidir ki, onunla belə zarafatlar keçməyəcək! Necə ki, nümayiş etdirir!

Beləcə, daha 6 erməni diversantının ələ keçməsi ilə onların sayı 66-ya çatdı (keçən ildəki 62 nəfərlə birgə). Bunu Azərbaycana qarşı hələ də revanş hissi ilə yaşayan, bizə yumruq silkələyənlərə Bakının növbəti güc nümayişi də hesab eləmək olar. Bu, eyni zamanda Azərbaycanı haqsız yerə “erməni əsirlərini qaytarmamaqda” suçlayan bəzi Qərb təsisatlarına, özəlliklə Avropa Parlamentinə orijinal və sanballı cavabdır...

*****

“Ermənistanda parlament seçkiləri qabağı gərginliyin yenidən artması təsadüf deyil. Gərginlik məqsədli surətdə artırılır. Unutmamalıyıq ki, Qarabağ klanının hələ də erməni ordusu içərisində mövqeləri güclüdür”.

Bu sözləri sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov sərhəddəki son insidentləri şərh edərkən deyib (Axar.az).

Onun qənaətincə, bu insidentlər seçkilərlə bağlıdır: “Qarabağ klanı seçkiqabağı ordu daxilindəki nüfuzundan istifadə edərək süni gərginliklər yaratmağa, bu yolla da daxili auditoriyaya təsir etməyə çalışır. Mahiyyət etibarilə baş verən gərginlik növbəti məkrli planın tərkib hissəsidir. Belə ki, Ermənistan yenidən münaqişə yaradıb, digər oyunçuları regiona gətirmək istəyir. Bildiyiniz kimi, 10 noyabr bəyanatının heç bir bəndində sərhədlə bağlı nəsə yoxdur. Rəsmi İrəvan bundan istifadə edərək sərhəddə gərginlik yaradır və birinci mərhələdə Rusiyanın sülhməramlı mandatını və müşahidəçilərini gərginlik olan ərazilərə yerləşdirməyə cəhd edir”.

Politoloqa görə, digər hədəf kimi Ermənistan bu yolla uzun müddətdir fəaliyyətsiz qalan Minsk Qrupu həmsədrlərini təzədən aktivləşdimək məramını görür. “Məsələ ondadır ki, həmsədrlər uzun müddətdir prosesə qoşulmaq istəyir. Rəsmi Bakı isə münaqişənin bitdiyini əsas gətirərək həmsədrlərin regiona gəlişini arzulamır. İrəvan bu yolla başqa gücləri bölgəyə cəlb edərək həm də Zəngəzur dəhlizinin reallaşmasını ləngitmək niyyətindədir”, - deyə politoloq əlavə edib.

Ancaq Zəngəzur dəhlizi də, 10 noyabr sənədinin digər bəndləri də reallaşacaq. Azərbaycan Prezidentinin dediyi kimi, ya xoşluqla, ya da zorla. Ermənistanın təxribatları “tarixin təkərini” geri döndərmək gücündə deyil...
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.