Azərbaycanda da vurulan peyvənddən imtina: Qərar ölkəmizdə də keçərli olacaq?

18-06-2021, 00:05           
Azərbaycanda da vurulan peyvənddən imtina:
Avstraliya hökuməti “AstraZaneca” peyvəndinin 60 yaşdan aşağı şəxslərə vurulmasını qadağan edib.
Cebhe.info xəbər verir ki, bu barədə məlumatı səhiyyə naziri Qreq Hant verib. Nazir bildirib ki, qərar mümkün əks-təsirdən yayınmaq üçün verilib. Artıq bununla bağlı tibbi rəy İmmunizasiya üzrə Texniki Məsvərət Qrupuna göndərilib.
İndi Avstraliyada 60 yaşdan yuxarı şəxslərə "Pfizer" peyvəndi təklif olunacaq. Avstraliyada 60 nəfərdə peyvənddən sonra əks -təsir qeydə alınmışdı. Onlardan 2 nəfər vəfat edib. 22 nəfər xəstəxanaya yerləşdirilib.
Azərbaycanda da “AstraZeneca” İngiltərə-İsveç şirkəti tərəfindən hazırlanan “Vaxzevria" vaksinindən istifadə edir. Mayın 3-dən ilkin olaraq 60 yaş və daha yuxarı şəxslər COVID-19 virusuna qarşı peyvəndlənmə zamanı İngiltərənin Oxford universitetinin istehsalı olan "Vaxzevria” vaksinindən (İstehsalçı şirkət “AstraZeneca“) də istifadə edə biləcəklər. “Vaxzevria” peyvəndinin istifadəsi Bakı şəhəri və 6 regionda - Lənkəran, Şəki, Gəncə, Mingəçevir, Abşeron və Sumqayıtda tətbiq olunacaq. Bu peyvəndin tətbiqi üçün tibb müəssisələrində xüsusi otaqlar ayrılacaq. “COVAX” platforması çərçivəsində ölkəmizə gətirilən 84 000 doza “Vaxzevria” peyvəndi insanlar arasında seçim imkanlarını artırır və vətəndaşların müxtəlif peyvəndlərə əlçatanlığını təmin edir.
Cebhe.info-ya açıqlamasında infeksionist-hepatoloq Mərdan Əliyev bildirib, vaksinlərə qarşı subyektiv hallar ortaya çıxır:
““AstraZaneca” ilə bağlı bəzi hallar olub. Azərbaycanda bu vaksin o qədər də kütləvi istifadə edilmir. Son vaxtlar Azərbaycana “Pfizer” və “Spuntik V” vaksinləri gətirilib. Bizdə kütləvi olaraq Sinovac şirkətinin hazırladığı “CoronaVac” vaksini vurulur. Bəzi ölkələr bu vaksinə qadağa qoysa da, nə qədər düzgün olduğu bilinmir. Düşünürəm ki, vaksinlərlə bağlı subyektiv hallar ortaya çıxır.
Deyək ki, şəxsin gizli bir xəstəliyi var və bu vaksin vurulandan sonra bu, ortaya çıxır. “AstraZaneca” son texnologiyalar vasitəsilə istehsal olunub. Son texnologiya ilə “Pfizer” və “Moderna” vaksini də hazırlanıb. Son zamanlar çıxan bir üsul var ki, virusun məlumat RNA-sı götürülür, digər zərərsiz virusa köçürülür və həmin virus insan bədəninə vurulur. Vurulan virus da bədəndə antigen yaradır. Əslində yaxşı bir metoddur. Bizdə kütləvi istifadə edilən “SinoVac” vaksini isə ənənəvi üsullarla hazırlanıb”.
Əbülfət Baxşəli
Cebhe.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.