“Kreml sabiqlərdən ibarət müxalifətə yaşıl işıq yandırdı” – GERORGİ VANYAN
19-06-2021, 10:31
Görünən odur ki, Rusiyanı Nikol Paşinyanın partiyasının Ermənistandakı seçkilərdə qələbəsi həqiqətən maraqlandırmır. Dolayısı ilə bunu İrəvandakı KİV-lərin yaydığı - Vayots Dzorda keçirilən seçkiöncəsi mitinqdə Baş nazir əvəzi Nikol Paşinyanın çıxışı da sübut edir. O, “Gazprom Armenia” müəssisəsinin rəhbərliyinin öz işçilərini müxalifət mitinqlərinə təşviq etdiyini söyləyib.
Paşinyan rəhbərliyin onları bu cür mitinqlərə getməyə məcbur etdiyi barədə məlumat təsdiqlənərsə, “Qazprom Armenia” işçilərini cinayət məsuliyyəti ilə hədələyib. Bildirib ki, şirkət rəhbərliyinin işçiləri mitinqlərə getməsinə məcbur etməsinə, ya da 20 iyunda keçiriləcək parlament seçkilərində kimisə seçməyə məcbur etməsinə dair bir çox siqnal var.
“Əgər belə faktlar varsa, onlarla məşğul olacağıq. Ümid edirəm, bu faktlar təsdiqlənməyəcək, çünki təsdiqlənərsə, başqa bir şey ifadə edəcək. Bunun çox ağır nəticələri olacaq”, - deyə Nikol vurğulayıb.
Paşinyan bu cür fəaliyyətlə məşğul olan hər hansı bir işçinin, ən azından 15 iyul tarixinə qədər işdən çıxarılacağını deyib və cinayət məsuliyəti barədə də xatırladıb: “Başa düşmürəm, “Gazprom Armenia” Ermənistan hökumətinə və xalqına qarşı işləyə bilərmi? Bu barədə düşünməmələri üçün də onları qrup halında, dəstə-dəstə mühakimə edəcəklər”.
Bu şirkətin kimə məxsus olduğu aydındır. Seçkilərə çox az qalıb. Belə çıxır ki, Moskva bu seçkilərdə başqa qüvvələrə kömək etməyə çalışaraq, iz qoymağa başlayır? Bir vaxtlar hamı müharibədən sonrakı reallıqlarda Rusiyanın da Nikoldan kifayət qədər razı qaldığını söyləyirdi. Nə dəyişdi? Artıq yaramır? Niyə? İndi Kreml üçün kim daha yaxşıdır və hansı səbəblərdən?
Baş verənləri AYNA-ya tanınmış erməni hüquq müdafiəçisi, “Tekali” Vətəndaş Sülhməramlıları Assosiasiyasının sədri Georgi Vanyan şərh edib:
“Kremlə indi Ermənistanda öz yalanlarına batmış zəif bir hakimiyyət lazımdır. Kreml Ermənistanda müharibədəki məğlubiyyətdən sonra meydana gələ biləcək demokratikləşmə proseslərini cilovlamaq və qarşısını almaq üçün sabiqlərdən ibarət müxalifətin yaranmasına yaşıl işıq yandırdı. Bu ibtidai yol ölkədəki siyasi həyatın yenilənmə ehtimalını bağladı.
Ermənistanın bütün həyati sahələrdə - enerji, iqtisadi, hərbi, ideoloji cəhətdən Rusiyaya bağlı olduğu sirr deyil və yaxın gələcəkdə daha bir sahənin - beynəlxalq kommunikasiyanın da Rusiyaya təslim ediləcəyi planlaşdırılır. Təəssüf ki, bu asılılıq Baş nazir postuna namizədlərdən heç biri tərəfindən ləğv edilə bilməz. Ermənistanda bu asılılığı poza biləcək heç bir siyasi qüvvə yoxdur. İstənilən Baş nazir Moskvaya yarayır.
Putinin özünə bənzərlərlə işləməyi üstün tutduğu fikri bir xəyaldır. Bərabər tərəfdaşlığa gəldikdə, bu, doğru ola bilər. Və bizim vəziyyətimizdə, Ermənistanla Rusiya arasındakı münasibətlərin dəyişdirilməsi ehtimalı “ya eşşək, ya da sahibi öləcək” atalar sözü ilə xarakterizə olunur.
Seçkiöncəsi proseslərə nəzər yetirsək, Putindən səviyyəsindən 2-3 qat aşağı səviyyəyə, oliqarxik qruplaşmalar səviyyəsinə, Rusiya məmurları səviyyəsinə enməlisiniz. Bu dairələr özlərini zənginləşdirmək üçün yeni situasiyanı tez bir zamanda “mənimsəməyə” maraq göstərirlər. Köçəryanın bu dairələrlə daha çox əlaqəsi var, bunlardan istifadə edir. Amma, eyni zamanda, ondan da necə lazımdırsa, istifadə edirlər”.