Ermənistanın Azərbaycana ödəyəcəyi təzminatın miqdarı – AĞILASIĞMAZ RƏQƏMLƏR
19-06-2021, 19:18
Ermənistan müharibələr və işğal dövründə Azərbaycana yüz milyard dollararla ziyan vurub.
Bunu Bizim.Media-ya açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib:
“Burada həm faktiki dağıdılmış infrastuktur, daşınmaz əmlak, işğal zamanı istifadə olunmuş təbii resurslar, təbiətə dəymiş ziyan var, bir də işğal olmasa idi Azərbaycanın həmin torpaqlardan götürəcəyi gəlir məsələsi var. Onları üst-üstə toplasaq, yüz milyard dollarla ziyandan söhbət gedir. Təbii ki, bu məsələdə dəqiq rəqəm söyləmək çətindir”.
İqtisadçı bildirib ki, Ermənistana qarşı həm ziyan çəkmiş vətəndaşların kütləvi müraciətləri, həm də dövlət xətti ilə müraciətlər olmalıdır:
“Bildiyim qədər vətəndaşların müraciətləri başlanıb ki, onların arasında 44 günlük müharibə zamanı Bərdəyə, Gəncəyə atılan raketlərin nəticəsində zərər çəkənlər də var. Dövlət xətti ilə Ermənistanın vurduğu ziyanla bağlı beynəlxalq hüquq çərçivəsində işlərin aparılması daha çətindir. Buna böyük resurslar ayrılmalı, peşəkar hüquqşünaslar komandası çalışmalıdır. Bu məsələ uzun illər çəkə bilər – bəlkə 10, bəlkə də 15 il zaman tələb edə bilər. Amma bu o demək deyil ki, Azərbaycan bu məsələdən vaz keçməlidir”.
Natiq Cəfərli qeyd edib ki, beynəlxalq məhkəmələrdə iddianın qəbul olunması belə Azərbaycan üçün ciddi uğur hesab oluna bilər ki, kompensasiya məsələsi hər zaman Ermənistanın üzərindən “Domokl qılıncı” kimi asılıb qalsın.
Qeyd edək ki, iqtisadçı Elşad Məmmədov da yerli mətbuata açıqlamasında bu məsələyə toxunub:
“Ermənistana qarşı hüquqi müstəvidə təzminat iddiası qaldırılmalıdır. Azərbaycan tərəfi bu prosesdə son nəticəyə qədər iştirak etməlidir. Burada ən mürəkkəb məsələ hüquqi müstəvidəki təmsilçilərin ikili standartlara bir çox hallarda yol verməsi, eləcə də prosesin ləngiməsinə görə çəkişmələrin olması və hesablamalardakı dəqiqliklə bağlı ola bilər. Bütün hallarda Azərbaycan sona qədər mübarizə aparmalı və Ermənistan tərəfindən təzminatı almalıdır".
Əlavə edək ki, hələ 2018-ci ildə, Hərbi Prokurorluğun Xüsusi istintaq şöbəsi tərəfindən açıqlanan bir məlumata görə, Ermənistanın ölkəmizə vurduğu ziyan 100 milyard dollarla ölçülə bilər:
“Ermənistanın işğalı nəticəsində Azərbaycan dövlətinə və vətəndaşlarına dəymiş maddi zərərin məbləğinin beynəlxalq standartlara əsasən müəyyən edilməsi məqsədilə kompleks məhkəmə ekspertizası təyin edilib. İlkin hesablamalara görə, dəymiş maddi ziyan 818 milyard 880 milyon ABŞ dolları təşkil edir”.