Azərbaycanda isti havada iş yox, yoxlama dayandırılıb: - “Etiraz edən olsa, o dəqiqə qovacaqlar”

22-06-2021, 15:45           
Azərbaycanda isti havada iş yox, yoxlama dayandırılıb: -

Azərbaycanda isti havada iş yox, yoxlama dayandırılıb: - “Etiraz edən olsa, o dəqiqə qovacaqlar”
Tarix: Bu gün, 12:41 | Çap et
Azərbaycanda isti havada iş yox, yoxlama dayandırılıb:
Nazirlikdən verilən məlumata görə, həftə ərzində ölkə ərazisində hava şəraitinin anomal isti keçəcəyi, havanın temperaturunun Bakıda və Abşeron yarımadasında 35-39, iyunun 24-25-də Bakı şəhərinin bəzi ərazilərində 40-42, respublikanın rayonlarında 35-40, iyunun 24-25-də isə aran rayonlarında 42-44 dərəcəyədək yüksələcəyi gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə, həftə ərzində Bakıda və Abşeron yarımadasında anomal isti, günün bəzi saatlarında durğun hava şəraiti, zəif küləklərin üstünlüyü, gündüz güclü temperatur diskomfortu gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.

Nəzərə alsaq ki, ölkə ərazisində açıq havada, günəş altında işləyən xeyli sayda işçi var. Bəs bu işçilərə hansı güzəşt olmalıdır?

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 233-cü maddəsində soyuq və isti hava şəraitində fasilələr və işin dayandırılması barədə danışılır. İşçilər havanın temperaturu azı 41 dərəcə Selsidən çox olan isti və açıq şəraitli iş yerlərində və ya ilin soyuq vaxtında, temperaturu müsbət 14 dərəcə Selsidən aşağı olan örtülü, lakin isidilməyən binalarda işləyərkən onlara bu maddə ilə müəyyən olunmuş qaydada fasilələr verilir və iş dayandırılır.

Bundan başqa havanın temperaturu 41 dərəcə Selsidən çox olan hava şəraitində açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılır və işçilərə sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat katibi Aynur Osmanqızı Cebhe.info-ya açıqlamasında deyib ki, vətəndaşlar fərdi şəkildə müraciət etdikləri halda yoxlama aparıla bilər:

“Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2022-ci il yanvarın 1-dək dayandırılıb. Biz yerində yoxlamalar apara bilmirik. Dövlət Əmək Müfəttişliyinin fəaliyyəti “Vətəndaşların müraciətləri haqqında” Qanunla uyğun qurulur. Əgər vətəndaşlar bizə müraciət etsələr, biz o zaman yoxlama apara bilərək”.

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov isə deyib ki, qanunla işçi haqları qorunsa da, praktikada bu yoxdur:

“Havanın temperaturunun tənzimlənməsi mümkün olmayan yerlərdə 41 dərəcə isti olarsa, iş dayandırılmalıdır. İşə götürən bu halda ya işi dayandırmalı, ya da əlavə tədbirlər görməlidir. Əlavə tədbirlər dedikdə işçilərə qısa fasilələr verilməli, sərinləşdirici içkilər verilməlidir. Əmək Müfəttişliyinin indi yoxlama aparmaq imkanları yoxdur. Bu da işə götürənlərin insafına qalır. İşə götürənlər də insafsızlıq edirlər. Nəticədə işçilərin sağlamlığına ziyan vururlar. İşçiləri gün vura bilər, bu olmasa belə, səhhətində uzunmüddətli problemlər yaranır. Xəbərdalığa baxmayaraq, işçilər işlərinə davam edəcək. İşçilər buna etiraz etsə, o dəqiqə qovacaqlar”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.